22 Fevral 2018 12:18
2 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video ilə tanış oldum, mənə inandırıcı görünmədi.

Bu sözləri Teleqraf.com-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xarici ölkələrdən gətirilən və hazırda mağazalarda satılan düyülərin saxta, plastik düyü olduğunun sübutuna dair yayılmış videonu şərh edərkən deyib.

Onun sözlərinə görə, Çində süni düyü istehsal olunur: “O düyü müəyyən texnologiyaya uyğun hazırlanır. İnsan üçün heç də təhlükəli deyil. Amma bu düyü Azərbaycana gətirilmir. Yayılan video-materialı analiz edəndə görürük ki, yerli məhsul “Masallı düyüsü” adı ilə təqdim edilsə də, xarici düyünün özünün, istehsal şirkətinin adı çəkilmir. Guya xaricdən gələn düyülərin hamısı belədir. Tamamilə yalandır. Belə bir düyü ölkədə satılmır”.

Eyyub Hüseynov videonun müəlliflərinə də müraciət edib: “Düyünün adını çəksin, gətirsin yoxlayaq. Bir düyü varsa, onun bazardan çıxarılmasına nail olarıq”.

Qeyd edək ki, xarici ölkələrdən gətirilən və hazırda mağazalarda satılan düyülərin saxta, plastik düyü olduğunu göstərən video yayılıb. Yayılan videoda iki nəfər ayrı-ayrı qablara tökülmüş Masallı rayonunda yetişdirilmiş yerli düyü ilə xaricdən gətirilən, saxta hesab edilən düyünün qəribə üsulla tərkibini yoxlayırlar. Yerləşdirilən videoda hər iki düyünün üzərinə kimyəvi maddə tökülür.

Yerli düyünün üzərinə kimyəvi maddə tökülməsinə baxmayaraq, heç bir hadisə baş vermir. Ancaq saxta olduğu hesab edilən plastik düyünün üzərinə kimyəvi maddə töküldükdən bir qədər sonra düyü əvvəlcə tüslüləməyə başlayır, daha sonra isə rəngi tamam dəyişərək əriyir. Hətta yerləşdiyi qabı da əridir.


Müəllif: Şəfiqə Nazimqızı