22 Fevral 2018 17:29
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, birinci oxunuşdan sonra qanun layihəsinə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verən Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, sənəddə redaktə xarakterli bəzi düzəlişlər aparılıb. Əsaslı dəyişikliklər azad zonanın səlahiyyətli qurumunun hüquq və vəzifələrinə, idarə edilməsinə, developerin hüquq və vəzifələrinə, azad zonada gömrük işi, sərhəd rejimi, əmək qaydaları və mübahisələrin həlli qurumlarının qərarlarının icrasına dair maddələrdə edilib.

Azad zonada işçi dili barədə maddəyə Azərbaycan və ingilis dilləri ilə yanaşı “zərurət yarandıqda başqa dillər də” işlədilə bilər ifadəsi əlavə olunub.

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini yeni başlanğıc kimi qiymətləndirən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, qanun layihəsi kifayət qədər mükəmməl hazırlanıb, dünya təcrübəsindəki ən qabaqcıl qanunlara əsaslanıb, ölkəmizdəki iqtisadi qurumların tövsiyələri sənəddə nəzərə alınıb. Bu qanun parlamentlə hökumət arasında qarşılıqlı əməkdaşlıq nümunəsidir.

Müzakirələrdə deputatlar Əli Məsimli, İlham Əliyev, Rafael Cəbrayılov, Vüsal Hüseynov, Milli Məclis Aparatının şöbə müdiri Nizami Səfərov qanun layihəsi barədə müsbət fikirlərini ifadə ediblər. Çıxışlarda qeyd və təkliflər də səsləndirilib.

İclasda deputatları narahat edən məqamlara aydınlıq gətirildikdən sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunub.


Müəllif: Cavad