22 Fevral 2018 19:57
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeşin paytaxtı Rabat şəhərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda ölkəmizi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Hicran Hüseynova və İSESCO-nun baş direktoru Əbdüləziz Əl Tüveycrinin İSESCO-nun Baş Qərərgahında ikitərəfli görüşü keçirilib. Görüş zamanı ikitərəfli əməkdaşlığın gücləndirilməsi, eyni zamanda, Təşkilata üzv ölkələrin uşaq hüquqları sahəsində gördüyü işlər, dövlətlərin müsbət təcrübəsinin təbliği, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə edilib.

Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq hüquqlarının qorunması ilə bağlı həyata keçirdiyi təşəbbüslərin, ölkəmizdə qəbul olunmuş bir sıra uşaq proqramlarının müəllifidir. Eyni zamanda, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan uşaqlara dəstək, uşaq evlərinin, internat məktəblərinin şəraitinin təkmilləşdirilməsinə yönəldilmiş mühüm tədbirlər həyata keçirir.

Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilməsinin vacibliyini qeyd edən Hicran Hüseynova bildirib ki, 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilib.

Eyni zamanda, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılıb.

Konfransa rəhbərliyin Mərakeş Krallığına keçdiyini elan edən xanım Hicran Hüseynova bəzi müsəlman ölkələrində hələ də uşaqların müharibədən, aclıqdan, zorakılıqdan əziyyət çəkdiyini diqqətə çatdırıb, bu problemlərin həlli istiqamətində daha çox səy göstərilməsinin zəruriliyini vurğulayıb.


Müəllif: İlhamə Əbülfət