2 Mart 2018 08:43
7 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan brendi" layihəsini təqdim edirik. Devizi "Azərbaycanın brendi onun insanıdır" olan layihənin ilk insan kapitalı peşəkar ovçu kimi dünyanı fəth edən Faiq Babanlıdır. 41 yaşlı Faiq Babanlı ilə söhbət edərkən onun ruhən qat-qat yaşlı və həyat təcrübəsinin olduğu görünür. O, vaxtilə güləş və qaydasız döyüşlə məşğul olaraq böyük uğurlar qazanıb. 15 ildir ki, Safari Ov Klubu Azərbaycanın rəhbəridir. Həmyerlimiz ekstremal ovçu kimi dünyada nömrə birlər siyahısına düşüb və buna görə də dünyanın ən tanınmış ovçuları arasında onun da adı çəkilir. 80-dən çox ölkədə ov edən Faiq Babanlı daima Azərbaycanın təbliğatını aparır.

Teleqraf.com Faiq Babanlı ilə müsahibəni təqdim edir.

- Peşəkar ovçudan əsas nə tələb olunur? Yəni ovçu ova gedərkən özünün ovlanmaması üçün nəyə diqqət etməlidir?


- Ovçunun öncə güclü hissiyyatı və enerjisi, həmçinin ətrafdakı təhlükəyə ani reaksiyası olmalıdır. Bunlar ovçunun cəngəllikdə ovlanmaması üçün ən vacib faktordur. Onun ərazisinə düşəndə heyvan dəqiq bilir ki, sən haradasan. Çünki buralar onun arealıdır. Mən hər şeyi hissiyyatla görürəm. Əgər mən nəyi isə hiss etdimsə, heç kim mənim fikrimi dəyişə bilməz. İkincisi, peşəkar ovçuda böyük ürək olmalıdır. Ən vacibi də odur ki, ölüm mələyini tanımalısan. Dünyada mənim kimi vəhşi heyvan ovu edən çox azdır. Çünki ölüm qorxusu var. Mən o mərhələni çoxdan keçmişəm. Mən atıcılıqda seçilirəm, yəni hədəfi nəzərdə tutmuram. Heyvana atmaq tam başqadır, vəhşiyə atmaq tam başqa, cəngəllikdə isə atmaq tamam başqadır. Məsələn, dağda çox uzaq məsafədən bucaq altında atırsan. Peşəkar ovçu tək güllə atmaqla fəxr etməməlidir. Əvvəla, hər heyvana eyni güllə ilə atəş açmaq olmaz. Məsələn, filin gülləsi ayrıdır, şirin gülləsi ayrıdır və s. Hər heyvanın növünə görə gülləsi var.

Siz peşəkar ovçu olaraq hansı cəhətinizə görə dünyada özünüzü nömrə bir hesab edirsiniz?

- Mən özümü nömrə bir hesab etmirəm. Mənə belə deyirlər.

- Bəs nömrə birlərin arasında...

- Mən insan ayağı dəyməyən ən təhlükəli nöqtələrdə ov edirəm. Nömrə bir varsa da, hamısı o dərəcədə deyil. Dünyada tanınmış ovçular var. Cəngəlliyə isə ov üçün ancaq mən gedirəm. Çünki cəngəlliyə adam girmir. Orada sözün əsl mənasında həyat təhlükəsi var.

- Dünyada ovçuların reytinq siyahısı var. Onlar nəyə əsasən o siyahıya salınır?

- Orda müəyyən şlemlər var; qızıl şlem, brilyant şlem. Məsələn, hansısa ovçu dağkeçilərinin kolleksiyasını yığır. Onunla reytinq siyahısına alınır.

Bununla yanaşı, ovçuluqda "Dangerous game" var. Hansı ovçu Afrikanın 5 (leopard, fil, vəhşi camış, kərgədan, şir) heyvanından bir neçəsini vursa, o, dünya ovçuları arasında seçilir.

- Bəs siz hansı cəhətinizə görə həmin reytinqə düşübsünüz?

- Mən ekstremal ovçu olduğuma görə o siyahıya düşmüşəm. Həmçinin mən dediyim 5 heyvandan 4-nü ovlamışam. Təkcə qalır kərgədan. Qeyd edim ki, bu heyvanları ovlamaq üçün hər birinə görə dövlətə müəyyən məbləğdə ödəniş etməlisən. Mənim ovlarımın çoxu dünyada göstərilmir. Mən cəngəllikdə vəhşi heyvanlarla üz-üzə gəlirəm. Bunu məndən başqa heç bir ovçu etmir. Hər kəs ovdan bir cür adrenalin alır. Mən də ekstremal şəraitdəki ovlarımdan adrenalin alıram...

- Adətən, sizin kimi ölümün gözünə dik baxan insanlara deyirlər ki, şir ürəyi yeyib. Baxıram ovladığınız heyvanların arasında şir də var. Siz ovladığınız hansısa şirin ürəyini yeyibsizmi?

- Əlbəttə, çox yemişəm. Həqiqətən, şirin yeyiləsi bir yeri varsa, bu da ürək əzələsidir. Yəni mən onu yeməmişəm ki, özümə güc gəlsin. Sadəcə, dadlı olduğuna görə yemişəm.

- Ümumiyyətlə, şir ürəyi yeyəndən sonra insan, həqiqətən də özündə hansısa güc hiss edirmi?

- Mən hiss etmirəm (gülür). Amma mən ölümdən qorxmayaraq şirlə qarşılaşıb onu ovlayarkən özümdə bu gücü hiss edirəm.

- Dünyada vəhşi heyvanları sizin kimi cəngəllikdə ov edən təxmini neçə ovçu var?

- Ora gedən adamları mən görürəm və onları bütün dünya tanıyır. Amma onların hamısı bir dəfə gedir. Mən isə onların getdiyindən daha da dərinliklərə, təhlükələrin olduğu yerlərə gedirəm. Məni daha çox özünə çəkən Amazon cəngəlliyidir. Ruhən ora çox bağlıyam. Mənə lazımdır ki, cəngəlliyin içərisində nə olduğunu görüm. Dünyanın ən ucqar və çətin keçidləri olan yerlərində ov etmişəm. Amma Amazon cəngəlliyi tamam başqa bir aləmdir.

- Amazonda ov etməyin nə kimi özəlliyi var?

- Ölüm qorxusunun olması. Oranın özünəməxsus atmosferi var. Ölüm qorxusunun olması insanda yüksək məsuliyyət tələb edir. Bunu hər an hiss edirsən. Hiss edirsən ki, təbiət səni sıxıb çıxartmaq istəyir. Orada ovun vaxt məhdudiyyəti yoxdur. Cəngəllikdə yatmaq olmaz. Hər an ovlanmayasan deyə, daim ayıq olmalısan. Məsələn, mən ora gedəndə bəzən elə olur ki, 4-5 sutka yatmıram.

- Bəs Azərbaycanın təbliğatını necə aparırsınız?

- Hər bir ölkədə ov aləmində tanınmış şəxsiyyətlər var. Mən onlarla görüşəndə Azərbaycan haqqında da danışıram. Azərbaycanın xaricdə təbliğatı mənim üçün vacibdir. Mən ova gedəndə hər kəsə üzərində Azərbaycanla bağlı yazılar olan köynəklər geyindirirəm. Ayrıca hara ova gedirəmsə, ora Azərbaycanın bayrağını sancıram. Mənə deyirlər ki, bura gələn yoxdur deyə, bayrağı görən olmayacaq. Mən də deyirəm ki, vertolyotla uçanların görməsi üçün bayrağı burada sancıram. Yəni dünyanın ən tanınmış insanlarının ov üçün gəlib-gedə bilmədiyi əlçatmaz yerə məhz azərbaycanlı gedir və orada Azərbaycanın Dövlət bayrağı dalğalanır. Bununla yanaşı, kampımın üzərində də hər zaman Azərbaycan bayrağı asılır.

- Dünya şöhrətli ovçuları Azərbaycana gətirə bilirsinizmi?

- 15 ildən artıqdır ki, dünya şöhrətli insanlar mənim dəvətimlə Azərbaycana leqal ova gəlir və qonağım olurlar. Elə son gələnlərdən biri İsveç futbolçusu Zlatan İbrahimoviç idi. Yəni dünyada başqa tanınmış çox insanlar var ki, Azərbaycanda gəlib ov edirlər. Bu insanlar bizi sayıb gəlirlər. O adam keyfiyyətlidir ki, onun çoxlu əlaqələri var. Hər insan harasa gedəndə bilməlidir ki, kimin yanına gedir. Əgər onun kalibri dəvət edən adamla eynidirsə, bu dəvəti qəbul edir. Biz özümüz də xaricdə harasa dəvət ediləndə bu kimi məsələlərə xüsusi diqqət edirik. Yəni bizi dəvət edən dünya şöhrətli adamdırsa, onun beynəlxalq arenada xüsusi çəkisi varsa, onun dəvətini qəbul edib gedirik.

- Bildiyimiz kimi, Azərbaycana turist axını gücləndikcə, turizm sahəsi üzrə yeni istiqamətlərin yaranması zərurətə çevrilir. Azərbaycanda ovçuluq turizmini inkişaf etdirmək üçün əlverişli şərait varmı?

- Ölkəyə turist axınını artırmaq üçün ov birinci vasitədir. Azərbaycanda ovçuluq turizmini inkişaf etdirmək olar, amma bu iş hökmən dövlət nəzarəti altında olmalıdır. Çünki ov hər hansı heyvanın qırılıb yox olmasına gətirib çıxara bilər. Keniyanı misal çəkim. Keniyada ov etməyə icazə verilmir. Heyvan çoxdur, amma ov yoxdur.

Peşəkar ovçu hər qarşısına çıxan heyvanı vurmur. O seçib heyvanın ən qocasına güllə atır. Xaricdən gəlib ev etmək istəyən qonağı biz müşayiət edirik. Biz ona istiqamət veririk ki, hansı heyvanı vurmaq olar və ya olmaz. Biz özümüz də hansısa ölkəyə gedəndə ov üçün hər heyvan növündən asılı olaraq rəsmi lisenziya alaraq ödəniş edirik.

- Elə heyvanlar var ki, onların sayı lazım olandan daha çoxdur və ovlanması vacibdir. Azərbaycanda təbiətə ziyan verən belə heyvanlar varmı?

- Buna misal olaraq deyim ki, canavarların Azərbaycanda təhlükəsi var. Eyni zamanda çaqqalların və yenotların da azaldılması mütləqdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin verdiyi məlumata görə, canavarlar maralları və dağkeçilərini yeyirlər. Bu da həmin heyvanların təbii artımının qarşısını alır. Canavarları da tələ qurmaq və ya zəhərli dərmanlarla yox, ancaq ov üsulu ilə azaltmaq olar. Çünki ovçu gözlə görüb vurur.

- Azərbaycanda ovçuların peşəkarlaşmasına nə dərəcədə ehtiyac var?

- Azərbaycanda ovçuluq tam dövlət nəzarəti altında olmalıdır. Bizim əsas məqsədimiz Azərbaycanda pərakəndə ovçuluq məsələsini aradan qaldırmaqdır. Buna görə də Azərbaycanda ovçuların peşəkarlaşmasına çalışırıq. Həmçinin Azərbaycandan xaricə ov təşkil edirik. Həmkarım Asif İlyasovla birgə real ov filmləri çəkib dünyaya yayırıq. Bütün dünya bizi Safari Ov Klubu Azərbaycan (safari.az) adı ilə tanıyır.

Biz müxtəlif beynəlxalq ov cəmiyyətlərinin tədbirlərində iştirak edirik. Fəaliyyətimiz dəfələrlə qiymətləndirilib. Elə bu günlərdə ABŞ-da Beynəlxalq Ov Cəmiyyəti tərəfindən təltif edildik.

- Sizin ovçuluq sahəsində müəlliminiz olubmu?

- Mənim bir müəllimim olub, o da həyatdır. O məni möhkəm döyüb. Şəxsi mənafe və şöhrəti düşünmədən həyatımı sürmüşəm. Etdiyim işlərin nəticəsində dünyanın müəyyən dairələrinin diqqətini çəkmişəm. Buna görə də dünya məni tanıyıb. Bilirsiz, bizim daxilimizdə hər şey var. Biz, sadəcə, ondan tam istifadə edə bilmirik. Ona görə də gərək insan adlı mexanizmi işlətməyin ustası olasan. Allah insanı ideal yaradıb. Buna görə də insan çox böyük məxluqdur. Hər şey insanın anlamından asılıdır. Mənim üçün insanın əsas şəxsiyyəti önəmlidir.

- Siz ovçuluqdan nə kimi mənəvi zövq alırsınız?

- Ovçuluq mənim daxili qidamdır. Mən əsas vaxtımı daxilimi nizam-intizama salmağa və enerji balansımı qorumağa sərf edirəm. Mən vaxtdan istifadə edib öz daxilimi enerji ilə yükləyirəm. Bütün bunları mən ovçuluqla edirəm.

- Sizin üçün əlçatmaz olanı edibsinizmi? Yəni ovçu olaraq öz istəyinizə çatıbsınızmı?

- Mən hər zaman qarşıma ən çətin hədəflər qoymuşam və bu hədəflərə maksimum dərəcədə çatmağa can atıram. Bəli, mənim üçün əlçatmaz olanı çoxdan etmişəm. Və mənim etdiyimi hər ovçu edə bilməz…

- Növbəti ovunuzu harada etməyi planlaşdırırsınız?

- Ov edilməyən yerlərə dəvət almışıq. Planımız Yeni Qvineyaya getməkdir. Mən oxla da yaxşı atıram. Yeni Qvineyada adamyeyən qəbilələr var. Onlarla ov edəcəm.

- Dünyanın Azərbaycana marağını artırmaq üçün nə etmək lazımdır?

- Dünyanın Azərbaycana marağını artırmaq üçün insan faktoru məsələsi önə çəkilməlidir. Yəni azərbaycanlılar öz qəhrəmanlıqlarını ölkə daxilində deyil, xaricdə göstərməlidirlər. Çünki ölkə daxilində onu kimsə görmür. Xaricdə bütün sahələrdə tanınmış şəxslərin sayı artmalıdır. Ölkənin qiyməti onun şəxsiyyətlərinə görə verilir. Mən 80-dən çox ölkədə olmuşam və bütün qitələrdə ov etmişəm. Ovladığım heyvanların vətənimdə yaratdığım şou-rumda canlı obrazlaşdırılmış kolleksiyasını etmişəm. Biz bu işə bir neçə ölkənin mütəxəssislərini cəlb edirik. Bununla cəngəlliklərin reallığını göstərirəm. Bura gələnlər gördüklərinə heyran olurlar. Nəzərə alın ki, ovçuluq yüksək sferadır. Dünyaya göstərmək istəyirik ki, Azərbaycanda da bu sahəyə uyğun şəxsiyyət var. Xaricdə soydaşlarımız Azərbaycanda da belə işlərin görülməsi haqqında fəxrlə danışa bilərlər. Demək, bütün iş həll olunub. Yəni artıq biz varıq. Bir günə 10 ilin işini görürük. Çünki biz Azərbaycan üçün yetişmişik. Bir ölkənin hər hansı sahəsi üzrə insanının tanınması, bu ölkənin dünyada tanınması deməkdir.

Qeyd: İnsan kapitalı üzərində brendləşməyə xidmət edən “Azərbaycan brendi” (Brand of Azerbaijan) layihəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf və Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadə tərəfindən könüllü olaraq icra edilir. Layihənin məqsədi insan kapitalı faktorunu önə çəkmək, müxtəlif sahələrdə uğur əldə edib dünyaya səs salan azərbaycanlıları yerli və xarici ictimaiyyətin nəzərinə çatdırmaqdır.


Müəllif: Şəfiqə Nazimqızı