7 Avqust 2014 16:44
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb. Ali təhsil məktəblərinə müsabiqədə 35995 abituriyent iştirak edib. Onlardan 33623 nəfəri ali təhsil müəssisələrinə qəbul olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısını “Abituriyent” jurnalının 7-ci sayında dərc edəcək.

Ayrı-ayrı universitetlərə qəbul olanların statistikası barədə tam məlumat olmasa da Bakı Dövlət Universiteti facebook səhifəsində BDU-nu seçən abituriyentlərə müraciət edərək qeydiyyatdan keçmək üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb. Sənəd qəbulu avqust ayının 8-dən 18-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 900 -1700–dək BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçiriləcək.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimlinin bildirdiyinə görə, bu tədris ilində jurnalistika ixtisasına qabiliyyət imtahanı verilməklə əlaqədar universitetə tələbə qəbulunda dəyişiklik olacaq: “Hər il universitetə 4000-4500 tələbə qəbul olunur. Bu il isə jurnalistika ixtisası ilə əlaqədar qəbulda azalma gözlənilir”.

TQDK iyulun 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirərkən, imtahanda iştirak etmək hüququ qazanmış 441 abituriyentdən 315 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 126 abituriyentdən isə 51-i məqbul qiymət alıb. Onlardan 45-i Azərbaycan, 6-sı rus bölməsinin abituriyentləri olub. 51 abituriyentdən isə 47 nəfər ixtisas seçimində iştirak edib.

Pərvanə İbrahimova bildirdi ki, 47 abituriyentdən isə 40-ı BDU-nu seçib. BDU-nun jurnalistika ixtisasına isə qəbul planı 110-dur.

SEVİL


Müəllif: