14 Mart 2018 13:40
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:20

Bakı şəhərində Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov, Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstanın baş nazirinin müavini, Xarici İşlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan-Türkiyə-İran-Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ikitərəfli və üçtərəfli əsasda olan əməkdaşlığı tamamlayaraq dördtərəfli əsasda region ölkələri arasında regional sülh, sabitlik və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi, nəqliyyat, enerji, turizm, mədəniyyət və digər qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, 2017-ci ilin 6 sentyabr tarixində Bakı şəhərində Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, 20 dekabr tarixində isə Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

***

Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü regionda təhlükəsizlik və sabitliyin təmin edilməsinə, ölkələr arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin Bakıya səfərini şərh edərkən deyib.

“Ümid edirəm ki, bu təşəbbüs ölkələrin mənafelərini təmin edəcək. Biz bu əməkdaşlığın regionun digər xalqları arasında dinc yaşayışın təmin edilməsinə töhfə verəcəyinə inanırıq. Bu iclasda dörd ölkəni maraqlandıran siyasi məsələlər, o cümlədən regiondakı vəziyyət, qanunsuz narkotik dövriyyəsi ilə mübarizə, regional təhlükəsizlik, ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunacaq”.

Qeyd edək ki, Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzenin iştirakı ilə Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.


Müəllif: Teleqraf.com