16 Mart 2018 08:46
1 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Turizm Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi son illər çox böyük sürətlə inkişaf edir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, aparılan proqnoz və planlaşdırmaya əsasən, bu sahə 2019-20-ci illərdə daha da inkişaf edəcək:

“Turizm üzrə strateji yol xəritəsində göstərildiyi kimi 2020-ci ildə Bakı, 2025-ci ildə isə Azərbaycan dünyanın ən məşhur 20 turizm məkanından birinə çevriləcək. Bunun üçün çoxlu işlər görmək lazımdır.

Kütləvi turizmi inkişaf etdirmək üçün Xəzər dənizinin potensialından istifadə etmək planlaşdırılır. Yeni turizm növləri yaratmalı, yeni marşrut xətləri istifadəyə verməliyik.

Bu il turizmin inkişafına töhfə verən işlərdən biri də lisenziyanın ləğv edilməsi oldu. Bu, kiçik və orta sahibkarlığın inkişaf etməsinə təkan verdi.

Eyni zamanda Prezident İlham Əliyevin sərəncamı ilə “Turizm peşəsi” günü təsis edildi. Turizm sahəsi üzrə mütəxəssislər dövlət mükafatlarına layiq görüldülər. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Turizm” fəxri nişanı təsis olundu. 2006-cı ildə Azərbaycan Turizm və Menecment Universiteti yaradıldı. İldən-ilə tələbə və kadrların sayı artır”.

Müzəffər Ağakərimov bildirib ki, Turizm Assosiasiyası, eləcə də Azərbaycan Turizm və Menecment Universiteti nəzdində “Ekskursiya bələdçiləri” kursları fəaliyyət göstərir:

“Assosiasiyanın bir çox xarici ölkələrdə nümayəndəlikləri fəaliyyətdədir və ölkəmizin turizm potensialını təbliğ edirlər. Bizim assosiasiya müxtəlif ölkələrə və o ölkələrdən Azərbaycana turlar təşkil olunur. Turizmin təbliği üçün sərgilər təşkil edilir. Bu yaxınlarda Hindistanda Dehli şəhərində də turizm sərgisi keçirildi və turizm şirkətləri orda çox fəal iştirak etdilər”.

Müzəffər Ağakərimovun sözlərinə görə, nəinki Bakıda, hətta regionlarımızda da turizm infrastrukturu inkişaf edir: “Rayonlarımızın hamısında yüksək keyfiyyətli otellər tikilib. Rayonlarda, o cümlədən Qusar, Quba, Şəki, Şamaxı, Masallı, Lənkəranda turistləri çox gözəl qəbul edib, yola salmağa şərait var”.


Müəllif: Şəfiqə