16 Mart 2018 11:03
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərişıq ASC-nin “ASAN” xidmət və “ASAN” kommunal vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha biri əlavə olub.

ASC-dən Teleqraf.com-a verilən məlumata görə, bu gündən etibarən ölkədəki bütün “ASAN” xidmət və “ASAN” kommunal mərkəzlərində “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu” adlı yeni xidmət fəaliyyətə başlayır.

Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu üçün tələb olunan sənədlər - ərizə, müraciət edənin şəxsiyyət vəsiqəsi, arayış (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsdiqi ilə), arayışda qeyd olunan şəxslərin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnaməsi və ya ölüm haqqında şəhadətnaməsidir.

Yeni xidmət ödənişsiz olacaq və xüsusi araşdırma tələb olunan hallarda 5 gün, olmadıqda isə 1 gün ərzində təmin ediləcək.

Bu xidmət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərişıq ASC-nə təqdim etdiyi siyahıda adı olan şəxslərə şamil edilir.

Beləliklə Azərişıq ASC-nin “ASAN” xidmət və “ASAN” Kommunal vasitəsi göstərdiyi 10 xidmət, bu gündən etibarən 11 xidmət olur.

Həmin xidmətlər isə əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu adlı xidmətlərdir.


Müəllif: İlhamə Əbülfət