16 Mart 2018 11:22
2 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2018/2019-cu tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edir.

FHN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, akademiyada “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Təhsil müddəti 4 ildir. Təhsil dövlət sifarişi əsasında ödənişsiz əsaslarla əyani şöbədə həyata keçirilir. Tədris Azərbaycan dilində aparılır.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş Təlim mərkəzi, ixtisaslaşdırılmış auditoriyalar, laboratoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsinə verilir.

Akademiyanın məzunlarına ixtisaslar üzrə “bakalavr” ali-peşə ixtisas dərəcəsi və ilkin zabit rütbəsi verilir. İlkin zabit rütbəsi verilmiş məzunlar FHN-in müvafiq struktur qurumlarında uyğun vəzifələrə təyin olunurlar.

Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.

Akademiyaya qəbul olmaq istəyən namizədlər boyu 170 sm-dən az olmayan, 17 yaşı 15 sentyabr 2018-ci ilədək tamam olmaqla orta məktəbin buraxılış sinfində oxuyan və yaxud müddətli həqiqi hərbi xidmətini başa vurmuş 23 yaşı 15 sentyabr 2018-ci ilədək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

Sənədlər sənəd qəbulu komissiyası tərəfindən aprel ayının 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi-8) qəbul edilir. Daha ətraflı məlumatı FHN-in və Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytlarından ala bilərsiniz.

FHN-in sənəd qəbulu komissiyasının əlaqə telefonları:

(012) 512-41-61; (012) 512-41-20.


Müəllif: Teleqraf.com