16 Mart 2018 19:13
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

VI Qlobal Bakı Forumu çərçivəsində “Kapitalizm: İqtisadi inkişaf ətraf mühitin deqradasiyasına ziddir?” mövzusunda panel keçirilib.

Teleqraf.com xəbər verir ki, panel Dünya Bankının sabiq baş məsləhətçisi Nadereh Çamlounun moderatorluğu ilə baş tutub.

Tədbirdə çıxış edən Ekvadorun sabiq prezidenti Rosaliya Arteaqa Serrano bildirib ki, elm dünya əhalisinin artımını qiymətləndirmək və yeni islahatları nəzərə almaq lazımdır: "Məsələn əvvəllər düşünürdük ki, su tükənməzdir, suyu ehtiyatla istifadə etməliyik. Bəşəriyyət fərqli problemlərə çıxış yolu tapır. Lakin bəzi problemlərə baxanda, görürük ki, bizim gücümüz azdır. Mən elmin və texnologiyanın önəmini vurğulamaq istəyirəm. Bunlarla biz problemləri həll edə bilərik".

Bosniya və Herseqovina baş nazirinin müavini, Xarici iqtisadi münasibətlər naziri Mirko Saroviç isə çıxışında deyib ki, indiki dövrün insanları təbii resurslardan nəzarətsiz şəkildə istifadənin qurbanlarıdır: "Bosniya və Herseqovinanın bununla bağlı çox ağır təcrübəsi olub. Aİ ölkələrindən dərs öyrənib. Ölkəm son zamanlar ətraf mühitlə bağlı sənədlər qəbul edib və bunlar dayanıqlı inkişaf məqsədlərinə uyğundur. Təbiətə qarşı hər bir zorakılıq bizə geri qayıdır. Buna görə ətraf mühitə təsiri qiymətləndirməliyik. Dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün əhali ətraf mühitlə birgə yaşamağı öyrənməlidir".

Yeni Zelandiyanın keçmiş baş naziri Ceyms Bolger isə problemlərin həllini yeni texnologiyalarda gördüyünü bildirib: "Ətraf mühit üzrə təşkilatların qarşımıza qoyduğu məsələ əhalinin artımıdır. Bu da ətraf mühitə təzyiqlər yaradır. Ekologiyanı təmiz saxlamaqla, ətraf mühiti qorumaqla, məqsədlərimizə nail ola bilərik".

Moldovanın sabiq baş naziri Zinaida Greccani bildirib ki, ölkəsində mütəmadi olaraq tullantılara nəzarət həyata keçirilsə də, problem qalmaqdadır: “Bu gün Moldovada əsas problem su problemidir. Dnestr çayı Moldova və Ukrayna sərhədlərindən keçir. Onun üzərində qurulan elektrik stansiyasının fəaliyyəti çayda olan balıqların, mikroorqanizmlərin sayını azalıb. Bununla bağlı rəsmi Kiyevə müraciət edib təsir göstərilməsini istərdik".

Fransanın keçmiş iqtisadiyyat naziri Edmond Alfanderi isə deyib ki, bazar iqtisadiyyatı ölkələrində qiymətlər ehtiyacları müəyyənləşdirir: "Ətraf mühitin çirklənməsinin planetə təsiri böyükdür. Planet bununla qarşı-qarşıya gələ bilmir. Əhalinin sayının artması ilə ehtiyaclar artacaq. İqtisadi inkişaf çox yaxşıdır, lakin qarşımızda duran çətinlikdir. Karbon tullantıları ətraf mühitin çirklənməsinin 50 faizini təşkil edir. Karbon qiymətlərini artırsaq, elektrik enerjisi istehsalını azaldacağıq. Buna görə də diqqət bərpa olunan enerjiyə yönələcək".

Niderlandın keçmiş baş naziri Vim Kok bildirib ki, gənclərin, uşaqların gələcəyi indiki nəslin əlindədir: "Yeni düşüncələrə ehtiyac var. İqtisadi inkişafla təbiətin qorunması arasında hansısa ziddiyyət var. Əsas məsələ odur ki, iqtisadiyyatı necə qura bilərik ki, müsbət tərəfləri birləşdirək və xalqlarımıza töhfə verək, ekoloji izləri azaldaq. Bunu etmək mümkündür".

Panel müzakirələrlə işini yekunlaşdırıb. (APA)


Müəllif: Teleqraf.com