17 Mart 2018 08:47
3 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ərəfəsidir. Hamı bayram süfrəsi üçün hazırlıq görür, bazara, yarmarkalara üz tutur. Düzdür, xoş ovqat təkcə yeməklə başa gəlmir, amma bizim adət-ənənələrdə bol süfrə bayramın əsas atributu sayılır.

Bu ərəfədə alış-verişin vəziyyətini, qiymətləri öyrənmək üçün əvvəlcə paytaxtdakı “Yaşıl bazar”a üz tutduq.

Bu il keçdim səməniyə...

Doğrusu, bazar elə də tünlük deyildi, alıcı gözə az dəyirdi. İlk olaraq girişdə Novruz bayramının atributu olan səmənilərin qiyməti ilə maraqlandıq. Ürək, buta və sair formalarda səmənilər satılır. Qiymətlər həcm və bəzəyə görə dəyişir. Kiçik səmənilər 3-5, daha böyük və üzərində göyərçin oyuncağı olanlar isə 7-15 manatdır.

Eldar Bəşirov deyir ki, bu il ilk dəfə səməni satır:

“Ətrafımdakı insanlar məsləhət gördülər ki, bayramda səməni yaxşı gedir. Mən adətən, mer-meyvə satıram, amma bu il qohum-tanış sözünə qulaq asıb, keçdim səməniyə... Hələlik 200 manat zərər eləmişəm. Gələn il belə səhvə yol vermərəm. Artıq neçə səməni saralıb. Satılmayanlar bayramdan sonra zibilə qabına atılacaq”.

Yumurta bəzəmək üçün xüsusi kağızlar 20-50 qəpiyədir. Bayram xonçasının bəzəyi olan şamlar isə 1-2 manat arası dəyişir.

Keçdik meyvələrin qiymətinə. Qabıqlı qoz 8-10, fındıq 8, kişmiş 8-15, xurma 7-25, qurudulmuş xurma 4, şabalıd 12, fındıq ləpəsi 15-20, qoz ləpəsi 14-28, innab 8-10, badam 20-30 manatdır.

Meyvə quruları satan Rasim deyir ki, məhsulların satışı adi günlərdən fərqlidir:

“Qiymətlər demək olar ki, ötən ildəki kimidir. Həftəiçi alıcı az gəlir, amma həftəsonu alver edə bilirik. Son 2 ildə burada alver çox zəifləyib. Deyirlər, yarmarkalarda ucuzluqdur. Hamı bazara baş çəkmədən orada alış-veriş edir.

Düzü, bayram günlərində biz də qiymətləri 50 qəpik, 1 manat bahalaşdırırıq. Beş-on manat biz də qazanmaq istəyirik... ”

Dənəsi 2 manata

Meyvə-tərəvəz satılan yerdə də qiymətlər fərqlidir. Almanın kilosu 2- 2,50, heyva 2-4, Qızıl Əhmədi almasının kilosu 3-5, armud 3-5, naringi 3-3.5, kivi 3, ananas 7, nar 5-8, üzüm 6-8, çiyələk 5, mini banan 5 manatdır.

Satıcılar bazardakı alıcı qıtlığından, alıcılar da qiymətlərin bahalığından gileyləndilər.

Alıcı Rəna deyir ki, qiymətlər adi günlərdən xeyli bahadır: “Bayramda insanlar məcbur qalıb, alver edəcəklər deyə qiyməti qaldırırlar. Düzgün deyil. Onsuz da mal satan adam gətirdiyi malın üzərinə pul qoyur. Ancaq bir az insaflı olsunlar. Mən qabıqlı qoz-fındığı keçən ay almışam. İndi qiymətdə 2 manat fərq var. Ləpə, meyvə almağa gəlmişəm. Pulum çatan qədər alacam”.

Bazarda təmizlənmiş hazır toyuq 6-7, kənd yumurtasının qiyməti isə 25-30 qəpikdir.

Bostan məhsullarının satışı ilə də maraqlandıq. Zirə pomidoru 4, Şəmkir pomidoru 3, xiyar 2.50-3 manata təklif olunur. Bibərin isə dənəsi 2 manatdır.

“Yaşıl bazar”da balın qiymətinə də baxdıq - 25-30 manat.

Kənd məhsulları satan Yeganə xanım da alıcı qıtlığından şikayətləndi:

“Onsuz da adi günlərdə alver zəif olur. Yarmarkalar açılandan bayram günlərində də müştərimiz demək olar ki, yoxa çıxıb. Bazara gəlib qiymət soruşur, gedib yarmarkalarda alver edirlər. Orada satılan məhsullar bazardakından zəifdir”.

Səliqəsiz çadır, yerə atılan səməni

İndi də yolumuzu saldıq “28 May” metrostansiyasının çıxışında quraşdırılmış yarmarkaya. Budəfəki yarmarkalar ötən ildəkindən kiçik və səliqəsiz idi. Girişdə “Nə alırsan 5 manat” plakatı gözümüzə dəydi. Satıcılardan bütün məhsulları 5 manata satdıqlarını soruşduq. Bildirdilər ki, 5 manata yalnız bəzək əşyalarıdır...

Yarmarkada Novruz atributları, bayram çərəzlərindən çox bəzək əşyaları, qab-qacaq, milli musiqi alətlərinin suvinerləri satılır.

Kiçik səmənilərin qiyməti 3 manatdan başlayır. Bəzəkli və böyük səmənilər isə 25-30 manatadır.

Saralmış səmənilər səliqəsiz şəkildə ətrafa atılmışdı. Heç də hamı yarmarkadan bazarlıq etmirdi. Qiymət soruşub, gedənlər də az deyildi.

Yarmarka satıcıları isə iddia edirlər ki, bazarla burada satılan məhsulların qiyməti arasında 50 faizə yaxın fərq var:

“Bazarlarda qiymət bahadır. Biz isə ucuz satırıq. Məsələn, burda kilosu 4-6 manata olan konfeti bazarda 10 manata deyirlər. Qiymətləri bazardakından aşağı etmişik ki, alıcımız olsun”.

Əlbəttə, bazarla yarmarka arasında rəqabət var, bu isə alıcıların xeyrinədir...

Qeyd edək ki, Novruz bayramı ilə əlaqədar Bakıda metrostansiyaların yaxınlığında 10 yarmarka çadırı quraşdırılıb. Yarmarkalar martın 25-dək davam edəcək.


Müəllif: İlhamə Əbülfət