26 Aprel 2014 13:59
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çernobıl AES-da baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş şəxslərin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım göstərilib.

ƏƏSMN-dən Teleqraf.com-a verilən məlumata görə, maddi yardımların həmin şəxslərin bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl AES-da baş vermiş qəzanın ləğvində iştirak edərək əlil olmuş Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi işlərinə Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılıb. Ulu öndərin təşəbbüsü ilə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” 6 dekabr 1993-cü il tarixli, 762 nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanun ilə Çernobıl əlillərinin statusu müəyyənləşdirilərək, onlara bir sıra güzəşt və imtiyazlar verilib.

Çernobıl əlilləri əlilliklərinin səbəbindən asılı olaraq “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar” və “Çernobıl AES-də qəzanın ləğvi zamanı əlil olanlar” kimi iki qrupa ayrılırlar.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə hərtərəfli diqqət və qayğısı Çernobıl əlillərini də əhatə edir. Belə ki, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olanlar müharibə əlilləri üçün müəyyən edilən hüquq və imtiyazlardan istifadə edirlər. Hazırda belə şəxslərə təyin olunan Prezident təqaüdünün məbləği Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, 1 aprel 2014-cü il tarixdən etibarən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata, III qrup əlillər üçün isə 60 manatdan 100 manata çatdırılıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən əlillik Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara 60 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

Çernobıl əlillərinə müalicə üçün ildə bir dəfə olmaqla birdəfəlik müavinət, onların 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə isə ayda sosial müavinət ödənilir. Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da diqqətdə saxlanılır və indiyədək 190 nəfər Çernobıl əlili müharibə əlilləri və şəhid ailələri üçün inşa olunmuş binalardan mənzillə təmin ediliblər. Eyni zamanda müharibə əlilləri ilə bərabər 64 nəfər Çernobıl əlilinə dövlət hesabına minik avtomobili verilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı Çernobıl əlilləri də hər il sanator-kurort putyovkaları ilə təmin olunurlar. Həmin əlillərin tibbi-sosial reabilitasiyası, bərpa-müalicə xidməti ilə təmin edilməsi sahəsində də məqsədyönlü işlər görülür.


Müəllif: