19 Mart 2018 12:48
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki mühüm prosesdir. Namizədlərin debatlarını əhaliyə, görüşləri ilə bağlı informasiyaları insanlara media orqanları çatdırır. KİV-in rolu seçkidə iştirak edən namizədin rolu qədərdir.

Bunu Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rol və vəzifələrinə həsr edilən seminar-müşavirədə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, jurnalistlər bu prosesi peşəkarlıqla, Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirməlidirlər:

“Jurnalistlərin fəaliyyəti ilə seçkinin imici formalaşacaq. Burada məsuliyyət də önəmlidir. Jurnalist həm də Azərbaycan vətəndaşlarıdır. Seçki Məcəlləsinin tələblərini mütləq nəzərə alınmalıdır, belə olmazsa, seçkinin imicinə xələl gələr. Ölkə başçısı da prezidentliyə namizəddir. Onun cari fəaliyyəti ilə, seçki təbliğatını düzgün dəyərləndirmək lazımdır. Bu cizgi nəzərə alınmalıdır”.

Ödənişli təşviqat məsələsinə toxunan Ə.Həsənov qeyd edib ki, jurnalistlər kommersiya maraqlarından da çıxış edirlər, bu da normal haldır: “Onlar, sadəcə, tərəflərə bərabər imkanlar yaratmalıdır”./Report/

***

Seçkilərdə Kütləvi İnformasiya Vasitələrinin rolu namizədlərin rolu qədərdir.

Bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Seçkilərdə KİV-in rolu" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Ə.Həsənov artıq seçkilərlə bağlı xüsusi məqamların KİV-ə bəlli olduğunu vurğulayıb: “Bu məsələdə hər şey bəllidir. Ona görə sizə yeni nələrsə deməyəcəyik. Qarşıdan gələn 11 aprel seçkiləri ilə bağlı həyata keçirilən bu proseslər KİV-in rolu, vəzifəsi və məsuliyyətini bir daha Azərbaycanın aparıcı KİV-lərinin rəhbərlərinə çatdırmaqdan ibarətdir. Seçki Məcəlləsində bununla bağlı dörd maddə göstərilib. Hər bir seçki üç mərhələdən ibarətdir. Təbliğata qədərki dövr, təbliğat dövrü və seçki prosesinin başlanması, keçirilməsi və nəticələrin elan olunması. Hər dövr üçün Seçki Məcəlləsində KİV-in rolu və vəzifəsi göstərilib. Ancaq biz Məcəllənin tələblərini təkrar-təkrar sizin diqqətinizə çatdırmaq istəyirik. Bu gündən Azərbaycan cəmiyyətində seçki ilə bağlı iki mühüm obyekt və subyekt var. Birincisi, ilk növbədə namizədlərdir. Yəni, diqqət mərkəzinə çıxan namizəddir, onun platformasıdır. Hər bir namizəd fikirlərini ilk növbədə KİV vasitəsilə əhaliyə çatdırmalıdır. Namizədlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq debatlar şəklində televiziyalarda çıxış etrməlidir. Mərkəzi Seçki Komissiyası namizədlərin arzularını nəzərə alaraq efir vaxtını hamının baxa biləcəyi saat 21-23 radələrində müəyən edib. Hesab edirəm ki, bu kifayət qədər münasib vaxtdır. Radio debatları saat 19:00-da keçiriləcək. Lakin telekanallarda vaxt elə seçilib ki, hər kəs rahatlıqla televiziya qarşısında oturub debatları izləyə biləcək".

Əli Həsənov bununla yanaşı namizdələrin bölgələrdə canlı görüşlər keçirəcəyini də deyib: "Lakin həmin görüşlərə namizədin fəaliyyətindən asılı olaraq, bir qisim insan toplamaq mümkündür. Oradakı görüşləri də cəmiyyətə KİV-lər çatdıracaq”.

Ə.Həsənov bildirib ki, seçkilərin işıqlandırılmasında ikinci məqam KİV-in rolunun Seçki Məcəlləsinə uyğun tənzimlənməsidir: “Seçki Məcəlləsinin tələblərinin nəzərə alınmaması ümumilikdə seçki prosesinə xələl gətirə bilər. Seçki müşahidə missiyaları namizədlər üçün yaradılmış şərait barədə fikirlərini səsləndirəcək.Namizədlərin biri hazırkı Prezidentdir. Bu gündən Prezidentin fəaliyyətinin işıqlandırılması ilə onun təbliğ olunması arasındakı fərqi müəyyən etmək üçün peşəkarlığınız mühümdür. Bu zaman Seçki Məcəlləsinin tələblərinin pozulmamasına çalışmalısınız.

Hər bir KİV həm də kommersiya qurumudur. Namizədlər müraciət edərkən, pullu efir vaxtı ilə bağlı Məcəllənin tələbləri pozulmamalıdır. Yəni bir namizəd üçün yaradılan şərait digər namizədlər üçün də yaradılmalıdır. Burada da mütləq şəkildə KİV-in peşəkarlığı və Seçki Məcəlləsini necə mənimsədiyiniz bəlli olacaq. Bugünkü seminarın məqsədi məsuliyyət və kommersiya maraqlarının uyğunlaşdırılmasıdır”.


Müəllif: Teleqraf.com