27 Mart 09:15

Nağı bəy Şeyxzamanlının 1957-ci ildə Ankarada “Azərbaycan” aylıq kültür jurnalında çap edilmiş “Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə” məqaləsindən seçdiyim bir neçə xatirəni təqdim etmək istəyirəm.

Bakıya məscid lazımdır

Azərbaycan istiqlalının ilk iliydi. I Dünya Müharibəsi də davam edirdi. Bu günlərdə Nuru paşa Bakının görkəmli insanlarını Təzəpir məscidinə dəvət edir. Onlara bu məzmunda nitq söyləyir:

“Bakı gözəl şəhərdir. Dünyanın əksər şəhərlərindən də gözəldir. Amma onun çox böyük çatışmazlığı var. Mən istərdim ki, Fatih, Süleymaniyyə kimi böyük bir məscid də Bakıda tikilsin. Gəlin, burda pul toplayaq, bu çatışmazlığı aradan qaldıraq”.

Hacı Zeynalabdin belə yerlərdə adətən birinci söz alardı. Onun sözü eşidilməmiş heç kim ianə verməyə cəsarət etməzdi. Hacı qısaca deyir ki, pul toplamağa ehtiyac yoxdur, məscidi özü tikdirər.

Hacı teatr tikmiş bir adam idi, qız məktəbi açmışdı. Amam müharibənin qızğın vaxtında, Azərbaycan Cümhuriyyətinin böyük sınaqlarla üz-üzə dayandığı bir zamanda, bunları keçək, şəhərdə doğru-dürüst bir xəstəxananın belə olmadığı bir vaxtda Nuru Paşanın bu təklifi bir az yersiz görünmürdümü? Bir az sonra Sovet ordusu Azərbaycanı işğal edəcək və Bibiheybət məscidini partladacaqdı. Elə Hacının böyük ianə verdiyi, açılışına şəxsən çarın gəldiyi Qızılı kilsə də...

Quran tərcüməsi

Hacı Zeynalabdin Tağıyev Quranı dilimizə tərcümə etdirir.

Sonra kitabı 4000 qızıl dəyərində zinətli əşyalarla bəzədir.

Kitabı Yusif Ziya Talıbzadə (Abdulla Şaiqin böyük qardaşı) ilə İstanbula, Sultana hədiyyə göndərir.

Güclü əlaqələr hesabına Sultanın hüzuruna çıxırlar.

Onları müşayiət edən saray naziri Quranı sultana təqdim edib deyir: “Misirdən sizin üçün hədiyyə Quran göndəriblər. Qəbul etməyinizi rica edirlər”.

Sultan Quranı öpüb gözünün üstə qoyur.

Yusif Ziya bu işə çox təəccüblənir, amma Sultanın yanında heç nə demir.

Sonra səbəbini soruşur və belə bir cavab alır: “Sultan həzrətləri Qurani-Kərimin cəsarət edilərək türk dilinə tərcümə olunduğunu bilsə, qiyamət qoparar”.

Görəsən, indi Quranın bu bahalı tərcüməsi haradadır?

Heyf ki, dəqiq tarix göstərilmədiyi üçün hansı sultan olduğunu bilmirik.

Amma sultanla Hacının vizionu arasındakı fərq də göz qabağındadır.

Yeri gəlmişkən, başqa bir maraqlı fakt: Uzun Həsən Quranı dilimizə tərcümə etdirmişdi.

Bu da bir başqa müqayisə...

Müsavata yardım

Qırmızı Ordu Bakını işğal etdikdən sonra Müsavat partiyası gizli fəaliyyətə keçir. Bir gün gənc müsavatçılardan biri küçədə Hacının dostu Tağı Nağıoğlunu görür. Ondan partiyaya yardım etmək xahişini Hacıya çatdırmağı tapşırır. Hacı razılıq verir, amma şərt qoyur: “Nə bir yerdə qeyd etsinlər, nə də kiməsə desinlər”.

Uşaqları kəsməyin

Bakıda peşə məktəbi açılır, Hacı Zeynalabdindən də ianə xahiş edirlər. Hacı qəbul edir. Deyir ki, nə qədər azərbaycanlı uşaq oxuyacaqsa, onların təhsil haqqını mən verəcəyəm. Bir də başqa bir maraqlı xahiş edir: “Azərbaycanlı uşaqlarla rus dilindən “üç” alacaqsa onlara “beş” yazın. Rus dilini yaxşı bilmədiyinə görə heç kim sinifdə qalmasın”.

Lenin fabriki

Hacı Zeynalabdinin toxuculuq fabriki bolşeviklər tərəfindən müsadirə olunur. Bir müddət sonra fabrik Lenin adına toxuculuq fabriki adlandırılır. Hacı şikayət üçün Nəriman Nərimanovun yanına gedib deyir: Mən öz puluma xalqım üçün teatr tikdirdim. Dram cəmiyyəti onun adını “Tağıyev teatrı” qoydu. İndi dəyişdirib Dadaş Bünyadzadə eləmisiz. Etirazım yoxdur, çünki o da azərbaycanlıdır. Toxuculuq fabrikimi də əlimdən aldınız, buna da etiraz eləmədim. Çünki deyirsiniz ki, millət üçün işlədiləcək. Amma ona niyə Leninin adını qoyursuz? Fabrikin Nəriman adına qoysaydınız, ona da razı olardım”.


Müəllif: Qan Turalı
Загрузка...