16 Aprel 2018 08:42
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yayımlanan tarixi “Türk Yurdu” jurnalının aprel sayı Azərbaycan Cümhuriyyətinin yüzüncü ildönümünə həsr edilib.

Teleqraf.com xəbər verir ki, dərginin aprel sayının üz səhifəsində Cümhuriyyətin qurucusu Məhəmmədəmin Rəsulzadənin təsviri verilib.

Jurnalda Azərbaycan Cümhuriyyəti ilə bağlı yazıların redaktorları Yılmaz Özkaya və Nazim Muradovdur.

“Türk Yurdu”nun bu xüsusi buraxılışında Səbahəddin Şimşirin “Məhəmmədəmin Rəsulzadənin xatirələri işığında Azərbaycan Cümhuriyyətinin istiqlalı və işğalı”, yenə eyni müəllifin “Azərbaycan istiqlal mücadiləsinin mühacirətdəki hafizəsi Məhəmməd Kəngərli”, Vilayət Quliyevin “Əbdürrəhim bəy Haverdiyev. Cümhuriyyət diplomatı”, Yavuz Akpınarın “Hüseynzadə Əli Turanın arxivindən: Qafqaz İslam ordusunun bildirişi”, Səlcuq Türkyılmazın “Yeni Kafkasya jurnalında Qafqaz İslam Ordusu”, Ömər Özcanın “Azərbaycan Cümhuriyyəti tələbələri”, Nazim Muradovun “Türk Ocaqları, Türk Yurdu və Azərbaycan” və “Azərbaycan Xalq Cümhuriyyətinin yüzüncü ilində Məhəmmədəmin Rəsulzadəni yenidən oxumaq ehtiyacı”, Mehman Dəmirlinin “Azərbaycan Cümhuriyyəti elitasının hüquqi görüşləri” və Azərbaycanla bağlı bir sıra məqalələr yer alıb.

Xatırladaq ki, “Türk Yurdu” jurnalı 30 noyabr 1911-ci ildə İstanbulda təsis edilib. Həmin illərdə Rəsulzadə İstanbulda idi, həm Türk Ocaqları, həm də “Türk Yurdu” ilə yaxından əməkdaşlıq edib. Rəsulzadə 1911-ci ildə bu jurnalda “İran türkləri” əsərini yayımlayıb, 1912-ci ildə C.Əfqaninin “Milli Birlik fəlsəfəsi” əsərini farscadan çevirərək dərc etdirib.

Sonralar Azərbaycan Cümhuriyyətinin işğalından sonra İstanbula gələn Rəsulzadə bu əlaqələrini yenidən inkişaf etdirib.


Müəllif: Teleqraf.com