16 Aprel 2018 16:03
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari avtomobil sığortası üzrə yeni sistemin tətbiqinə başlanılıb.

Bu məlumatı Teleqraf.com-a sığorta mütəxəssisi Nicat Əlibəyli deyib.

O bildirib ki, dünəndən etibarən rəsmi şəkildə tətbiqinə başlanılmış yeni sistemin başlıca özəlliyi avtomobilllərin icbari sığortası üzrə müqavilələrin buraxılmasında vasitəçilik edən bazar iştirakçılarının (sığorta vasitəçilərinin) məcburi qeydiyyatının aparılmasına, eləcə də avtonəqliyyat vasitəsi sahiblərinin və sığortalanan avtonəqliyyat vasitələrinin dürüst identifikasiyasına şərait yaratmasıdır:

“Belə ki, artıq icbari sığorta müqavilələri həm sürücülərin, həm də avtonəqliyyat vasitələrinin qeydiyyat məlumatları müvafiq dövlət informasiya ehtiyatlarından real zaman rejimində sinxronlaşdırılmaqla bağlanacaq. Qeyd etmək lazımdır ki, icbari sığorta müqavilələri əvvəlki qaydada, yəni İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti tərəfindən buraxılacaq və burada hər hansı mərkəzləşmədən söhbət getmir. Yeni sistem həmçinin mobil tətbiq vasitəsilə sığorta şirkətlərinin və vasitəçilərinin ixtiyarına verilmişdir ki, bunun da vasitəsilə onlar öz müştəriləri olan sığortalılara daha çevik xidmət göstərə biləcəklər”.

Nicat Əlibəyli onu da vurğulayıb ki, bu sistemə keçidin əsas məqsədi sığorta bazarında iki əsas yenilik etməkdir:

“Birincisi bundan sonra bu sistem sayəsində avtomobil və sürücüyə aid məlumatlar müvafiq dövlət orqanının sistemindən götürüldüyü üçün bu məlumatları saxtalaşdırmaq mümkün olmayacaq. Digər tərəfdən sığorta vasitəçilərinin, yəni agentlərin satışları elektron və yaxud ASAN İmzanın köməyilə reallaşdırılacağı üçün İSB onların bütün fəaliyyətini izləyə biləcək”.

Nicat bəy onu da vurğulayıb ki, mükəmməl sığorta bazarı formalaşdırmağa xidmət edən bu yeni sistemin Maliyyə Bazarlarına Nəzarət Palatasının da diqqətində olan əsas məsələlərdən biri olduğu açıq-aşkar hiss edilir.

Nəticə olaraq, sığorta mütəxəssisi qeyd edir ki, sığorta sektorunda tətbiq olunan bu yeniliyin köməyi ilə sığorta predmeti ilə bağlı saxta məlumatların sistemə daxil edilməsi və bunun nəticəsində meydana gələ bilən bütün neqativ halların qarşısının alınacağı gözlənilir:

“Hər bir dəyişiklik zamanı və bu cür ölkəsəviyyəli yeni sistemə keçid prosesində müəyyən problemlər ola bilər. Lakin problem varsa, təbii ki, onun həlli yolları da vardır. Yeni sistemin bütün həmkarlarıma uğur gətirəcəyinə və sığorta bazarını daha da inkişaf etdirib şəffaf struktur formalaşdıracağına inanıram”.


Müəllif: Teleqraf.com