17 Aprel 09:00

Teleqraf.com-un suallarını Təhsil Nazirliyi ilə Çinin müvafiq qurumunun müqaviləsi əsasında (Chinese Government Scholarships) Renmin Universitetində tam təqaüdlə təhsil alan, bu il ali təhsil ocağının daxili təqaüdü və ən yüksək elmi mükafatına layiq görülən Fərahim Hüseynzadə cavablandırıb.

- Fərahim, əvvəlcə özünüz haqqında məlumat verərdiniz…

- 1994-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Əslən Qarabağın Cəbrayıl rayonundanam. 2000-ci ildə Cəbrayıl rayonu M.Mehdizadə adına məktəbdə ibtidai təhsilimə başlamış, 2011-ci ildə Bakı şəhəri Xətai rayonu 55 saylı orta məktəbi bitirmişəm. Elə həmin il 642 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin ingilis dili bölməsinə daxil olmuşam.

2015-ci ildə həmin fakültədən məzun olaraq Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiya sıralarında hərbi xidmətə yollandım. 2016-cı ildə nümunəvi xidmətə görə “Vətənə məktub” mükafatı ilə təltif olundum. 2016-cı ildə yaxın bir dostumla birlikdə öz şirkətimizi qurduq. 2017-ci ilin sentyabrından isə Təhsil Nazirliyi ilə Çin arasında qarşılıqı müqaviləyə əsasən “Çinin biznes hüququ” ixtisası üzrə magistr təhsilimi davam etdirmək üçün Çinə yollandım. Hazırda Pekində Renmin Universitetində təhsil alıram.

- Son günlər media sizin Çində birinci olmağınızdan yazır. Təhsil aldığınız universitetdə birinci olmağınız barədə məlumatı öyrənəndə hansı hisləri keçirdiz ?

- Çox mükəmməl bir hisdir... Mənim ən çox sevindiyim məqam bu idi ki, Azərbaycan Çinlə nə qədər artan tempə malik əlaqələr qurmuş olsa da, əksər çinlilər ölkəmizi tanımırlar. Bu kimi işlər təkcə dövlət qurumlarının, səfirliyimizin üzərinə düşməməlidir. Biz də vətəndaş kimi hər məqamda ölkəmizlə başqa dövlətlərin münasibətlərinin güclənməsinə və inkişaf etməsinə töhfələr verməliyik.

Mən uğur qazanandan sonra, nəticələr açıqlanan kimi müəllimlər, tələbələr, bir sözlə, hər kəs xəbər tutdu. Bəzi tələbələrin nəzərində əvvəldən vardım. Çünki universitetdə intellektual oyunlar təşkil edən biri kimi özüm haqda müəyyən təsəvvür formalaşdırmağı bacarmışdım.

Amma bu, elə-belə uğur sayılmır. Bir sözlə, artıq minlərlə tələbə, elmi işçi kontingenti olan bir universitetdə mənim timsalımda Azərbaycanı tanıdılar. Mənim üçün bundan böyük qürur ola bilməz.

- Çin mühitində təhsil almaq çətin deyil ki?

- Həyatda heç bir uğur asan qazanılmır. Çətinliklərə tab gətirmək lazımdır. Açığı, əsas çətinlik saat fərqi və qidalanma ilə bağlı sıxıntılardır. Təbii olaraq mədəniyyət fərqi mətbəx fərqinə də sirayət edir. Təhsil almağa gəldikdə, daha çox kitab oxumaq və dərslərdə aktiv iştirak etmək, öz fikirlərini, ideyalarını bölüşmək lazımdır. Çində belə şeylərə – yeni fikirlərə, ideyalara böyük önəm verirlər. Hər zaman dünya haqqında, müxətlif sahələr barəsində oxuyub, biliyimi təkmilləşdirdiyim üçün istənilən mövzudan danışanda diqqət çəkməyi bacarıram. Bu da özlüyündə uğur qazanmaqda əvəzsiz rol oynayır.

- Bu gün gənclərin çoxu Amerikada, Avropada təhsil almağa üstünlük verir. Bəs, siz niyə Çini seçdiz?

- Elə başlıca səbəblərdən biri də gənclərin çoxunun yalnız bir istiqamətə meyl etməsi idi. İnkişaf tempinə görə heç bir ölkənin hazırda ayaqlaşa bilmədiyi, innovasiyaların, start-upların milyard dollarla maliyyələşdirildiyi, ticari dövriyyəsinə görə dünya lideri bir ölkənin hüquq sistemi, idarəetmə forması, ümumiyyətlə, bu qədər uğura belə qısa zaman kəsiyində necə nail olması mənə maraqlı gəldi. Baxmayaraq ki, Almaniya, İtaliya, Macarıstan, Türkiyənin aparıcı universitetlərindən tam təqaüdlü qəbul almışdım. Sonda seçimim Çin oldu.

Digər bir məqama diqqət yetirsək, Azərbaycan Çinlə dövlətlərarası işbirliyinə, ikitərəfli əməkdaşlığa böyük önəm verir. Xüsusən, Çinin bütün dünyaya səs salan, qədim İpək Yolunun marşrutu üzrə həyata keçirməyi planlaşdırdığı “Bir Kəmər - Bir Yol” layihəsi üzrə əlverişli məkanda yerləşən Azərbaycanın önəmi danılmazdır. Əlaqələr inkişaf edir və bu əlaqələri daha yüksək pillələrə çatdırmaq üçün Çinə bələd olan, Çin mədəniyyətini, insanını tanıyan kadrlara ehtiyac var. Necə deyərlər, zərurət ehtiyacdan doğur. Ölkəmizin maraqları, eləcə də Çinin dünya miqyasında artan nüfuzu məni buralara gətirdi.

- Bir azərbaycanlı kimi Çində nədən ötrü darıxırsız?

- Azərbaycanlıyam, ölkəmi sevirəm və hər yerdə onu təbliğ edirəm. Təbiətcə darıxan insanam. Həyatda ailə mənim üçün ən böyük əhəmiyyət kəsb edən məfhumdur. Ən çox ailəm, Bakıdakı mühit, şəhərin, insanların doğmalığı üçün darıxıram. Bəzən Bakının küləyi üçün də darıxdığım olur… Elə anlarda Vaqif Mustafazadə və ya Şəfiqə Axundovanın kompozisiyalarını dinləyir və özümü müəyyən müddətlik Bakıda hiss edirəm.

Vaxtilə Bakıda yaşayanda, xarici ölkələrdəki konfranslardan, tədbrirlərdən qayıdanda da təyyarə Hava limanına yaxınlaşanda qəribə hislər keçirirdim.

Vətənə qayıtmağa gəldikdə, birmənalı olaraq geri dönməyi, xalqımın, dövlətimin inkişafı üçün əlimdən gələni etməyi düşünürəm. Fikrimcə, xaricdə təhsil alan, savad qazanan, görüb-götürən, inkişaf edən hər bir azərbaycanlının bu torpağa qaytaracağı çox borcu var.

- Çinlə Azərbaycan təhsilinin fərqi nədir? Təhsil sahəsində nəyin Azərbaycanda olmasını istərdiniz ?

- Çinin ali məktəbləri daha çox akademik təhsilə, tədqiqatçılığa üstünlük verir. Tədqiqat burda hər şey deməkdir. Elmin burda açmadığı qapı yoxdur. Çünki universitetlər həm xarici, həm də çinli tələbələrin qəbulu prosesində çox vacib seçim aparır. Hər şəhərə müəyyən kvota qoyulub və qəbul ona əsasən həyata keçirilir. Məqsəd təhsilə ən yaxşıları cəlb etməkdir.

Tədqiqatçılar üçün müxtəlif qrant layihələr elan edilir, bundan başqa, demək olar, bütün universitetlərin xarici onlayn bazalara çıxış imkanı var. Bunlar akademik təhsilə nə qədər önəm verildiyini göstərir.

Burdan baxanda Azərbaycan təhsili necə görünür? Bu, maraqlı məsələdir. Qısaca qeyd edim ki, yeniliklər gözlə görüləcək səviyyədədir. Amma qət ediləsi uzun yol, görüləsi çox iş var. Tələbələrə yüksək səviyyədə hörmət göstərilməli, müəllimlər tələbələrlə daha sıx münasibətdə olmalı, onlarla daha çox vaxt keçirməli, dərsdənkənar fəaliyyət daha da intensivləşdirilməlidir.

Bunun üçün ölkəmizin yetəri potensialı və iqtisadi gücü olduğu qənaətindəyəm. Düşünürəm ki, ən vacib məsələlərdən biri universitetlərimizin xarici ali məktəblərlə əməkdaşlığı gücləndirməsidir.

- Fərahim, xaricdə təhsil alan bir çox müsahiblərim oradakı müəllimlərin tələbələrlə fərqli davrandığını deyirlər. Bəs, Çində təhsil aldığın universitetdə bu nüans neçədir ?

- Çində də elə o cürdür. Müəllimlər müəyyən sərhədi qorumaqla tələbələrlə çox yaxın, mehriban münasibətdə olurlar. Birlikdə tədbirlərə qatılır, elmi araşdırmalar edir, hətta tələbələri evlərinə dəvət edirlər. Mənim ən çox sevdiyim məsələ isə müəllimlərin daim tələbələrinə iş yeri, təcrübə proqramları tapmaqda kömək etməsidir. Burda müəllimlərin, unviersitetlərin, fakültələrin əsas reytinq meyarı məzunların gələcəkdə çalışacaqları yerlə müəyyənləşir. Azərbaycan reallığında bu tendensiya hələ formalaşmasa da mənə şəxsən bu məsələlər yad deyil.

BDU-nun Hüquq fakültəsində təhsil alarkən fakültəmizin dekanı Əmir Əliyev başda olmaqla, müəllimlərimdən də eyni yanaşmanı görmüşəm. İstər xarici universitetlərə müraciət olsun, istərsə də digər məsələlər, həmişə əllərindən gələn köməkliyi göstəriblər mənə.

- Azərbaycanda orta və ali təhsil illərində hansı uğurlarınızı qeyd edə bilərsiniz?

- Uşaq yaşlarımdan valideynlərimin dəstəyi ilə həmişə aktiv həyat tərzi keçirmişəm. 7 illik fortepiano məktəbini bitirmişəm. Bundan başqa iki şeirlər kitabım çapdan çıxıb və hazırda Milli Kitabxanada saxlanılır. Şeirlər yazmaqda, mütəmadi sosial mediada paylaşmaqda davam edirəm, eləcə də şahmat üzrə 4-cü dərəcəli usta ünvanına sahibəm.

Tarix həmişə ən sevimli fənnim olub. İndi də bacardığım qədər tarix kitablarını oxumağa üstünlük verirəm. Mən bunu ibtidai sinif rəhbərim Nailə müəllimənin bu fənnə məndə yaratdığı maraqla əlaqələndirirəm. 10-cu sinifdə oxuyarkən tarix fənni üzrə Olimpadada Bakı və respublika birincisi olmuşam. 2010-cu ildə “Xəmsə” Milli İntellektual Oyununun “Məktəb” liqasında ölkə ikincisi, “Ağıl dəryası” intellektual yarışında isə yarımfinalçı olmuşam.

Tələbə Gənclər Təşkilatına rəhbərlik etmişəm. BDU İntellektual Komandasının kapitanı olmağımla isə, belə desək, uğurlar bir-birini əvəzləyib. 4 il ərzində “Mən Azərbaycanlıyam” İntellektual Oyunu üzrə ilin qalibi, “Xəmsə” Milli İntellektual Oyunu üzrə Universitet liqasının qalibi, “Nə? Harada? Nə Zaman?” İntellektual Oyunu üzrə Çağırış, Konfederasiyalar, Universiada kuboklarının sahibi, “Parlaq Zəka” İO yarımfinalçısı olmuşam.

Bütün bu uğurlarıma görə də BDU-da iki dəfə “İlin tələbəsi” fəxri adına layiq görülmüşəm. Xarici ölkələrdə keçirilən bir çox konfranslarda, seminarlarda Azərbaycan nümayəndəd heyətinin tərkibində iştirak etmişəm, sertifikatlara layiq görülmüşəm.

- Gələcək planlarınız nədir?

- Çox yaxın zamanda “Çində yaşayan Azərbaycanlı Gənclərin Elmi Assosiasiyası” İctimai Birliyini yaradacağıq. Artıq qeydiyyatın tamamlanması üçün işlər demək olar, görülüb, Azərbaycanın Çində yerləşən səfirliyinin də dəstəyilə aktiv fəaliyyətə başlayacağıq.

Eyni zamanda, təhsilimi uğurla davam etdirmək, elmi işlər, məqalələr yayımlamaq və Azərbaycanın da maraqlarına toxunan yeni bir sahəni tədqiq etmək və müdafiə edərək fərqlənmə ilə məzun olmağı düşünürəm. Nəhayət, dediyim kimi, ölkəmə dönüb Azərbaycan üçün çalışmaqda qərarlıyam.


Müəllif: İlhamə Əbülfət
Загрузка...