18 Aprel 2018 15:00
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin aprel hadisələri əyani şəkildə sübut etdi ki, döyüş əməliyyatları istənilən vaxt bərpa oluna və düşmən nəinki cəbhə bölgəsində, eyni zamanda informasiya məkanında da ciddi təxribatlar törədə bilər. Fikrimcə, hazırda qanunvericilikdə aparılan əlavə və dəyişikliklər bu zərurətdən irəli gəlir və informasiya məkanımızda düşmən təxribatının qarşısının alınmasına yönəlib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda nəzərdə tutulan dəyişikliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan müharibə şəraitində yaşadığından KİV-in müharibə dövründə fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunların dəqiqləşdirilməsinə ehtiyac var:

“Xəbər istehsalçılarının da ciddi şəkildə maarifləndirilməsi lazımdır. Qanunlara edilən son dəyişikliklər və əlavələr Azərbaycan Konstitusiyasına və beynəlxalq konvensiyalara uyğundur. Belə ki,

Konstitusiyamızın İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı barədə 71-ci maddəsinin 3-cü bəndində göstərilir ki, müharibə, hərbi və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həmçinin, Avropa İnsan Haqları Konvensiyasının fikri ifadə etmək azadlığı haqda 10-cu maddəsinin 2-ci bəndində göstərilir ki, bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Göründüyü kimi, həyata keçirilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər nə yerli, nə də beynəlxalq qanunvericiliyə zidd deyil”.

Müşfiq Ələsgərli vurğulayıb ki, praktiki baxımdan da bu, belədir. Onun fikrincə, ABŞ başda olmaqla, dünyanın bütün ölkələrində müharibə şəraitində və fövqəladə hallarda KİV-in fəaliyyətinin məhdudlaşdırılması halları mövcuddur.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna əlavə referendum zamanı Konstitusiyaya edilən dəyişikliklərə tamamilə uyğundur:

“Daha əvvəl cəbhə bölgəsindəki vəziyyət gərginləşəndə bəzi media və təxribaçı qrupların həqiqətə uyğun olmayan informasiya yayması ilə bağlı problemlər yaşamışıq. Düşünürəm ki, müharibə dövründə cəbhə bölgəsindən hərbi məsələlərlə bağlı məlumat verilməsində müəyyən məhdudiyyətlərin olması tamamilə qanunauyğundur. Bu, dünyanın hər yerində belədir. Ola bilsin, kimsə bunu KİV-in azadlığının məhdudlaşdıırlması kimi qələmə verməyə çalışacaq, ancaq əksinə, konkret sərhədlər müəyyənləşdirəcək və bu, müharibə vəziyyəti ilə əlaqədardır”.

Elçin Mirzəbəyli hesab edir ki, konkret sərhədlərin müəyyənləşdirilməsi KİV üçün həmin sərhədlər çərçivəsində fəaliyyət göstərmək imkanı yaradır:

“Bu, KİV-in də maraqlarına uyğundur. Çünki təxribatçı qruplar bu prosesdən sui-istifadə edə bilməyəcək, peşəkar media isə öz missiyasını yerinə yetirəcək”.

“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin sözlərinə görə, müharibə şəraitində olan dövlət üçün informasiyanın əldə olunması və ötürülməsi kifayət qədər məsuliyyət tələb edir:

“Hərbi vəziyyət olduğu dövrdə kimliyindən asılı olmayaraq, media təmsilçiləri, eləcə də sıravi vətəndaşların, ictimai sektorun nümayəndələrinin məsuliyyətlilik prinsipi ortaya qoyulmalı, nəzarət artırılmalıdır. Düşünməməliyk ki, qanuna əlavələr senzura rolunu oynayacaq, informayanın əldə edilməsi və ötürülməsini müəyyən mənada mədudlaşdıracaq. Qətiyyən belə deyil, burada qeyri-adi heç nə yoxdur. Dünya təcrübəsində belə hallara rast gəlinir. Hətta hərbi vəziyyət elan olunmayan ölkələrdə sosial şəbəkələrin məhdudlaşması barədə qərarların şahidi olmuşuq”.

Vüqar Rəhimzadə qeyd edib ki, hərbi vəziyyət şəraitində ölkənin müdafiəsi, təhlükəsizliyin təminatı üçün media öz fəaliyətini vəziyyətə uyğun tənzimləməlidir: “Elə media orqanları ola bilər ki, hərbi vəziyyətə zidd əməllər törədə, dövlət və hərbi sirri yaya bilər. Bu baxımdan bu cür əlavələr labüddür. Nəinki hərbi vəziyyət elan olunanda, ümumiyyətlə, biz həmişə yazıb-pozduğumuza dair məsuliyyətimizi dərk etməliyik”.

Xatırladaq ki, Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.Milli Məclisin Mədəniyyət komitəsinin dünənki iclasında “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna əlavələr müzakirəyə çıxarılıb. Əlavələrə görə, hərbi vəziyyət dövründə “Hərbi vəziyyət haqqında” qanuna müvafiq olaraq KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə (ərazilərdə) Kütləvi İnformasiya Vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq oluna bilər. O da əlavə edilir ki, hərbi vəziyyətin qüvvədə olduğu müddətdə onun şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə KİV-in azadlığı müvəqqəti məhdudlaşdırıla bilər.


Müəllif: Nərgiz