18 Aprel 2018 19:13
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizə qida zəhərlənməsi diaqnozu ilə heç kim müraciət etməyib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Mərkəzi Kliniki Xəstəxananın baş həkiminin müavini deyib.

Onun sözlərinə görə, ümumiyyətlə son bir neçə gündə xəstəxanaya zəhərlənmə ilə müraciət edən olmayıb: “Bizə nə dünən, nə də bu gün zəhərlənmə ilə xəstə gətirilməyib”.

1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, dünən şöbəyə cəmi 3 nəfər müraciət edib: “Onlardan ikisi allergik reaksiya, biri isə dəm qazından zəhərlənmə ilə daxil olub.

İstixanada becərilən pomidor-xiyarından isə zəhərlənmə olmamalıdır. Yəni təzə pomidor-xiyardan yox, onların turşusundan zəhərlənmə mümkündür”.

Qeyd edək ki, Sadiq Əliyev adlı Feysbuk istifadəçisi ötən gecə 17 nəfərin istixanada becərilən pomidor-xiyardan zəhərləndiyi barədə paylaşım edib: “Dünən axşam məni qida zəhərlənməsindən Təcili Tibbi Yardıma şöbəsinə aparmışdılar ki, növbətçi həkimlərin hamısının çağırışa çıxdıqlarını bildirdilər”.

Istifadəçinin iddiasına görə, tibb bacısı həkimlərin zəhərlənmələrlə bağlı çağırışa getdiklərini deyib: “Getdik Mərkəzi Xəstəxananın qəbul şöbəsinə. Orada da mənimlə bərabər zəhərlənmə diaqnozu ilə 3 nəfər vardı. İki saat ərzində 17 zəhərlənmə diaqnozu çox böyük rəqəmdir. Tibb bacıları deyir ki, zəhərlənmələrin bir çoxu istixanalarda tərəvəzlərə çilənən kimyəvi dərmanlardan yaranır”.


Müəllif: Şəfiqə