18 Aprel 2018 23:31
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

İƏT Gənclər Forumunun Beynəlxalq İdarə Heyətinin yekdil qərarı ilə Azərbaycan Prezidenti İlham Əliyev “Gənclərin hamisi” Fəxri Nişanı ilə təltif edilib.

Teleqraf.com xəbər verir ki, nişan, Bakıda keçirilən İƏT Gənclər və İdman nazirləri 4-cü Konfransının iştirakçılarının Azərbaycan Prezidenti tətəfindən rəsmi qəbulu zamanı ölkə başçısına təqdim edilib.

Mükafat haqda məlumat verən İƏT Gənclər Forumunun Fələstindən olan İdarə Heyətinin üzvü Mazin Mahmud Əbdülrəhim bildirib ki, “Gənclərin hamisi” Fəxri Nişanı ilə İƏT ölkələri gənclərinin hərtərəfli inkişafı və yetişdirilməsi, dəstəklənməsi istiqamətində göstərdiyi fövqəladə və müstəsna xidmətlərə görə İƏT dövlət başçıları, tanınmış dövlət və ictimai xadimləri mükafatlandırılır.

“Gənclərin hamisi” Fəxri Nişanı 2016-cı ilin aprelində İƏT Gənclər Forumunun təşəbbüsü ilə İstanbulda 40 İƏT ölkəsinin iştirakı ilə keçirilmiş “1-ci İƏT Gənc Liderlər Sammiti”nin (İƏT Dövlət Başçıları Sammitinin rəsmi gənclik proqramı) qərarı ilə təsis edilmiş, ötən müddətdə mükafatın Əsasnaməsi və təltif qaydaları, eləcə də dizaynı beynəlxalq müsabiqə vasitəsilə qəbul edilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu mükafatın təqdim olunduğu ilk şəxsdir.

İƏT Gənclər Forumu İdarə Heyətinin qərarında qeyd olunur ki, Azərbaycan Prezidenti “İƏT gənclərinin institusional formalaşması və İƏT ölkələri gənclərinin inkışafı sahəsində göstərdiyi davamlı dəstəyə ” görə bu fəxri nişanla təltif edilmişdir.

Xatırladaq ki, İƏT Gənclər Forumu 2004-cü ildə Azərbaycanın ev sahibliyi ilə Bakı şəhərində təsis edilmiş, 2006-cı ildə Azərbaycan Prezidentinin şəxsi iştirakı ilə İstanbulda Baş Qərargahı açılmış, 2010-cu ildə Azərbaycan Hökumətinin dəstəyi və ev sahibliyi ilə Bakıda Forumun Avrasiya üzrə Regional Mərkəzi yaradılmışdır. İƏT Gənclər Forumunun bir çox beynəlxalq tədbirləri Azərbaycan Hökumətinin dəstəyi ilə Bakı şəhərində baş tutmuşdur.


Müəllif: Cavad