20 Aprel 2018 15:54
1 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkiyədəki səfirliyi Teleqraf.com saytının ünvanlandığı sorğunu cavablandırıb.

Qeyd edək ki, bir müddət öncə saytda hazırda Türkiyədə yaşayan teatr aktyoru və jurnalist Elçin Aslangilin İstanbul şəhərində yaşayan azərbaycanlıların böyük əksəriyyətinin daimi yaşayış icazəsi (oturum izni) olmadıqları üçün üzləşdikləri çətinliklərdən, o cümlədən təhsil hüququndan məhrum olmalarından bəhs edən məqaləsi dərc olunmuşdu. Məqalədə qeyd olunurdu ki, İstanbulun Qaziosmanpaşa, Sultanqazi rayonlarında minlərlə azərbaycanlı yaşayır. Həmçinin, bildirilirdi ki, bu rayonlarda adını belə yazmağı bacarmayan 6-17 yaş arası mindən çox azərbaycanlı var. Qeyd olunurdu ki, daimi yaşayış icazəsi olmayan valideynlər öz övladlarını Türkiyə məktəblərində oxuda bilmirlər.

Məqalədə əksini tapan məqamlarla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinə yazılı müraciət etmiş, məqalənin linkini səfirliyə göndərərək diplomatik nümayəndəliyimizin mövqeyini öyrənməyə çalışmışdıq. Səfirlikdən saytımıza daxil olan cavab məktubunda deyilir:

“Sizin 05.04.2018-ci il tarixində səfirliyimizə göndərdiyiniz elektron poçtda təqdim etdiyiniz linkdə qeyd olunan məsələlərlə bağlı səfirliyimizin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova İstanbul şəhərinə ezam olunmuş, məsələ yerindəcə araşdırılmış və aidiyyəti qurumlara ətraflı məlumat və təkliflər verilmişdir.

Hörmətlə,

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi”.

Bununla belə, sorğuya cavab məktubunda aidiyyəti qurumlara hansı təkliflərin verildiyi öz əksini tapmayıb. Ancaq “aidiyyəti qurumlara ətraflı məlumat və təkliflər verilməsi” sözlərindən bu qənaətə gəlmək olur ki, səfirlik məqalədə əksini tapan faktları inkar etmir, əksinə, problemlərin mövcud olduğunu etiraf etməklə yanaşı, müvafiq qurumları məlumatlandırır və onların həlli üçün təkliflər verildiyini bəyan edir.


Müəllif: Səxavət Həmid