23 Aprel 2018 17:11
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Salyan rayonlarını əhatə edən küdrü düzü ərazisinin sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirləri başlanıb.

Mərkəz tərəfindən qısa müddət ərzində 84.427 hektar sahədə çəyirtkəkimilərin monitorinqi aparılıb.

Monitorinqlər nəticəsində çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olduğu müəyyən olunub, aprel ayının 19-dan etibarən 1600 hektar sahədə ilkin mübarizə tədbirlərinə start verilib.

Mübarizə tədbirləri aparılan ərazilərdə əvvəlcədən xəbərdaredici nişanlar qoyulub, təsərrüfat sahibləri, fermerlər və ətraf kəndlərin sakinləri arasında maarifləndirmə tədbirləri həyata keçirilib.

Hazırda Dövlət Fitosanitar Nəzarət Xidməti tərəfindən çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə Tovuz, Qazax, Ağstafa, Samux və Səmkir rayonlarını əhatə edən Ceyrançöl ərazisində, İmişli, Beyləqan rayonlarında, eyni zamanda Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Şirinqum ərazisində, Şamaxı, Kürdəmir və Ağsu rayonlarını əhatə edən Padarçöl ərasizində monitorinqlər davam etdirilir.

Xatırladaq ki, Kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilirlər, bu isə onların təsərrüfat üçün nə qədər təhlükəli olmalarından xəbər verir. Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər.

Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562-87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər əkin sahələrində, fermer təsərrüfatlarında adıçəkilən zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.Şəfiqə


Müəllif: Şəfiqə