23 Aprel 2018 21:14
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 23-də Dövlət Gömrük Komitəsinin Akademiyasında “Dayanıqlı iqtisadiyyatın formalaşmasında ticarətin asanlaşdırılması təşəbbüsləri” mövzusunda mühazirələr başlayıb.

Teleqraf.com xəbər verir ki, Akademiyanın tələbə və müdavimləri üçün təşkil olunan mühazirələri Makedoniyanın Kiril və Mefodi Universitetinin iqtisadiyyat fakültəsinin fəlsəfə elmləri doktoru, professor İrena Kikerkova aparır.

Mühazirəçi Tariflər və Ticarət üzrə Baş Saziş (GATT/WTO) və Ümumdünya Ticarət Təşkilatı haqqında ətraflı məlumat verib. Tələbələr GATT/WTO və Ümumdünya Ticarət Təşkilatının tarixi, üzv ölkələr və təşkilatın funksiyaları barədə bilgiləndirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Beşgünlük mühazirələrdə Akademiyanın iqtisadiyyat fakültəsinin tələbələrilə yanaşı, müdavimlər də iştirak edəcək.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Akademiyası ölkəmizin ali məktəbləri ilə yanaşı, xaricdə yerləşən qabaqcıl təhsil ocaqlarıyla da işgüzar əlaqələr qurub. Bu əlaqələr çərçivəsində müxtəlif təhsil ocaqlarının mütəxəssisləri, tanınmış alimlər ölkəmizə səfər edərək Akademiyanın tələbələrinə iqtisadiyyat və hüquq sahəsini əhatə edən mövzularda mühazirələr oxuyur, təqdimatlarla çıxış edirlər.

Akademiyanın tələbələri də müxtəlif ölkələrin ali məktəblərindəki tədris prosesini öyrənmək və qabaqcıl təcrübəyə yiyələnmək məqsədilə xarici ölkələrə səyahət edir. O cümlədən, 2016-cı ilin avqustunda Dövlət Gömrük Komitəsi Akademiyasının 11 tələbəsi Makedoniyanın Ohrid şəhərində “Gömrük modernləşməsi vasitəsilə regional əməkdaşlığın genişləndirilməsində lider ol - fərqlilik et” mövzusunda təşkil olunan beynəlxalq yay məktəbində iştirak edib.

Bu ilin yanvarında isə Akademiyanın tələbələri Bakı şəhərində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) “Qış məktəbi” təqaüd proqramı üzrə təliminə qatılıb. Bu təlimdə Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutu, Çin Xalq Respublikası Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universiteti, eləcə də Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri də iştirak ediblər.

Eyni zamanda, bu ilin yanvarında Dövlət Gömrük Komitəsinin Akademiyasında Ukrayna Gömrük İşi və Maliyyə Universitetinin rektor əvəzi Yevgeniy Qarmaş “Konteynerlərə gömrük baxışı” və “Gömrük işində risklərin idarə olunması: beynəlxalq təcrübə” mövzusunda mühazirələrlə çıxış edib.


Müəllif: Teleqraf.com