23 Aprel 2018 20:46
11 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramov təhsil naziri təyin olunub.

Teleqraf.com xəbər verir ki, yeni nazir son təyinata kimi, təhsil nazirinin müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Ceyhun Əziz oğlu Bayramov 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.

Evlidir, 2 övladı var.

Onu da qeyd edək ki, Ceyhun Bayramov həm də maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.

Azər Bayramov yeni nazirdən 3 yaş böyükdür.


Müəllif: Teleqraf.com