24 Aprel 2018 19:43
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

...İnsan dünyada varlıq və yoxluq arasında vurnuxur. Bəlkə də dünyanın dərki, həyatın anlamı elə bu gizli mənanı tapıb kamilliyə qovuşmaqdadır. Amma əsrlər və qərinələr ötsə də, nə həyatın, nə də insanın sirri açılmayıb bu fani dünyada. Əslində Varlıqla Yoxluğun arasındadır insan. Birindən o birinədir yolu. Bir də bu yolda cığır var, ləpir var, iz var: Yaddaşlarda yuva salan yaxşı ad, yaxşı əməl, xatirələr... Qalanı da budur. Bir də yazdıqları, yaratdıqları.

Yaradılışın ən alisi olan insanın özü də yaradır, iz salır, ad qoyur, yoxluğu qəbullaya bilmir, bəzən heç yaxına buraxmadan yol gedir. Yaşadıqlarının qarabaqara təqibi altında, yaddaşına hopan xatirələrlə, xatirələrində olanlarla, hafizəsində diri qalanlarla birgə yoluna davam edir. Çox zaman yoxluğa inanmır özü müvəqqəti varlıq olan insan. Öz yoxluğunu qavramaq, dərk etmək istəmir, bəlkə də qəbullanmır, “Mən yoxam” deməyə cəsarəti çatmır.

Qurban Yaquboğlunun “Mən yoxam” adlı roman və hekayələr kitabı mənim üçün bu tabuları yıxan, bununla belə, bir oxucu olaraq daha çox yazıçının “Mən varam” nidasını, bəlkə də pıçıltısını eşitdirən yaradıcılıq nümunəsidir.

Əslində bu kitabda yoxluğu yox, özünütəsdiqi, var olmanı və “Mən varam”ı sezmək çətin deyil. Yazıçının təsvirləri o qədər canlı, bədii cəhətdən o qədər mükəmməldir ki, sanki hadisələrin axarına düşüb, bütün bunları yazıçı ilə birgə yaşayırsan. Əslində elə bu kitabdakılar yazıçının öz yaşadıqları, bəzən içərisində olduğu və müşahidə etdiyi hadisələr təsirini bağışlayır.

Azərbaycan ruhu, azərbaycançılıq var romanda. Buradakı təhkiyə forması elə seçilib ki, bəzən yerli şivəyə uyğun sözlərin ifadəsi oxucunu məhz milli təfəkkürə, milli ruha yaxınlaşdırır. Bununla yanaşı, kitabda bəşəri duyğular - sevgi, nifrət, bəzən qəzəb elə təsvir edilir ki, biz hər bir obrazın daxili aləmi və sarsıntılarına yazıçının dili ilə şahid oluruq.

Kitabın adı “Mən yoxam” olsa da, bu kitabda çox mətləblər var.

İnsani hisslərinin ən alisi olan anaya övlad məhəbbətinin özünəxas ifadəsini Qurban Yaquboğlu o qədər gözəl təsvir edib ki... Kitabda müəllifin atası ilə bağlı cümlələrində bir ədəb-ərkan, ağıryanalıq hiss edilir.

Əsərin dili axıcı və lakonikdir. Bu da oxucuya kitabı sürətlə oxumağa və tez zamanda bitirməyə əsas verir. Süjet xətti olaraq hadisələrin inkişafı ustalıqla təsvir edildiyindən romanı birnəfəsə oxuyur diqqətli oxucu. Bütün bunlar bu əsəri Azərbaycan ədəbiyyatına xas olan milli bədii ədəbiyyat nümunəsi kimi bizə sevdirir.

Beləcə, mən Qurban Yaquboğlunu bu kitabla tanıdım. Bu kitabdan onun haqqında çox şey öyrəndim. İlk kitabı olan, öz varlığını yoxluğu ilə yada salan bu qələm sahibinin üzdən mülayim təsir bağışlayan, zahirən sakit simasına və hərəkətlərinə rəğmən sanki içərisində, qəlbində bir təlatüm var. Kitabda bu içi təlatümlü, həm də həssas bir insanın kövrək duyğuları elə onun öz qələmi ilə o qədər gözəl təsvir edilib ki, bu avtobioqrafik əsər yazıçını bir andaca öz oxucusuna doğmalaşdırır, onu oxucusuna yaxınlaşdırır və tanıdır. Mənə tanıtdığı kimi.


Müəllif: Zeynab Kazımova