26 Aprel 2018 12:13
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin gömrük nəzarətindən gizli keçirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Tehran-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı İsgəndərov Arif Zərqulu oğlu gömrük nəzarətindən keçərkən, onun əl yükü rentgen aparatında yoxlanılıb. Bu zaman monitorda əks olunan təsvirlər gömrük nəzarətindən gizlədilmiş malların olması barədə əsaslı şübhələr yaradıb.

Bu səbəbdən yükün içərisindəki ərzaq mallarının arasında olan ağzı yapışqanla bağlı 3 ədəd qaymaq və 1 ədəd pendir qutularına vizual baxış keçirilib. Nəticədə qutuların hər birində kəskin iyə malik, qəhvəyi rəngli, islanmış vəziyyətdə olan narkotik vasitəyə oxşar maddə aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, cəmi dörd qutuda aşkar olunan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və ümumi təmiz çəkisi 1 kq 20 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət