16 May 2018 11:45
6 606
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pənah Hüseynlə bağlı məqalə yazmışdım, qəzeti bağladılar”

Teleqraf.com-un suallarını Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru Məmmədəli Qıpçaq cavablandırıb:

- Məmmədəli müəllim, zaman-zaman ortaq türk dili və əlifbası barədə müzakirələr gedir. Bunun reallaşacağına ümid edirsiniz?

- Ortaq türk dili, əlifbası və imlası aktual problemdir. Birincisi, ortaq türk dilindən başlamalıyıq. Bir çox adamlardan, tədqiqatçılardan fərqli olaraq, mən ortaq türk dilinin reallaşacağına bir o qədər inanmıram. Buna səbəb odur ki, biz qloballaşan dünyada yaşayarıq və qloballaşma təkcə iqtisadiyyatı deyil, mədəniyyəti, elmi, dili də əhatə edir. Artıq ingilis dili qlobal dil statusundadır və dünyada bu proses get-gedə sürətlənir. Qlobal ingilis dilinin təsiri altına düşməyən heç bir dil yoxdur. Əgər ortaq türk dili yaratmış olsaq belə, bu, elə yenə də qlobal ingilis dilinin təsiri altında olacaq. Tutaq ki, ortaq türk dilini ortaya qoyduq. Məlumdur ki, indiki şəraitdə müasir Türkiyə türkcəsi ortaq türk dilinə daha çox iddialıdır. Çünki bu ölkənin iqtisadiyyatı, insan resursları imkan verir ki, bu dil ortaq türk dili olsun. Biz ortaq türk dili kimi xakas, saur, uyğur dilini götürə bilmərik. Cəmi 3-4 min adam bu dildə danışır. Ortaq türk dilini ancaq türklər öz aralarında istifadə edə bilərlər. Başqaları bundan istifadə etməyəcək, yaxud az bir qismi istifadə edə bilər. Belə bir sual ortaya çıxır, Azərbaycandan Türkiyəyə gedən adam ortaq türk dilini bilsə, nə qazanacaq, ingilis dilini bilib ora getsə, nə itirəcək? Yəni, ingilis dilini bilməklə həm dünyada, həm də Türkiyədə rahat şəkildə keçinmək mümkündürsə, onda deyəcək ki, mən daha ortaq türk dilini neynirəm? İnsanları bunu öyrənməyə məcbur da edə bilmərik. Hər bir dilin öyrənilməsinə xeyli vaxt sərf olunur. İnsan bu müddət ərzində başqa bir işlə məşğul olsa, cəmiyyət üçün daha çox xeyir verə bilər.

- Bəs ortaq əlifba necə?

- Bu, yaxşıdır. Belə bir təşəbbüs 1990-cı illərdə olmuşdu və 34 hərfdən ibarət əlifba tərtib olunmuşdu. Bu əlifbadan azərbaycanlılar öz dillərinə uyğun 32 hərfi götürdülər, ikisi isə uyğun gəlmədiyi üçün həmin hərflərdən imtina etdik. Başqa türk dilləri də öz dillərinə uyğununu götürməlidir.

Təəssüf ki, tatarlar kiril əlifbasına qayıtmalı oldu

1993-cü ildə bu əlifbalar qəbul olundu, amma aradan iki il keçdikdən sonra latın əlifbasına keçən türkmənlər, özbəklər bu əlifbadan imtina etdilər. 6 türk dövlətindən - Qırğızıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistandan ikisi latın əlifbasına keçməyib. Qazaxlar təzəlikcə istəyirlər, bu isə uzun bir prosesdir. Yaxın 10 ildə onlar bu əlifbaya keçələr, ya keçməyələr. Qırğızlar, ümumiyyətlə, hələ bu haqda fikirləşmirlər. Özbəkistan və Türkmənistan 1995-ci ildə iki il həmin əlifbanı işlətdikdən sonra əlifbadan imtina etdilər və özləri üçün latın əlifbasının əsasında yeni əlifba yaratdılar. Bu əlifbanın bu cür dəyişdirilməsi siyasi səbəblərlə bağlı idi. İndi başqa türk xalqları da var ki, latın əlifbasından istifadə edilər. Bunlardan biri Özbəkistanda yaşayan qaraqalpaqlardır. Onlar özbək əlifbası əsasında özlərinə əlifba düzəldiblər. Latın əlifbasına keçən türk xalqlarından biri Krım tatarlarıdır. Təəssüf ki, Rusiyanın Krımı ilhaq etməsi ilə onlar yenidən kiril əlifbasına qayıtmalı olurlar. Bir də Moldovada yaşayan qaqauzlar latın əlifbasından istifadə edirlər. Qaqauzlar da özlərinə yeni bir əlifba düzəldiblər. O əlifba da nisbətən ümumtürk əlifbasına, yəni Azərbaycan və türk dillərinin əlifbalarına yaxındır. Amma o birilər yaxın deyil. Yəni belə problemlər var. Məsələn, bizim əlifbamızdakı “y`” səsini bildirən işarə türkmən əlifbasında “ı” səsini bildirir. Hər şey bir-birinə qarışır. Yaxud bizim əlifbamızda “j” səsini bildirən işarə türkmənlərdə “c” səsini ifadə edir. Oxuyanda elə bilirsən bu “c” yox “j” ilə yazılır. Amma o “j” deyil “c”dır. Özbəklərdə də eyni ilə elədir. O əlifba da naqis əlifbadır. Orda bəzi səsləri ifadə etmək üçün liqaturadan -iki hərfin birləşməsindən istifadə olunur. Yəni, iki hərf birləşir, bir səsi verir. Bu da çox pisdir, əlifba üçün düzgün deyil. Türkiyədə indi istifadə olunan əlifbanın özü də naqisdir. Azərbaycan əlifbası onların əlifbası ilə müqayisədə daha yaxşıdır. Məsələn, “y” səsini bildirmək üçün iki işarələri var. “İyi” sözünü iki cür yazırlar. “Yaxşı” mənasında olanda bizim adi “y” ilə, əgər “iyi” sözünü təsirlik halında işlədirlərsə “ğ” ilə yazırlar. İki incə sait arasında işlədiləndə “y” kimi oxunur, iki qalın sait arasında oxunmur. Əgər oxunmayacaqsa, bunu sən əlifbana niyə daxil etmisən? Ümumiyyətlə, türklərin, türk dilçilərin bir çox böyük xidmətləri var. Ancaq, bəzən yazıda, söz alınmalarında elə şeyə əl atırlar ki... Bütün dünyada “bank” sözü “bank” kimi işlənir. Onlar “bank” sözünü ediblər “banka”, “a” hərfini artırıblar. Lap yaxşı, başadüşüləndir, “a” səsini artırıblar ki, sözü düzgün tələffüz etməyə imkan versin, iki samit yan-yana gəlməsin. Bizim “fond” sözümüz var, türk dilində “d” səsini atıb “fon”şəklində işlədirlər, niyə bir sözdə əlavə səs artırılır, başqa sözdə atılır. Bir prinsip götürmürlər. İmla ilə bağlı onu deyə bilərəm ki, Avropa sözlərinin əksəriyyəti rus dili vasitəsilə dilimizə keçib, türklər isə özləri alıb, bu mənada alınma sözlərdə bəzi fərqlər özünü göstərir, xüsusi isimlərin yazılışında qarışıqlıq yaranır. Türkiyə türkcəsində orfoqrafiyanın qaydasına görə, mənbə dildəki sözün yazılışı saxlanılır. Biz isə həmin sözün tələffüz formasını götürürük, məsələn, görkəmli şərqşünas Pelyonu adını “Peylo” yazıb o cür oxuyuruq, türklər Pelliot qeyd edir, fransızca yazılışı saxlayırlar, amma Pelyo oxuyurlar. Elə elmi əsərlər var, yazılıb ki, Pelyo deyir filan fikir filandır, bu fikrə Pelliotda da rast gəlinir. Bunlar eyni adamdır, yazılışa görə başqa adamlar kimi təqdim olunur. Bu mənada imla qaydalarında ümumiləşdirmə aparmaq lazımdır ki, türk dilləri arasında yaxınlıq ortaya çıxa bilsin.

İslamçılığı deyil, türkçülüyü gücləndirmək lazımdır

- Türk dili və əlifbasını daha çox ona görə qabardırlar ki, xristian dünyasında birlik olsa da, türk dünyası istər mədəniyyət, istərsə də, elm, siyasət, iqtisadiyyatda bir araya gələ bilmir. Məsələn, uyğur türklərinə qarşı qətliam olanda ortaq mövqe sərgilənmədi.

- Türk dünyası hələ tam birləşib qurtarmayıb. Türk dünyasında o qədər problemlər var ki. Bu, həm siyasi, həm iqtisadi, hətta mədəni səviyyədə var. Uyğurlara gəlincə, hər iki ildən bir Çində uyğur qətliamı olur. Amma tük dünyası Çinin qarşısında dura biləcək səviyyədə deyil, gedib qoşun yeridə bilməz. Uzaq başı bəyanat verə bilər. Çinə müharibə elan etmək olar? Siyasətçilər bütün bunların hamısını nəzərə alır. Zaman hələ türklərin zamanı deyil, indi-indi özlərinə gəlirlər, görək zaman nə göstərəcək. Heç bir güc olmadan dünyaya meydana oxumağa cəhd göstərməyin xeyri yoxdur. Hamı biləcək ki, bu, blefdir.

- Türkçülük, islamçılıq, müasirlik qavramında islamçılıq nöqteyi-nəzəri son vaxtlar daha çox önə çəkilir. Bu tendensiyanı müşahidə edirsizmi?

- Biz müsəlman olmamışdan qabaq türk idik. Ona görə də islamçılığı bir o qədər qabartmaq lazım deyil. Amma İslam da pis din deyil axı. Təkallahlığı təbliğ edən, kitabı olan ən sonucu və mükəmməl dindir. İlk növbədə türkçülük, ondan sonra islamçılıq ola bilər. İslamı əvvələ salıb sonra türkçülüyü götürsək, bu, bizə heç bir fayda verməz. Belə olan halda İslam birliyindən danışacağıq. İslam Konfransı Təşkilatı var, amma dünya siyasətində onun heç bir əhəmiyyəti yoxdur. Ona görə də ilk növbədə türkçülüyü gücləndirmək lazımdır.

Gündə orfoqrafiya dəyişmək olar?

- Orfoqrafiya lüğəti ətrafında müzakirələrlə bağlı dilçi alim kimi fikirləriniz maraqlıdır. Bəzi məqamlarla razılaşırsınız, yoxsa bütövlükdə inkar edənlərdənsiniz?

- Orfoqrafiya lüğəti ilə bağlı məsələni jurnalistlər çox qabartdılar. Hamı da “alğı-satqı” sözündən yapışdı. Əşşi “alğı-satqı” sözünü düzəldəndə səhv ediblər də. Bu, “alqı” yox, “alğı” yazılmalıydı, bir dəfə səhvən “alqı” yazılıb, sonra camaat bunun üstünə düşdü. Biz “çalqı” demirik axı, “çalğı” olmalıdır. Bir səhv idi, səhvi düzəltmək lazımdır. Mən bu fikirdəyəm ki, orfoqrafiya baxımından gərək dilin özünün ənənəsi olsun. İngilislər 500 ildir öz dillərini, yəni yazılışı dəyişmirlər. Əslində ingilislər bizə bir dil əvəzinə iki dil öyrədirlər, bir yazılı ingilis, bir də şifahi dili öyrədirlər. Bunların arasında yerdən-göyə qədər fərq var. Adi misal deyim, təbiət mənasında olan “neyçə” sözü var, yazılışı “nature” şəklindədir, yaxınlıq “n” hərfi və səsi ilə bağlıdır, yerdə qalan səs və hərflər uyğun deyil. Biz birini öyrənməliydik, ingilislər bizə həm tələffüzü, həm də hərfi öyrədirlər. Çin də orfoqrafiyanı dəyişməyib. Axırıncı dəfə 8-ci əsrdə kosmetik dəyişiklik olub. Bizdə az qala deyirlər ki, hər gün orfoqrafiyada dəyişiklik edək. Bu, belə olmaz axı. Orfoqrafiya bir dəfə qaydaya düşübsə, bunu tez-tez dəyişməzlər. Bu, həm çaşqınlıq yaradır, həm də axı nəyə xidmət edəcək ki? Rus alimləri, ziyalıları bizdən çox savadsızdırlar ki, öz əlifbalarını dəyişmirlər? Axırıncı dəfə orfoqrafiya dəyişikliyi 1917-ci ildə olub. Mən bu fikirdəyəm ki, orfoqrafiya lüğətini tez-tez dəyişmək düzgün deyil. Adamın bir ənənəsi olar. Orfoqrafiyada üç prinsip özünü göstərməlidir: fonetik, morfoloji və tarixi-ənənəvi. Bizdə fonetik və morfoloji prinsipləri görmək olur, tarixi-ənənəvi prinsip haradadır, mən onu bilmirəm. Bir əsrdə üç dəfə əlifba, neçə dəfə hərflər, orfoqrafiya qaydaları dəyişilib, tarixi-ənənəvi bir şey qalıb ki? Əlifba dəyişirsə, hansı tarixi-ənənəvilikdən danışmaq olar? Bu mənada elə edək ki, bizdə də tarixi ənənə olsun, bilinsin ki, bizim də ənənəmiz var.

- Məmmədəli müəllim, niyə Qıpçaq təxəllüsü götürdünüz?

- Bütün kitablarım və məqalələrim Qıpçaq imzası ilə çap olunub. Bunu 1993-cü ildə götürdüm, o vaxtadək Məmmədəli Novruzov idim. O illər bir az qarışıq illər idi və xeyli yeni imzalar meydana çıxmışdı, hamısı da Oğuz idi. Məsələn, Yunus Oğuz, Müslüm Oğuz, Heydər Oğuz və başqaları. Azərbaycanlıların da 50 faizi oğuzdur, 50 faizi qıpçaq. Görünür, filmdəki Qıpçaq Məlik obrazının təsiri altında heç kəs özünə “Qıpçaq” təxəllüsü götürmək istəmirdi. Bizim tayfamız kəngərlidir. Naxçıvanda 6 kənd və şəhərin əhalisi kəngərli tayfalarındandır. Kəngərli tayfalarını yığıb Naxçıvanda Kəngərli rayonu da salındı. Bizim kənd ora düşmədi, Babək rayonundadır, amma ta qədim dövrdən məlumdur ki, biz də kəngərliyik. Kəngərlilər də oğuz deyil, heç qıpçaq da deyil. XI əsrdə Mahmud Kaşğari yazır ki, qıpçaqların içərisində kəngərli olmaq əsilzadə olmaq deməkdir. Yəni qıpçaqlar kəngərlilərə əsilzadələr kimi baxırmışlar. Hələ təkcə Naxçıvanda 100 min kəngərli var. Hamı soyadı daşımır axı. Novruzov, Məmmədov, Əliyev kimi o qədər soyad daşıyanlar var ki. Mən də “Kəngərli” yox, bir az fərqli olsun deyə “Qıpçaq” təxəllüsü götürdüm.

Hər evdən bir nəfər siyasətlə məşğul olsa, bəsdir

- Deputat Nizami Cəfərovun barənizdə bir yazısını oxudum. O da qeyd edirdi, tələbələriniz də deyir ki, tövazökarsınız, niyə vəzifə iddianız yoxdur?

- Yoxdur da. Başımı salmışam kitabların içinə, işim kitablarladır. Bizim evdə siyasətlə məşğul olan var, evdən biri olsa, bəsdir. Həm də siyasətlə ona görə məşğul olmuram ki, məni siyasətdə bir uşaq da aldadar. Əlimdən gələn iş deyil, kitab, dəftərlə məşğulam, öz halımdan məmnunam.

- Məşhur ifadə var, sən siyasətlə məşğul olmasan, siyasət səninlə məşğul olacaq.

- Onsuz da dünyanın gəlişi-gedişi ilə maraqlanırıq. Bu ifadə bu mənada düzgündür. Bir də var ki, siyasətlə ciddi şəkildə, peşə kimi məşğul olmaq. Bu yaxınlarda qardaşım Siyavuş Novruzovdan müsahibə zamanı soruşmuşdular ki, küsülüsüz?. O da demişdi ki, heç siyasi baxışı yoxdur. Düz deyir də, mən heç bir partiyanın baxışı ilə indiki Azərbaycana baxmıram. Fikrimcə, hamısından rahatı budur, özümü belə rahat hiss edirəm.

- Heç vaxt siyasətə gəlmək barədə tövsiyəsi də olmayıb?

- Mən Siyavuşdan 13 yaş böyüyəm, Hüquq fakültəsinə qəbul olmuşdu, özü siyasətlə məşğul olmağa başladı. 20 yaşından siyasətdədir. Yeni Azərbaycan Partiyasını yaradanlardan biridir, təsis qurultayında da iştirak edib, indi də İdarə Heyətinin üzvüdür. Mənim partiya işlindən başım çıxmır.

- Partiya mənsubiyyətiniz də yoxdur?

- Heç bir partiyanın üzvü deyiləm, heç vaxt da olmamışam. Kommunist partiyasına da üzv yazılmamışdım. Demirəm ki, YAP-ın və ya başqa partiyaların əleyhinəyəm. Yox, deyirəm, başım çıxmır bu işdən.

Namizədliyini verməyən yerə adamı seçərlər?

- Bəzi şəxslər nüfuz xatirinə, yaxud özünü elmə həsr edib, dərəcə almaq, akademik seçilmək istəyir. Vəzifə iddiasında da olmamısınız, nə əcəb namizədliyinizi irəli sürmürsünüz?

- Hələ özümü layiq bilmirəm. Elmlər doktoruyam, professoram, bəsdir də. Daha adama nə verərlər? Akademiklik barədə heç fikirləşmirəm. Fikirləşsəydim, indiyədək bir yerə sənəd verərdim. Bu qədər AMEA-ya seçkilər olub, hansına sənəd vermişəm ki, məni seçməyiblər? Namizədliyini verməyən yerə adamı seçərlər?

- Deyəsən, vaxtilə qəzetlərə də məqalələr yazmısınız, hətta “Yeni Turan” qəzetinin fəaliyyəti yazınıza görə dayandırılıb. Əsasən hansı mövzulara toxunurdunuz?

- 1993-cü il çox qarışıq idi, “Yeni Turan” qəzetində xeyli məqalələrim çıxdı. Gündəlik həyatdan yazırdım.

Pənah Hüseyndən məqalə yazdım, həmin gün istefa verdi

Pənah Hüseynin vaxtında “Baş nazirin zarafatı” adlı məqalə yazmışdım. Deyirdi ki, inflyasiya yoxdur, mən də məqalə yazdım ki, ay kişi necə olur, dünən şəkər tozu bu qiymətə idi, bu gün qalxıb. Qeyd elədim ki, belə çıxır, baş nazir bizimlə zarafat edir. Mən adi müəllim babayam, uzaq başı evimdə zarafat edə bilərəm, bu kişi baş nazirdir, istəsə bütün millətlə zarafat edə bilər. O məqalə çapa hazırlananda saat 11-12 olardı, dedilər Pənah Hüseyn istefa verib. Dedim, nə danışırsınız, mən də “Baş nazirin zarafatı” adlı məqalə yazmışam, yığılıb artıq. Mətbəəyə getdim, oğlana dedim ki, yazını sıxmaq olarmı, dedilər çətin məsələdir. Çıxarıb siqaret pulu verib dedim, sən canın bunu sıx, iki sətir əlavə edək. Yazının altına P.S. yazdım: Yazı çapa gedəndə xəbər gəldi ki, baş nazir istefa verdi, bilmək olmaz, bəlkə yenə zarafat edir. Bu yazı ilə də qəzeti bağladılar. Qəzet Müsavatın orqanı idi. Çörək puluna işləyirdim, məqalələr yazırdım. Ümumiyyətlə, o illərdə xeyli məqalələrim çıxmışdı.

- Mövzular siyasi və sosial yönlü olub?

- Müxtəlif mövzularda idi. “Mənim vətənim, mənim çarpayımdır” adlı məqaləmdə ermənilərin Azərbaycanı kənd-kənd əlimizdən almalarından yazmışdım. Hərə öz kəndini müdafiə edirdi, ümumi müdafiə yox idi. “Bu dünyada insan olub qalmaq üçün ilin ən azı 5 günü kefli İsgəndər olmaq lazımdır” mövzusunda bir qəzet səhifəsi həcmində yazmışdım. Bu, o dövrdə ziyalı kimi hər şeyə bir münasibət istəyindən irəli gəlirdi, yazırdım. Mindən artıq məqaləm olub.

- İndi niyə yazmırsınız?

- Yazmıram, amma “Ədəbiyyat” qəzeti üçün köşə tipli yazılar yazmaq fikrim var. Söz aləminə səyahət tipli yazılar yazmağı düşünürəm. Atalar sözləri, məsəllər, sözlərin izahına dair kitabım çıxıb, “Ədəbiyyat” qəzeti üçün yazmağı davam etdirmək istəyirəm.

Fikirləşirdim ki, İnsanov, Çovdarov nədir?

Son dövrlərdə mətbuatda ən çox istifadə olunan ad və soyad Əli İnsanov və Akif Çovdarovdur. Hansı saytı açırsan, onlardan yazırlar. Fikirləşirdim ki, İnsanov, Çovdarov nədir? Niyə Azərbaycanda Buğdayev, Arpayev, Qarğıdalıyev, Qarabaşağov yoxdur? Bizdə çovdar əkən varmı? Sadəcə soyadını səhv yazıblar, kənd sovetinin katibi yanlışlığa yol verib. Azərbaycanda mal-heyvan otaran adama çoban, ticarətlə məşğul olan adama isə qədimdə çodar deyirdilər. Koroğlu dastanında da çodar var. Bu adamın familiyası Çodarovdur. Pənah Hüseynin də atasının adı Çodardır. Bu, bir səhvdir. İkincisi, İnsan adında adam yoxdur, bəs necə soyad olub? Onlar Qərbi Azərbaycandandır, özü də Türkiyəyə yaxın ərazidəndirlər. Türkiyədə İhsan adı məşhurdur, bizim “ehsan” sözünə onlar “ihsan” deyirlər. Kənd soveti katibi səhvən İhsanovu İnsanov yazıb. Bu cür ifadələr çoxdur, ikisini sadaladım. Bunları təhlil etməyi düşünürəm. Hara baxırsan, NZS pivəsi və ya berqamot çayı yazılır, hamısının izahı var.

- Bəs indi hansı sosial problemi qabartmağı vacib bilirsiniz?

- Azərbaycanda elə böyük sosial problem yoxdur. Gənclərimiz irəli gedir.

- Tələbələrlə işləyirsiniz, hər il ayrı-ayrı ixtisaslar üzrə tələbələr ali məktəblərdə məzun olur, işsizliklə bağlı yəqin şikayətlər eşidirsiniz...

- Bir iş adamı vardı, deyirdi ki, bacarığı olan kran sürən, maşinist axtarıram, ancaq tapmıram. Qabaqlar peşə təhsili vardı, mütəxəssislər yetişirdi. Bu kimi problemlər var, bununla da dövlət məşğul olur. Elə şeylər var ki, dövlət 20 ildir onunla məşğuldur, bundan xəbərimiz yoxdur. Dövlətin özünün maraqları var. Mənim işim dil nəzəriyyəsi, türkologiya ilə bağlıdır.

50 nəfər onun haqqında söz deyəcəksə, hamısına cavab verməliyəm?

- Bir adət var ki, kimsə vəzifədədirsə, onun qardaşına, bacısına, qohumuna kimisə tapşırdırlar. Sizə kimisə Siyavuş Novruzova tapşırtmaq üçün müraciət edənlər olur?

- O qədər olur ki, daha yorulmuşam. Qardaşa gedib birini, ikisini, uzağı üçüncünü deyə bilərsən, hamısını demək olmur axı. Hətta nəinki qardaşa, elə adam olur keçə bilmirsən, qardaşımın qohumuna da ağız açmalı oluram.

- Siyavuş Novruzovun bəzi fikirləri sərt tənqid edilir, barəsində bəzən sərt ifadələr səslənir. Qardaşı olduğunuzu bilmədən yanınızda tənqid edənlər olub?

- Olub, həmin yerdən çıxıb getmişəm. Qardaşım özünə elə peşə tapaydı ki, onun haqqında belə söz deməyəydilər, bəs mənim haqqımda niyə demirlər? Siyasət işi elədir ki, heç vaxt hamını razı salmaq olmur. Kimlərsə, ondan narazı qalır, deyirlər düz eləmir, savadı yoxdur, durub ona cavab verəsi deyiləm ki?! Bir adam deyil, ikisi deyil, respublikada 50 nəfər onun haqqında söz deyəcəksə, hamısına cavab verməliyəm? Gedib özü cavab versin də.


Müəllif: Nərgiz Cavadzadə