17 May 2018 11:20
2 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenə Ramazan ayı girdi. Əslində belə post, dieta, pəhriz saxlamaq, demək olar ki, hər bir inancda var. Ancaq müsəlmanlar özlərini elə aparır, guya onlardan başqa bu pəhrizə əməl edən vacib qövm yoxdu.

Müsəlmanlar bu pəhriz ayını ruhaniləşdirərək ona çoxlu don geyindirirlər. Məsələn, çoxusu deyir, biz dünyadakı ac müsəlmanların halını şəxsi dərimizdə duymaq üçün aclıq keçirdirik. Bu ara həm də sosial şəbəkələrdə Afrika aclarının bir dəri, bir sümük şəkillərini paylaşıb qeyri-müsəlmanlara qarğış yağdırırlar. İndi mən bunlara deyirəm, xeyir ola, həmin ac qardaşlarını niyə ildə bircə dəfə yad edirsən? Olmazmı, onların durumunu həmişə gündəmdə saxlayıb onlara lazımi yardımlar göstərəsiniz?
Abdal Omar adlı bir Suriya rəssamı var. Adam siyasi rəsmlər çəkir. Ən məşhur rəsmlərindən birinin mövzusu belədi: demək, dünyanın ən aparıcı siyasi şəxsiyətlərini qaçqınların humanitar yardım növbəsinə durduğu yerdə çəkib. Rəsmdə Barak Obama, Kim Çen İr, Vladimir Putin, o arvadın adı nədi, Angela Merkel, Emmanuel Makron kimi məşhurlar makaron növbəsinə durub. İlk baxışdan rəsmin ideyası çox çəkici görünür. Rəssam demək istəyir ki, qoy, dünyanın bu tanınmışları özlərini ərəb qaçqınlarının yerinə qoysun və humanist addım atmaq üçün insafa gəlsinlər. İndi mən həmin rəssama sual verirəm, ay ərəb, birincisi, siz müsəlmanlar rəsmini çəkdiyin o şəxsiyətlərin hamısını kafər, murdar adlandırırsınız, bu heç. İkincisi, siz müsəlmanlar nəyə görə həmişə söydüyünüz ölkələrə sığınır, söydüyünüz şəxsiyyətlərdən imdad diləyirsiniz? Olmazmı, o qaçqın kontingentin arasında bir-iki ərəb milyarderlərin də rəsmini nəqş edəsən? Nə üçün yalnız kafər saydığın şəxsiyətlərdən ummalısınız? Niyə sənin o müsəlman dünyan gedib Kayli Cenner, Dita fon Tiz, Monika Belluçi, Cessika Parker, Pamela Anderson, Conni Dep kimi məşhurların xeyriyə əməllərindən dərs almırlar? Göstər görüm, hansı ərəb varlısı bir müharibə yetimini övladlığa götürüb himayə eləyir? Sən bilirsənmi, o yerlə sürünən, bir dəri, bir sümük qalmış Afrika adamı niyə o hala düşüb? Əlbəttə, bilmirsən. Çünki sən yalnız şəkil paylaşırsan, şəkildəki insanın taleyi isə səni maraqlandırmır. Belə şəkillər yalnız ramazan ayında yadına düşür. Həm də bu şəkli qeyri- müsəlmanları söymək üçün kullanırsan. Halbuki, o şəkildəki bir dəri, bir sümük adam aclıqdan yox, tibbin pis vəziyətdə olduğundan o günə düşüb. Onu o hala salan Afrikadakı antisanitariya şəraitinin yaratdığı infeksion xəstəliklərdi. Onlar cüzəm, dezinteriya, qarın axma mərəzindən o günlərə düşürlər. Bu insanlar aclıqdan yox, dərmansızlıqdan, elmsizlikdən o günlərə qalırlar! Sənsə həm Merkeli söyürsən, həm də oruc tutub özünü Allahın bacısı oğlu sayırsan.

Əsasını qədim yoqa təlimindən almış, sonradan təkallahlı dinlər tərəfindən eybəcər hala gətirilmiş aclıq təbabətini dini siyasətə bulaşdırıb camaatı çaşdırmaq heç də yaxşı iş deyil. Bilirsənmi, ticarətdəki real haqq-hesab çox örtülü şeyləri aşkara çıxarmaqda mahirdi. Statistika deyir ki, ramazan ayı ərzaq mağazalarının ən çox alver elədiyi mövsümdü. Yəni, müsəlmanlar ramazan ayında, nəinki az qidalanır, əksinə, həmin mövsümdə daha çox yeyirlər. Bu arada erkək-dişi müsəlmanların cütləşərək dünyaya gətirdikləri və özbaşına buraxdığı körpə uşaqları isə yenə kafər saydığınız xristianlar himayə edir. Qoy, bir-ikisini burda yazım. Məşhur kinoulduz Vudi Allenin həyat yoldaşı Mia Ferrou 14 yetimçənizi, Bred Pitt-Anjelina Coli cütlüyü 18 kimsəsiz uşağınızı, Nikol Kidman 9 yetimi, Sandra Bullok 11 kimsəsizi, Aleksey Serebryakov 6 uşağı, Tatyana Ovsienko 8 uşağı, Liliya Podkopayeva 12 yetimi öz himayəsinə götürüb. Məşhur Madonna isə öz hesabına kimsəsiz uşaqlar üçün ev yaradıb ki, orda yüzdən çox kimsəsiz uşaqları öz hesabına böyüdüb təhsil verir.
Siz, yoldaş müsəlmanlar, səhərin açılmasını və gecənin qaralmasını güdüb orucluğunuzla məşğul olun. Doğub törəyin, narahat olmayın. Sizin bu dünyaya buraxdığınız uşaqların taleyi ilə kafərlər məşğul olacaq. Yeddi milyondan çox insanı maddi yardımları ilə xəstəlikdən xilas edən gavur Bill Gates ölməyib ki!
Ancaq bu şərti unutmayın, tüpürcəyinizi udmayın, çünki haramdı!


Müəllif: Teleqraf.com