17 May 15:03

Hər il Ramazan ayında, eləcə də Qurban bayramında müsəlmanlar arasında fikir ayrılığı yaranır. Xüsusən, orucluğun başlanma tarixi fərqli günlərə təsadüf edir. Bu isə oruc tutan insanlarda, o cümlədən azərbaycanlı dindarlarda çaşqınlığa səbəb olur.

Məsələyə aydınlıq gətirmək üçün Teleqraf.com-un sullarını “Məşədi Dadaş” məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli cavablandırılıb.

- Hacı, müqəddəs Ramazan ayının başlanması tarixi ilə bağlı bu il də yekdil fikir olmadı. Bəzi insanlar ayın 16-da, bəziləri isə 17-də oruc tutmağa başladı... Bu mübahisəyə necə baxırsız?

- Bəzi insanlar ixtilaf görüntüsü yaratmaq istəyir. Əslində burada başqa çalarlar axtarmağı düzgün hesab etmirəm. Qurani-Kərimdə Allah buyurur ki, sizlərdən kim Ayı görsə, oruc tutsun. Yəni, Ay görünməsi ilə oruc tutulur. Bu sadə məslədir. Müasir dövrdə Ayı gözlə yanaşı, həm də müasir cihazlar vasitəsi olan teleskopla da görmək mümkündür. Dinimiz buna müsbət yanaşır.

Azərbaycanda Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası var. Bu məsələlərlə Qafqaz Müsəlmanları İdarəsi və rəsədxana birlikdı komissiya yaradıblar. Onun tərkibində QMİ-nin din xadimləri və rəsədxananın nümayəndələri daxil edilib. Mən də həmin komissiyanın üzvüyəm. Mayın 15-i axşam Azərbaycan ərazisində Ayın görünməsi mümkün deyildi. Ay dünən axşam göründü və orucluq bu gündən başladı.

Türkiyə və başqa dövlətlərdə orucluğun bizim ölkədən bir gün tez başlaması onların coğrafi mövqeyilə bağlıdır. Bəzən Ayın görünməsi yox, doğması şərt olaraq götürülür. Məsələn, bəzi baxışlar var ki, onlar üçün Ay doğdusa, oruc tutula bilər. Amma Qurani Kərimdə deyilir ki, Ayı görən zaman oruc tutmaq lazımdır. Elmi hesablamalar da Ayın görünməsi ilə aparılır. Azərbaycanda ənənəvi olaraq Ayın görünməsinə üstünlük verilir. Bunun başqa bir siyasi mənası yoxdur.

İşin içində olan bir insan kimi deyirəm ki, Azərbaycanda Ramazanın başlanması tam elmi qaydaya, yəni Şamaxı Rəsədxanasının hesablamalarına əsaslanır. Yəni, elmi və dini baxımından bu, tam şəkildə düzgün yanaşmadır.

- Bəs, siz hansı gündən oruc tutmağa başladız?

- Mən bu gündən, yəni mayın 17-dən başladım.

- Sizcə, bu mübahisələrə son qoymaq üçün Qafqaz Müsəlmanları İdarəsinin fətvası kifayət edirmi?

- Hər bir ölkədə bir mötəbər dini qurum var. Həmin dini qurumun görüşlərinə insanlar əməl edir. Türkiyədə, İranda, Ərəbistanda və sair yerlərdə də bu cürdür. Təəssüflər olsun ki, bir qurp insan var, öz mötəbər dini qurumumuza o dərəcədə etimad göstərmir. Hər il Ramazan ayının başlaması zamanı bu cür suallar yaranmasına səbəb olurlar. Əksər insanlar bizə müraciət edir və təqvimləri götürürlər. Burada şübhə yaratmağa heç bir əsas yoxdur.

Kimin nə marağı var ki, Ramazan ayının başlamasını, yaxud bayramını vaxtını səhv desin? Bu məsələ zarafat, oyun-oyuncaq deyil axı. İnsanların orucu, namazı mənəvi məsələlərdir. Burada hansısa bir qərəzdən söhbət gedə bilməz. Bütün Azərbaycan üçün vahid cədvəl tərtib olunub. Orada azan, namaz, imsak və iftar vaxtı qeyd edilib. Məscidlərə də tapşırılıb ki, eyni vaxtlarda azan verilsin. İnsanlar rahat şəkildə bu təqvimlərə əməl edə bilərlər.

Komissiyanın üzvi kimi məsuliyyət daşıyıram və əmin edirəm ki, burada dini və elmi görüşlər əsasında təqvimlər tərtib edilib.

- Orucun bir gün tez tutulması böyük problem yaratmır. Amma bayram səhv günə salınarsa, yəni, həmin günü müsəlman oruc tutarsa, oruc ona haram hesab olunur. Bu halda günah kimin boynunda olur?

- Orucun bir gün tez tutlmasını problem hesab etmirəm. Bayramda da Ayın görünməsi məsələsi əsas götürüləcək. Ola bilər ki, bir ölkənin ərazisində Ay tez görünsün və bayram olsun. Azərbaycanda, Misirdə və sair ölkələrdə mayın 17-dən oruc tutuldu. Ola bilər ki, bəzi ölkələrdə Ay daha tez görünsün. Ona görə, iki-üç gün bayram kimi qeyd edilir.

Hər bir insan öz coğrafi mövqeyinə uyğuna, etimad etdiyi dini müəssisəyə müraciət etməlidir. Azərbaycanda da bu funksiyanı Qafqaz Müsəlmanları İdarəsi öz üzərinə götürüb. Bayram günü də Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və QMİ-nin komissiyasının birgə müşahidəsi əsas götürüləcək. Azərbyacanda ərazisində Ay görülən zaman bayram elan ediləcək.

- Bəzi insanlar bayram və orucluğun başlanması günü ilə bağlı mübahisələrdə geosiyasi amili önə çəkirlər. Azərbaycan dindarlarının daha çox İran təqviminə əsaslanmasını necə qiymətləndirirsiz?

- Bəzi ictimai xadimlər məhzəbçilik mərəzinə tutulublar. Deyirlər ki, təqlidçilikdən azad olmalıyıq və Türkiyəyə istinad etməliyik. Özləri insanları təqlidçiliyə dəvət edirlər. Biz bu məsələlərdə Türkiyə və yaxud İrana istinad etməməliyik. Azərbaycanın yerləşdiyi coğrafi mövqe var. Təsadüfən Ramazan ayının başlanması hansısa ölkə ilə bir il üst-üstə düşə, bir il düşməyə bilər. Ölkəmizdə yaşayanların inancı, dinə özünəməxsus yanaşmaları var. Bütün bunlar nəzərə alınır. Əsirlər boyu biz Quran-Kərimə istinad etmişik. Kimlər Ayı gözlə müşahidə edirsə, Ramazan ayı başlayır. Bizim istinadımız hanısa bir ölkəyə yox, Qurani-Kərim ayəsindədir. İnternetdə də hansı ölkədə Ayın nə zaman görünməsi əvvəlcədən bildirilir. Burada qaranlıq, qeyri-şəffaf bir məsələ yoxdur. Xüsusi ilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası müşahidə ilə məşğul olur.

Bir il mən gedib teleskop vasitəsilə ayın çıxmasını müşahidə etmişəm. Bu məsələyə başqa bir rəng qatmaq, hansısa bir ölkəyə istinad etmək tamamilə yanlışdır. Bu cür fikirlər insanları çaşdırmaq üçün bəzi insanlar tərəfindən deyilir.

Təqlidçiliyi tənqid edənlər hansısa ölkə ilə uyğun Ramazan ayına başlamalı olduğumuzu bildirirlər. Niyə? Qarşı tərəfi təqlidçiliklə ittiham edirlər, amma özləri başqa bir dövlətin namaz və oruc vaxtına əməl etməli olduğumuzu deyirlər. Dövlətlər, xalqlar qardaş ola bilər. Amma hər bir ölkənin mötəbər dini qurumu və din xadimləri var. İnsanlar da onlara istinad edirlər.

- Sizcə, Azərbaycan müsəlamanları Ramazanın başlanması, orucluq və Qurban bayramlarının təyini ilə bağlı necə hərəkət etməlidir?

- Bu məsələlərə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ilə Qafqaz Müsəlmanları İdarəsi birlikdə rəy verilir. Bu, dini məsələdir. Ekspert rəyləri nəzərə alınır və müşahidələrin nəticəsində Ayın çıxması barədə QMİ bəyanət verir ki, insanlar bunlara əməl etsin. Nədənsə başqa ölkələrdə bu cür suallar yaranmır. Müxtəlif firkilərin heç bir elmi və dini əsası yoxdur.

- Bəzən rastlaşırıq ki, kiminsə xəstəliyi var, amma oruc tutur. Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməz?

- Həkim kimlərəsə oruc tutmağın ziyanlı olduğunu bildirirsə, oruc tutmamalıdırlar. Onlara həkim icazə vermir və oruc tuturlarsa, haram hesab olunur. Eyni zamanda, yaşlı insanlar, hamilə qadınlar, süd verən analar oruc tutmaqdan azad olunur. Qalan insanlar oruc tutmalıdırlar.

- Orucluqda nələr haram sayılır?

- Qida qəbulu, başın suya batırılması, Allah, peyğəmbər və imamların adından yalan danışmaq, cinsi münasibət, səhər namazına kimi qüsulsuz qalmaq orucu batil edər.


Müəllif: İlhamə Əbülfət
Загрузка...