19 May 2018 09:37
3 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cürbəcür silahlar, hərbi təyyarə maketləri, döyüşçülərin şəxsi əşyaları, hərbi geyimlər... Divarlarda müxtəlif dövrü əhatə edən şəkillər istər-istəməz insanı odlu-alovlu illərə aparır.

Söhbət Azərbaycan Hərb Tarixi Muzeyindən gedir. Bu muzeydə hər şey müharibəni xatırladır...

Aqarunovun 533 nömrəli tankı

Muzeyə kiçik ekskursiyamızı həyətdə açıq səma altında nümayiş etdirilən ekspozisiyalardan başladıq. Ermənilərin başına 5 milyon rubl pul qoyduğu Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun idarə etdiyi 533 nömrəli tankın şərəfinə bura eyni nömrəli tank qoyulub.

Albert Aqarunov haqda kifayət qədər məlumatlıyıq. O, məhz bu tankla yüzlərlə erməni əsgərini məhv edib.

Başqa bir tanka yaxınlaşırıq. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 17 nömrəli hərb maşını... Qəhrəman Aslanov bu tankla Berlinə qədər gedib çıxıb.

Qeyd edək ki, Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci ilin dekabr ayından fəaliyyət göstərir. Muzey 2004-cü ildə yeni inşa olunmuş binaya köçürüldükdən sonra Müdafiə Nazirliyinin 12 iyul 2004-cü il tarixli əmrinə əsasən açıq səma altında Quru Qoşunlar, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələrinə aid 127 adda müxtəlif növ hərbi texnikadan ibarət ekspozisiya yaradılıb.

98 adda hədiyyə eksponat

Muzeyin rəisi Əzizağa Qənizadə deyir ki, bura xalqın tarixi keçmişini, zəngin dövlətçilik ənənələrini, eləcə də hərb tariximizi özündə əyani təcəssüm etdirən mühüm mədəniyyət ocağıdır: “Açıq səma altında sərgilənən bir çox eksponatlarımız Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş paradda nümayiş olunub. Muzeyin daxili ekspozisiyasının bədii tərtibat işlərinə 2007-ci ildən başlanılıb. Bu işə Azərbaycan Milli Elmlər Akademiyasının Bakıxanov adına Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutundan, Bakı Dövlət Universitetindən alimlər cəlb olunub.

Mərkəzi Dövlət Arxivi və İctimai-siyasi partiyaların arxivi ilə əlaqələr yaradılıb, qədim dövrdən müasir zamanadək hərb tariximizin inkişaf mərhələləri geniş təhlil olunaraq xronoloji ardıcıllıqla əks etdirilib”.

Hazırda muzeydə ekspozisiyalar açıq səma və bina daxilində nümayiş olunur. Daxili ekspozisiyada 12 zal açıqdır. Ümumilikdə zallarda 6 minədək eksponat mühafizə və nümayiş olunur.

Muzey rəhbəri deyir ki, qədim dövrə məxsus eksponatlar onlara hədiyyə olaraq verilib: “Muzeydə qədim və erkən orta əsrlər, xanlıqlar, XIX əsrin sonu –XX əsrin əvvəlləri, Azərbaycan Xalq Cümhuriyyəti, 1920-1939, 1941-1945, eləcə də 1946-1991-ci illər, müasir dövr, həmçinin, Heydər Əliyev və ordu quruculuğu, o cümlədən Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərinə aid zallar fəaliyyət göstərir.

Həmin zallarda nümayiş olunan stend və vitrindəki eksponatlar dövlətçiliyimizin tarixinin dərin köklərə malik olduğunu göstərməklə yanaşı, əcdadlarımızın Vətənin hər qarışının qorunub saxlanması uğrunda apardıqları mübarizəni özündə əks etdirir.

Bilirsiniz, muzeyin əsas işi eksponatları əldə eləmək, toplamaqdır. Muzey əməkdaşları yeni eksponatların əldə olunması üçün fəal iş aparır, hərb tarixinə dair araşdırmaların aparılmasında yaxından iştirak edirlər. Muzeyimiz bu istiqamətdə fəaliyyətini daha səmərəli və faydalı etmək üçün qədim və orta əsrlər dövrü zallarında yer alan stendləri orijinal eksponatlarla təmin etmək məqsədilə 2017-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ilə əlaqələr qurulub, muzeyə qədim dövrə məxsus 98 adda eksponat hədiyyə olaraq verilib”.

AXC-nin 100 illiyi muzeydə

Muzeyin birinci mərtəbəsində qədim dövlətlər olan Atropatena, Albaniya, Mannaya aid qədim əşyalar, silahlar nümayiş etdirilir. Həmin dövrlərə aid əşyaların emalatxanada hazırlanmış maketləri də var.

1801-1918-ci illər zalında Azərbaycanın iki hissəyə bölünməsini göstərən eksponatlarla da tanışlıq mümkündür.

Direktor deyir ki, muzeydə təqdim olunan, tarixin müxtəlif dövrlərini özündə əks etdirən bu orijinal eksponatların bəzilərinin yaşı milyon, bəzilərininki isə minilliklərlə ölçülür: “Tarixin ən qədim dövrü olan daş dövrünün - paleolit, mezeolit, həmçinin neolit eralarının tapıntıları məhz bu eksponatlar içərisindədir. Muzeyimizə verilən eksponatlar arasında eyni zamanda tunc və dəmir dövrünün hərb tarixini özündə əks etdirən, dəmir və tuncdan hazırlanmış nizə və ox ucluqları, döyüşçü bəzəkləri, erkən orta əsrlər dövrünün döyüşçüsünün su qabı, döyüşə gedərkən səfər üçün nəzərdə tutulan ərzaqların daşınmasında istifadə olunan küplər, habelə döyüş atlarına məxsus bəzi əsləhələr də var”.

Əzizağa Qənizadə deyir ki, muzey həmçinin elmi-tədqiqat müəssisəsi kimi də fəaliyyət göstərir: “Azərbaycan Hərb Tarixi Muzeyi AXC-nin və Azərbaycan ordusunun 100 illiyi münasibəti ilə mühüm işlər həyata keçirir. Muzeydə bu mövzularla bağlı səyyar ekspozisiya yaradılıb. Həmin dövrdə orduda istifadə olunan geyim və silah nümunələrinin hazırlanması işinə başlanılıb.

Muzey Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin AXC-nin 100 illiyi münasibəti ilə imzaladığı sərəncama və Azərbaycan ordusunun 100 illiyi münasibəti ilə Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən 2018-ci ilin sonunadək bu mövzuda tədqiqat və təbliğat işi aparacaq. Bakı qarnizonunda olan hərbi hissələrin, hərbi məktəblərin, həmçinin Təhsil Nazirliyinin bütün strukturlarını muzeyə cəlb edərək, AXC və Azərbaycan ordusu ilə bağlı məlumatların çatdırılmasında fəal iş görürük.

Muzey xalqımızda hərbi vətənpərvərlik hislərinin yüksəldilməsinə xidmət edir, onlarda hərb tariximizə maraq və diqqət oyadır, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçdiyi döyüş yolunu və qoşun növlərinin inkişaf tarixini, döyüş əməliyyatlarının çatdırılması kimi mühüm və şərəfli işi həyata keçirir”.

Mühasirədə olan Kəlbəcər, qəhrəmanlar...

Hərb Tarixi Muzeyinin 2-ci mərtəbəsində İkinci Dünya müharibəsi zalında rəsm əsərləri, Sovet İttifaqı Qəhrəmanlarının portretləri, büst və heykəlləri nümayiş olunur.

Elmi işçi Sevər Həsənova deyir ki, zalın girişində İkinci Dünya müharibəsində həlak olan azərbaycanlı oğulların xatirəsinə həsr olunan kiçik bir guşə yaradılıb: “Müharibədə istifadə olunan silahların, mərmilərin, güllə gilizlərinin, tapança qablarının nümunələri var. Muzeydə Azərbaycan tarixində misli görünməmiş qəhrəmanlığı özündə əks etdirən rəsm əsəri də var. Əsər yağlı boya ilə işlənib. Rəsm 1993-cü ildə mühasirədə olan Kəlbəcər rayonunun 60 min əhalisinin soyqırımdan və əsirlikdən xilasından bəhs edir. Əsərin müəllifi Əmirxan Nuardır”.

Muzeyin heykəltəraş rəssamı Natiq Rəhimov Sovet İttifaqı qəhrəmanları Mehdi Hüseynzadə və Ziya Bünyadovun portretlərini yaradıb. Bu zalda gəmi kapitanı Şövkət Səlimovanın, Həzi Aslanovun portreti və büstünə də rast gələ bilərsiz.

Muzeydə "Ana oğlunu cəbhəyə yola salır" heykəli də nümayiş olunur. Bu heykəl Səməd Vurğunun “Ananın öyüdü” şeirini xatırladır:

Geyib əsgər paltarını, silahlandı qəhrəman,
Onun polad sinəsinə sığışmadı ürəyi.
Dayan! – deyib, yaxın gəldi, öpdü onun alnından
Yay gününün xoş səhəri, bir da dağlar küləyi.
Muzeyin ikinci mərtəbəsində 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı eksponat var. Burada Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin böyük portreti asılıb. Öyrəndik ki, bu, onun yeganə böyük portretidir. Həmçinin Azərbaycan ordusunun Cümhuriyyət dövründə general və polkovniklərinin rəsmləri də salonda yer alıb.

Qeyd edək ki, muzeyə bu yaxınlarda eksponat kimi müxtəlif dövrlərə məxsus 20 adda 50 ədəd raket-artilleriya silahları hədiyyə edilib. Həmin silahlar içərisində XIX-XX əsrləri aid silahlar üstünlük təşkil edir.

Silahlar üzərində hazırda tədqiqat işləri aparılır. Yaxın vaxtlarda muzeydə keçiriləcək AXC-nin 100 illiyi münasibəti ilə Respublika Elmi Konfransında həmin silahların sərgisi təşkil olunacaq.

Muzeyə ekskursiyamız bitir. Hər şeyi danışa, çatdıra bilmədik. Hərb tariximizə marağınız varsa, mütləq və mütləq yolunuzu buradan salın...


Müəllif: İlhamə Əbülfət