19 May 2018 18:09
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çoxları deputat maaşlarının artırılması, yaxud bununla bağlı çağırışların haradan qaynaqlandığını bilmirlər.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili qeyd edib ki, əmək haqlarının artırılmasının bir sıra səbəbləri olub:

“Azərbaycanda bütün təbəqədə olanların və pensiyaçıların əmək haqları 10 faiz artırılmışdı. Deputatlar, hakimlər, Ombudsman Aparatı və Konstitusiya Məhkəməsinin üzvləri qalmışdı. Buna görə də, 10 faiz məsələsi qaldırıldı və deputatların da əmək haqları artırıldı. Bu, niyə qıcıq yaratmalıdır? Başqa kateqoriyadan olan insanların maaşları artırılanda niyə xoş qarşılanır, qıcıq doğurmur?

Düzdür, deputatların maaşları orta aylıq əmək haqqından bir qədər yüksəkdir. Ötən il deputatların maaşları artırılması məsələsi gündəmə gələndə buna etiraz etmişdim. Çox ciddi təpkilərlə qarşılandım. Amma keçən müddətdə gördüm ki, həqiqətən də deputatların maaşlarının artırılmasına böyük ehtiyacları var. Başqa insanlar ancaq öz ailələrini dolandırırlar, amma deputatlardan gözləntilər çoxdur.

Deputatlara müraciət edən 10 nəfərdən 9-u maddi vəziyyətindən şikayət edir. Hamını da inandırmaq və istədiyi kimi yola salmaq olmur. Düşündüm ki, maaşların artırılmasının əsas səbəbləri bunlardır”.

Tahir Kərimli bildirib ki, Azərbaycanda deputatların maaşı digər ölkələrlə müqayisədə çox aşağıdır: “Amma nəzərə alsaq ki, digər kateqoriyalarda əmək haqları da yüksək deyil, buna görə də, maaşların artırılması sərt təpkilərlə qarşılandı. Deputatlar tez-tez bölgələrə gedib-gəlir, seçicilərlə görüşür, rayonlarda xərcləri olur.

Hamı elə bilir ki, deputatlar varlıdır. Belə düşünənlərin sayı çox olduğu üçün maaşların artırılmasına etiraz oldu. Əlbəttə, öz sadə əmək haqqı ilə dolanan deputatlar da var”.


Müəllif: Mənsur Rəğbətoğlu