20 May 2018 09:55
3 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını əməkdar jurnalist, filologiya elmləri doktoru Nəsir Əhmədli cavablandırıb:

- Jurnalistika peşə sayılır, amma Siz onun elm kimi qəbul edilməsinin tərəfdarısınız. Dünya təcrübəsində necədir, bizdə niyə jurnalistika elm kimi qəbul olunmur, səbəblər nələrdir?

- "Jurnalistika" termini adı altında iki sahəni başa düşürük: praktik jurnalistika və jurnalistika elmi. Jurnalistika elmi praktik jurnalistikanı öyrənən sahədir. Amma uzun müddət, Sovet dövründən başlayaraq, ya tarix, ya da filologiya üzrə elmi dərəcələr olub. Məsələn, mətbuat tarixi üzrə dissertasiya yazıb müdafiə edən Şirməmməd Hüseynov tarix elmləri namizədi, nəzəriyyə üzrə isə Famil Mehdi filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Deyirlər ki, guya jurnalistika ayrıca elm sahəsi deyil. Amma bir istiqamətin elm sahəsi olması üçün müəyyən tələblər var ki, jurnalistika o tələblərə cavab verir. İlk növbədə tədqiqat obyekti olmalıdır. Jurnalistikanın tədqiqat obyekti bütün KİV-in tarixi, nəzəriyyəsi, təcrübəsi və sairlə bağlıdır. İkinci yerdə tədqiqat metodları gəlir ki, bunlar da var. Dəfələrlə AMEA-ya, Ali Attestasiya Komissiyasına məktubla müraciət etmişəm ki, jurnalistika ayrıca sahə kimi qəbul olunsun. Onsuz da ayrıca qrifimiz var. Amma ya filologiya, ya da siyasi elmlər sahəsi üzrə dərəcələr verilir ki, bu da düzgün deyil. Jurnalistika üzrə fəlsəfə və ya elmlər doktoru elmi dərəcəsi olmalıdır. Xaricdə bu, çoxdan var.

- Bəs müraciətlərinizə reaksiya verilib?

- Yazırlar ki, belə ənənə yoxdur, canlarını qurtarırlar.

- "Reket jurnalistikası" son zamanlarda ən dəbdə olan anlayışlarandır. Bəzən deyirlər belə anlayış əslində yoxdur.

- Var, onları yolkəsənlərlə müqayisə edirlər. Gedib hansısa nazirin qəbuluna girib vəsiqə göstərirlər, pul almaq və ya hansısa xahişini yerinə yetirmək üçün istifadə edirlər. Bu da həmin şəxslərin jurnalistika təhsili almaması ilə bağlıdır. Jurnalistika fakültəsini bitirib reket jurnalistikası ilə məşğul olan bir nəfər belə tanımıram. Əsas səbəbi onların ixtisas təhsili almamasında görürəm. Bunlar heç çıxmayan qəzetlərin əməkdaşlarıdır. Qəzet nəşr olunmur, amma ciblərində vəsiqələri var. Burada ortaya başqa məsələ çıxır, pul istədikləri adamlar niyə onlara pul verir? Bir vəzifə sahibi mənə dedi ki, bir jurnalist gəlmişdi, soruşdum Nəsir Əhmədlini tanıyırsanmı, qayıdıb ki, "yox". Dedim, bəs ona niyə pul verirsən? Deyir, ona pul verməyəndə sabah qəzeti nazirin qabağına qoyacaq, mən buna 50 manat verib canımı qurtarıram, nazirə yarım milyon verməliyəm. Söhbət bundan gedir. Deyir, lap 100 manat verim, təki çıxıb getsin.

- Qeyri-ixtisaslı jurnalistlərlə, ixtisaslı jurnalistlər tez-tez üz-üzə gəlir. Qeyri-ixtisaslılar iddia edirlər ki, əslində təhsil vacib deyil, əsas savad, analitik düşüncə, istedaddır...

- Onlar bunu deməlidir də, başqa nə deyə bilərlər ki?! Onlardan biri dostumdur, iqtisadçıdır, jurnalistika ilə məşğuldur.

- Bəlkə ad çəkəsiniz?

- Yaxşı, çəkim, Qadir İbrahimlidən söhbət gedir. Bir dəfə Feysbukda yazmışdı ki, dünyanın heç bir yerində jurnalistika təhsili yoxdur. Mən də eləmədim tənbəllik, 10 səhifəlik ABŞ-da, Fransada, Almaniyada jurnalist hazırlığının necə olduğuna dair material yığıb göndərdim ki, oxu, gör harada var, harada yoxdur. Jurnalistika təhsilinin adama heç nə vermədiyini söyləmək onlara əl verir. Jurnalistika canlı orqanizmdir. Necə ki, mən gedib həkim ola bilmərəm, çünki təbabətin sirrlərini bilmirəm, iqtisadçı da daxil olmaqla kənardan gələn də jurnalistikanın incəliklərini bilmir. Onlar üçün kurs yaratmaq, təlim keçmək olar, tutaq ki, iqtisadiyyatı bilir, lap yaxşı, amma iqtisadiyyatdan necə yazmaq, hansı incəliklərə diqqət yetirmək lazımdır? Dünyanın çox yerində, o cümlədən keçmiş SSRİ-də jurnalistika instituta çevrilib, məsələn Almatıda var. Qazaxıstan Dövlət Universitetinin nəzdində Jurnalistika İnstitutu yaradılıb, bütün sahələr üzrə ixtisaslaşıblar. Televiziya, radio, internet, iqtisadi, siyasi jurnalistika kimi ayrı-ayrı sahələr üzrə ixtisaslaşma var. Sovet dövründə beş ixtisasa bölünürdü, hər ixtisas üçün cəmi 3-4 nəfər qəbul olurdu, onları öyrətmək daha asan idi. İndi 90 nəfərlik qrupa giririk, 90 nəfərin içində kimə nə deyəcəksən?

- Onlardan da çox az sayda şəxs jurnalist kimi çalışır.

- Əlbəttə, 90 nəfərin içindən 5-10 jurnalist çıxsa, böyük şeydir.

- Yəqin keçid balı aşağı olduğu üçün təsadüfi qəbul olanlardır.

- Aşağı bal olduğuna görə gəlib bura düşüblər, deyirlər hüquqa, tarixə balım çatmadı, jurnalistikaya gəldim. Bütün problem bundadır.

- Niyə jurnalistika ixtisasının prestiji aşağı düşdü? 5-10 il əvvəl 500 baldan aşağı toplayan jurnalistikaya qəbul ola bilmirdi. Sİzcə, niyə belə vəziyyət yaranıb?

- Çünki bu sahə ilə maraqlanan yoxdur. Doğrudur, biz deyirik, informasiya əsrində, cəmiyyətində yaşayırıq, ancaq jurnalistikanın elmi əsası nəzərə alınmır.

- Yenə əvvəlki söhbətə qayıdırıq...

- Bəli, bizim sahənin spesifik sahə olduğunu nəzərə almırlar. Məndən olsa, jurnalistika ixtisası üçün qəbul imtahanında testi ləğv edib, ancaq yazı ilə qəbul edərəm.

- İndi axı ikinci mərhələdə esse yazılır.

- Birinci mərhələdə bal yığa bilmirlər. Heç olmazsa, esse mərhələsini əvvələ keçirmək lazımdır ki, əvvəl biz yoxlayaq, sonra gedib imtahan versin.

- Bəlkə bu təklifi Dövlət İmtahan Mərkəzinə çatdırasınız?

- Dəfələrlə səsləndirmişəm, amma qəbul olunmur. Sistem elə qurulub ki, kənara çıxmaq olmur.

- Nəsir müəllim, özünüz informasiyanı haradan alırsınız?

- Daha çox sosial şəbəkələrdən. Qəzetləri də, yeni ədəbiyyatları da oradan oxuyuram.

- İnternet jurnalistikası, onlayn media anlayışları günümüzün ən məşhur ifadələridir, bir çox qəzetlər də sıradan çıxdı. İnformasiya bolluğu şəraitində bizi nə gözləyir?

- İnternet bütün media sahəsini öz içinə çəkəcək, televiziyanı da, radionu da, qəzetləri də. Amma bu, bu günün, sabahın işi deyil, proses 40-50 il davam edəcək. Qəzetləri buraxırıq, yatıb qalır. Hansı qəzet axıradək satılır? Müəyyən qəzetlər var ki, zorla abunə yazdırırlar, tirajı 3-4 min olur. O biri qəzetlərin heç biri özünü doğrultmur axı. Kimsə onun sponsoru olmalıdır. Qəzet sponsor tələb etməlidir?! Qəzet elə çıxmalıdır ki, onu alan, oxuyan olsun. Burada iki məsələ var: bir var, camaatın qəzet almağa imkanı yoxdur, 40-50 qəpiyə çörək alırlar. İkincisi də qəzetin özünün səviyyəsi aşağı olduğuna görə. Camaatı maraqlandıran şeyləri yazmırlar. Bəzilərini yazmağa qoymurlar, bəziləri də özləri yaza bilmir. Nəzərə almaq lazımdır ki, yazılı mətbuatın başqa bir keyfiyyəti də var, tarixdə qalır. Sabah onlayn mediada arxiv itib bata bilər, amma qəzetlər kitabxanalarda, arxivlərdə, müxtəlif evlərdə saxlanılır. 100 il sonra onu oxumaq mümkündür. "Əkinçi" nə yazıbsa, onu oxuya bilirik. Düzdür, onlayn mediada materialları yaddaşa vermək olur, amma onu əldə etmək çətindir, bir düyməni səhv basırsan, pozulur gedir.

- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Ayrı-ayrı tədqiqatçılar, ictimai xadimlər təkliflər verdi, yubiley tədbirlərini qaneedici saymaq olar, yoxsa başqa gözləntilər vardı?

- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə bir neçə gün qalıb. Əslində nə etmək lazım idisə, bugünədək eləmək lazım idi. Amma müəyyən işlər görülüb, Nəsiman Yaqublunun iki möhtəşəm kitabı çıxdı, Şirməmməd Hüseynov 20 ildən çoxdur bu sahə ilə məşğuldur, Sabir Məmmədli və bir çox tanıdığımız ziyalılar var ki, onlar bu işlə ancaq yubileyə görə məşğul olmurlar. Kimin əlindən nə gəlirsə, hansı sahədə bacarırsa, edir. Mən mətbuat tarixçisi deyiləm, daha çox nəzəriyyəyə meyl edirəm, bununla belə yeri düşəndə nə isə edirəm. Ona görə hər kəs öz vəzifəsini yerinə yetirsə, təbii ki, nə isə etmək olar.

- Zaman-zaman Cümhurriyyət qurucularının məzarının Bakıya köçürülməsi təklifləri səslənir. Sizin yanaşmanız necədir?

- Mən onların məzarının Bakıya köçürülməsini istəməzdim. Çünki burada hər cür oyunlardan çıxırlar, qəbirləri təhqir edirlər, başdaşını pozurlar, ətrafına zir-zibil tökürlər. Düşünürəm ki, öz yerlərində yatsalar, yaxşıdır. Gorbagor məsələsi deyirlər, nəşi bir qəbirdən çıxarıb başqa qəbirdə dəfn etmək dini cəhətdən də düzgün deyil. Rəhmətlik Həsən bəy Zərdabi 4 dəfə dəfn olunub, bizdə buna gorbagor deyirlər. Bu, düzgün deyil. Əlimərdan bəy Topçubaovun, yaxud Məhəmməd Əmin Rəsulzadənin nəşini bura gətirməyə nə ehtiyac var?! Qalıb yerlərində, yaxşı da baxırlar.

- Nəsir müəllim, bir müddət öncə geniş müzakirələrə səbəb olan Orfoqrafiya lüğəti barədə soruşmaq istərdim. AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyirdi ki, Sizin 16 təklifiniz olub. Maraqlıdır, nə kimi təkliflər irəli sürmüsünüz?

- Bunu İctimai televiziyada mən, Möhsün müəllim, Nizaməddin Şəmsizadə müzakirə elədik.Təkliflərim əsasən redaktə xarakterli idi. Orada yazılırdı ki, sonu filan samitlə bitən... "Bitən" sözü varsa, "sonu" sözünü yazmağa nə ehtiyac var ki? Bitmək özü son deməkdir də. Bizdə orfoqrafiyada çox böyük səhv var. Orfoqrafiya ilə bağlı fonetik, morfoloji və tarixi-ənənəvi prinsiplər mövcuddur. Əsas məsələ bunlardan hansını birinci yerə çıxarmaq məsələsidir. Ruslar morfolojini, bizdəsə fonetik prinsipi əsas götürürük. Bu isə tamamilə yanlışdır. Birinci yerə morfoloji prinsipi gətirmək lazımdır. 1926-cı ildə Bakıda Türkologiya qurultayı keçirildi, orada rus alimləri dedi ki, bu, müvəqqətidir, camaat savadsızdır deyə fonetik psinsipi əvvələ gətiririk ki, yazılışla deyiliş arasında fərq olmasın. Allaha şükür, hamı savadlı və təhsillidir, ona görə birinci yerdə morfoloji prinsip gəlməlidir. Sözün dəyişməyən və məna bildirən hissinə sözü kökü deyilir. Bizə deyirlər ki, axırına saitlə başlanan şəkilçi artıranda "sinifi" yox, "sinfi" olur. "Sinf" sözün köküdürmü? Yox, ona görə dəyişməməlidir. Tələffüzdə dəyişir, çünki fonetik hadisədir, orfoqrafik hadisə deyil, "səs düşümü" deyirlər, "hərf düşümü" demirlər axı. Ona görə birinci məsələ odur ki, fonetik prinsipi ikinci, morfoloji prinsipi birinci yerə gətirmək lazımdır. Bizim orfoqrafiyanın qüsurları buradan əmələ gəlir. Deyirlər bəzi sözləri bir "y" ilə yazaq, yazı ayrı, danışıq ayrı şeydir. Onsuz da "Ədəbiyyat" sözünü deyilişdə bir "y" ilə deyirik. Dörd dəfə də kitabları dəyişmişik, artıq bizim üçün tez-tez dəyişiklik adətə çevrilib.

- Sonda söhbətimizi ümumiləşdirsək, jurnalistikanın bugünkü durumunu necə qiymətləndirərdiniz?

- Ümumilikdə jurnalistikanın bügünkü durumu məni qane edir. Amma baxır hansı tərəfdən ona baxırsan. Məsələn, iqtisadi tərəfdən baxanda qane eləmir. Çünki qəzetimi oxuyan yoxdursa, kimsə mənə sponsorluq eləməlidir. Kim sponsordursa, ona xidmət eləməliyəm. Eləcə də televiziyalarımızı götürək, televiziyaların hamısının sponsoru dövlətdir. Bu cəhətdən jurnalistikada problemlər var. İkinci problem odur ki, praktik jurnalistlər nəzəriyyəni yaxşı bilmirlər. Bayaq adını çəkdiyim dostum kimi elə zənn edirlər ki, cümləni qurub yazmaq jurnalistikadır. Eynilə həkim kimi gərək diaqnozu qoymağı bacarasan, həkim xəstəyə diaqnoz qoymamış müalicə edə bilərmi? Ona görə gərək biz də qəzetə, radioya, televiziyaya diaqnoz qoyaq ki, bax, niyə geri qalır, inkişaf eləmir, camaatın reytinqinə görə qabağa çıxa bilmir? Çünki nəzəriyyəni bilmirik. Bir-iki nəfər bilir, onların da sözünü eşidən yoxdur. Neçə ildir orfoqrafiya, jurnalistikanın elm sahəsi olması ilə bağlı özümü öldürürəm, heç kim nəzərə almır. Ona görə də vəziyyət getdikcə pisləşməkdədir.

Leyla Cavadova


Müəllif: