22 May 2018 21:44
3 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdan yay fəsli gəldiyindən xanımlar dərilərinin rəngini dəyişmək üçün günəş şüası qəbul edir, bəziləri isə süni günəş vannası olan solyaridən istifadə edir.

Teleqraf.com ARB 24-ə istinadən xəbər verir ki, günəşin və solyarinin ultrabənövşəyi şüaları saça, gözə və ürəyə ziyandır, dərini isə tez qocaldır, həmçinin bu şüalar dəri xəstəliyi olanlar, xərçəng və şəkərli diabet xəstələri üçün daha təhlükəli hesab edilir.

Paytaxt sakini Əsmər Mirzəli deyir ki, solyari ziyanlıdır: “Biri var təbii günəşdən qaralasan, bir də var süni yolla qaralmaq”.

Sədaqət Məsimova da bu fikirdədir: “Solyaridən istifadə etmək olmaz, ziyandır. İnsan bilmədən də gedə bilər başına hadisə gələ bilər, misalçün dərisinə ləkə düşə bilər”.

Nigar Qarayeva isə dəri rəngini tündləşdirmək üçün əvvəllər solyariyə tez-tez müraciət edib. Amma artıq süni qaralmaq sevdasından əl çəkib: “Günəşin verdiyi D vitaminini solyari vermir. Solyari xərçəngə yol açır. Ona görə də mən daha çox gün altında qaralmağa üstünlük verirəm”.

Amma tez nəticə əldə etmək və eyni tonda qaralmaq üçün xanımların əksəriyyəti solyari vasitəsilə qaralmağa üstünlük verir. 15-20 manat arası pulundan keçib, istədiyi dəri rəngini almağa çalışanların sayı gündən-günə artır.

Gözəllik mərkəzinin rəhbəri olan Dinara Əmrahova deyir ki, yay yaxınlaşdıqca, onlara müraciət edənlərin sayı artır: "Müəyyən edilən yaş həddi yoxdur. Amma 40-45 yaşdan sonra xanımlar buna önəm vermirlər. Gələnlər arasında cavanlar üstünlük təşkil edir. Dəri rəngindən asılı olaraq, solyari dəqiqələri fərqlənir.

Müxtəlif yaş həddində olan xanımlar bu xidmətdən istifadə etməklə dərilərini arzuladıqları tona qədər qaralda bilirlər. Həkimlər isə gözəllik üçün özlərini qurban verənləri ehtiyatlı olmağa çağırırlar. Tünd dəriyə sahib olmaq üçün tez-tez və yaxud uzun müddət solyari vannası qəbul etmək yolverilməz sayılır. Ultrabənövşəyi şüa saça, gözə və ürəyə ziyandır, dərini isə tez qocaldır".

Dermatoloq Daşdəmir Baxşəliyev: “Solyariyə gedirlər və dəriyə tünd qəhvəyi rəng verməyə çalışırlar. Bunu da ifrat dərəcədə etdikdə ziyanı olduqca böyükdür. Dəridə yanıqlar, sonradan bərpa olunmayan piqment ləkələri əmələ gələ bilər. Bu, dəridə müəyyən patoloji proseslərin yaranmasına gətirə bilər”.

Britaniyalı alimlərin araşdırmasına görə, solyari qurğularında qaralmaq dəri xərcəngi ehtimalını 75% artırır. Dünyada hər il 140 min solyari istifadəçisi dəri xərçənginə tutulur. Dünya Səhiyyə Təşkilatı solyarinin qəbulu nəticəsində bədxassəli şişlərin yaranma ehtimalının siqaret və alkoqollu içki qəbul edənlərlə bərabər səviyyədə olduğunu açıqlayıb.

Dermatoloq Daşdəmir Baxşəliyev: “ Solyaridən istifadə edənlərin dəri xərçəngi ilə xəstələnmək ehtimalı olduqca çoxdur. Günəş şüaları həddindən artıq təsir etdikdə dərinin normal florası pozulur. Dəridə qoruyucu piqment var, felonin. O parçalanır”.

Bir sıra Avropa ölkələrində solyari vasitəsilə qaralmaq qadağan edilib. Amerika Birləşmiş Ştatlarında 20 yaşadək müştərilərin solyaridən istifadəsi yasaqdır. Almaniyada analoji qadağa 18 yaşdan kiçik şəxslər üçün keçərlidir. İngiltərədə hər il 100 nəfər solyari istifadəçisi həyatını itirir. Mütəxəssislər təbii günəş şüası altında qaralmağı məsləhət görürlər.


Müəllif: Teleqraf.com