22 May 2018 16:51
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Texniki Universiteti (AzTU) Elmi Şurasının qərarı ilə universitetin Beynəlxalq əlaqələr şöbəsi və Xarici tələbələr üzrə dekanlığın bazasında yeni struktur - Beynəlxalq Əlaqələr Departamenti yaradılıb.

AzTU-dan Teleqraf.com-a verilən məlumata görə, Beynəlxalq Əlaqələr Departamenti müasir ali təhsil prinsiplərinə və müasir təhsil-marketinq trendlərinə əsaslanaraq təşkil olunub.

Ümumilikdə 3 şöbədən – Xarici universitet və tədqiqat mərkəzləri ilə əməkdaşlıq, Əcnəbi tələbələrin təhsili və Layihələr və mübadilə proqramları şöbələrindən ibarət olan departamentin əsas misiyası AzTU-nu brend universitetə çevirməkdir. O, cümlədən , universitetin müxtəlif beynəlxalq əməkdaşlıqlarda və layihələrdə iştirakını təşkil və koordinasiya etməklə ali təhsil müəssisəsinin beynəlxalq nüfuzunu artırmaq, yüksəkkeyfiyyətli təhsil verilməsini təmin etmək, eləcə də elmi tədqiqat işlərinin beynəlxalq sferaya çıxarılması departamentin qarşısında məqsəd kimi qoyulub.

Universitetin Elmi Şurası tərəfindən təsdiq olunan 8 bölmədən, 36 maddədən ibarət Əsasnamədə bunlarla yanaşı yeni yaradılan departamentin funksiyaları və əlaqələri, informasiya təminatı, işinin təşkili, eləcə də hüquqları, əməkdaşların vəzifələri də əks olunub.


Müəllif: İlhamə Əbülfət