23 May 2018 15:18
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, mətbuat konfransında müsabiqənin nəticələri barədə məlumat verən Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev bildirib ki, iştirakçıların sayında 3 dəfə daha çox artım müşahidə edilib.

E.Əmrullayev bildirib ki, qalib layihələrin bir qismi bu il icra ediləcək:

“Bu il ərzində baş tutacaq layihələrə ayrılan vəsait 1 milyon manat dəyərindədir. Bakı ilə yanaşı bölgələrdən də müraciətlər olub. Qaliblərin 45-i müxtəlif bölgələri əhatə edir. İstedadlı uşaqların aşkar edilməsi və dəstəklənməsi ilə bağlı layihələrə daha çox müraciət olunub. Maliyyələşən layihələr arasında bu mövzular fərqlənib.

Qaydalara görə qalib məktəblər 100, müəllimlər 10 min manat ala bilərlər. Bu vaxta qədər qaliblərə ayrılan vəsait məktəblərə maksimum 30 min, müəllimlər üzrə 2-3 min manat olub. Bu məbləğ ayrılarkən məktəbin bir sıra göstəriciləri nəzərə alınır"”.

E.Əmrullayev bildirib ki, müsabiqəyə ümumi təhsil müəssisələri və fərdi kateqoriya üzrə ümumilikdə 823 layihə təklifi daxil olub:

“Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 166 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir”.

E.Əmrullayev onu da vurğulayıb ki, müsabiqə müasir təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı, istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi ilə bağlı mövzular üzrə keçirilib.

Müsabiqə üzrə layihə təklifləri fevralın 14-dən martın 16-dək qəbul edilib. Müsabiqədə layihəsi qalib olmayan şəxslər 25 may 2018-ci il saat 18:00-dək grants@edu.gov.az elektron poçt ünvanına layihənin kateroqiyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apelyasiya müraciəti edə bilərlər. Apellyasiya müraciətlərinə baxılma tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, çox zaman bu müsabiqəyə qeyri-hökümət təşkilatlarının cəlb edilməsi barədə yanlış düşüncələr olur:

“Bir daha xatırladırıq ki, qeyri hökümət təşkilatları bu müsabiqəyə cəlb edilmir. Müsabiqə ancaq tam orta təhsil müəssisələrində çalışan müəllim və məktəblər üçün nəzərdə tutulub”.


Müəllif: Gülxar