24 May 2018 12:07
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Park İNN" oteldə “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il: dövlət-din münasibətləri” mövzusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Prezident Administrasiyasının, Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Qafqaz Müsəlmanları İdarəsinin, eyni zamanda ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Xalq Cümhuriyyəti tarixinin önəmli məqamlarından danışıb:

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq ölkəmizdə silsilə tədbirlər keçirilir. Bu tədbirlərdə Cümhuriyyət tarixinin əvəzsiz yolu haqqında aparılan maraqlı araşdırmalar, tədqiqatlar təqdim edilir. Tarixin yazılmasında önəmli olan şəxslər haqqında sanballı əsərlər yazılır. O dövrdə Azərbaycan qurucularının tolerant münasibətləri əks olunur. 100 illik qürurverici tariximizin qeyd olunması mədəni maarifçilik sahəsində əvəzolunmaz addımdır".

Tədbirdə tarix elmləri doktoru Qabil Əliyevin elmi redaktoru olduğu "Azərbaycan Xalq Cümhuriyyəti – 100 il: dövlət-din münasibətləri” mövzusunda kitab təqdim olunub.

Azərbaycan xalqının milli ideologiyası, onun tarixən keçdiyi yol, tarixi adət-ənənələr, sahibləndiyi milli-mənəvi dəyərlər barədə dolğun təsəvvür yaradan kitabda gənclər üçün tarixin ən maraqlı məqamlarının qeyd olunduğu vurğulanıb:

"Xalq Cümhuriyyəti ilə bağlı çoxsaylı araşdırmalar aparılıb. Lakin o dövrün dövlət-din münasibətləri haqqında məlumatlar bir qədər azdır. Bu kitabda yalnız AXC dönəmində dini münasibətləri, din siyasəti deyil, eyni zamanda Çar Rusiyası dövründəki din siyasətindən bəhs edilir. O dövrdə təqibə məruz qalan din xadimləri haqqında maraqlı faktlar qeyd edilib. Sonda isə ölkə başçısının Cümhuriyyət dövrü haqqında yazdığı sərəncamlar, diqqət və qayğı öz əksini tapıb".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov bu tarixin yalnız ölkəmizdə deyil, ölkə hüdudlarından kənarda da qeyd edildiyini diqqətə çatdırıb:

"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini yaşayırıq. Bu çox əzəmətli bir tarixdir. Ölkə başçısının bu istiqamətdə imzaladığı fərmanlar da bu tarixi dövrün bizim üçün nə qədər önəmli olduğunu bir daha sübut edir. Cümhuriyyətin 100 illiyi ilə əlaqədar ölkə hüdudlarından kənarda da həmvətənlərimizin təşəbbüsü ilə silsilə tdbirlər keçirilib".

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın vicdan azadlığının təmin edilməsi və milli-mənəvi dəyərlərinin qorunması məqsədilə atılan mütərəqqi addımlar barədə fikir mübadiləsi aparılıb.


Müəllif: Könül