26 May 2018 20:44
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-da ADA Universitetində məzun günü keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev dövlətimizin başçısına bu təhsil ocağının fəaliyyətinin genişləndirilməsi layihəsi ilə bağlı məlumat verib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən ingilisdilli dövlət ali təhsil müəssisəsi olan ADA Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə daha bir tədris ilinin uğurla başa çatdığını deyərək bildirib ki, bu gün universitetin məzunlarının nailiyyətləri, vətənpərvərlik ruhu təntənə ilə qeyd edilir.

Məzun günü təhsil müəssisəsinin professor-müəllim heyətinin səhnəyə çıxması ilə başlayıb.

ADA Universitetində tələbə, müəllim və işçi heyətini 46 müxtəlif ölkədən olan insanların təşkil etməsi burada beynəlmiləl mühitin yaradılmasına böyük töhfə verir. Tələbələr bu təhsil ocağında müasir tələbə şəhərciyi mühitindən, fəal və maraqlı tələbə həyatından, yüksək akademik göstəricilərlə oxuyan tələbələrə təhsil haqqında güzəştlərdən və dünyanın 60 aparıcı universiteti ilə təhsil mübadiləsi imkanlarından yararlanırlar.

Sonra universitetdə təhsil alan əcnəbi tələbələr öz dövlət bayraqlarını gətiriblər.

Burada 41 ölkədən 2200 tələbə təhsil alır ki, onlardan da 85 faizi bakalavr, 15 faizi isə magistr pilləsindədir. Təhsil müəssisəsində ictimai və beynəlxalq münasibətlər, biznes, informasiya texnologiyaları və mühəndislik fakültələri fəaliyyət göstərir. ADA-da tələbələr bakalavr pilləsi üzrə beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, hüquqşünaslıq, biznesin idarə edilməsi, iqtisadiyyat, kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, magistr pilləsi üzrə isə diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə olunması, MBA, təhsil menecmenti ixtisasları üzrə təhsil alırlar.

Daha sonra fəxri qarovul dəstəsi Azərbaycan bayrağını gətirib.

Dövlət himni səsləndirilib.

Azərbaycan Prezidenti İlham Əliyev məzun günündə çıxış edib.

Tədbirdə ADA məzunlarına həsr olunan videoçarx nümayiş olunub.

Sonra universitetin məzunu, biznes fakültəsinin iqtisadiyyat üzrə bakalavrı Azər Əliyev, ADA-nın tədris işləri üzrə prorektoru Vəfa Kazdal, ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev çıxış edib.

H.Paşayev çıxışında məzun günündə dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Bunun hər bir məzunun həyatında unudulmaz xatirə kimi qalacağına əminliyini ifadə edib. Dövlətimizin başçısının 2012-ci ildə ilk dəfə ADA-ya gəldiyini və burada yeni kampusun açılışında iştirak etdiyini, təhsil ocağının fəaliyyət istiqamətlərinin genişləndirilməsi ilə bağlı tövsiyələrini verdiyini bildirən rektor deyib:

- Həmin gün Prezidentimiz cəmi bir ixtisas üzrə 14 məzunu təbrik etmişdi. Bu gün isə o, təbrik sözlərini 11 ixtisas üzrə bitirən 530 məzuna ünvanladı. O zamanla müqayisədə tələbələrimizin sayını 115-dən 2200-ə çatdırmışıq. Bunların arasında 380 tələbə qaçqın və məcburi köçkün ailələrindəndir, 500 tələbəmiz isə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş gənclərdir. Biz əsl beynəlmiləl ali məktəb yarada bilmişik – dünyanın 41 ölkəsinin nümayəndəsi burada təhsil alır. Mübadilə proqramı ilə tələbələrimiz ADA-nın 60-dan çox xarici tərəfdaş universitetlərinə gedə bilirlər. Biz fəxr edirik ki, dövlətimizin başçısının etimadını doğrultmaqdayıq.

ADA Universitetinin tələbə və məzunlarının məşğulluq göstəricisi 90 faizdən çoxdur. Xüsusilə qeyd etmək istərdim ki, bu gün informasiya texnologiyaları və mühəndislik fakültələrini bitirən ilk məzunlar Azərkosmos, ASAN İnnovasiyalar Mərkəzi, Azercell və digər dövlət və özəl qurumlarda artıq öz biliklərini tətbiq edirlər. Bu statistikadan kənar qalanlar isə ölkəmizdə və dünyanın mötəbər universitetlərində ali təhsillərini davam etdirəcəklər.

Rektor Hafiz Paşayev əmin olduğunu bildirib ki, universitetin məzunları bilik və bacarıqlarını Vətən uğrunda şərəf və ləyaqətlə tətbiq edəcək, Azərbaycanın ərazi bütövlüyü naminə dövlətimizin başçısının apardığı qətiyyətli siyasətə güc qatacaqlar.

Təhsil müəssisəsinin infrastrukturunun genişləndiyini, yeni akademik proqramların üzərində iş getdiyini, növbəti tədris ilindən hüquqşünaslıq üzrə bakalavr təhsilinə başlanılacağını deyən Hafiz Paşayev son illərdə universitetdəki elmi mərkəzlərin sayının artdığını, Xəzər Enerji və Ətraf Mühit Mərkəzi ilə yanaşı, Data Təhlilinin Tədqiqat Mərkəzinin, Avropa İttifaqı üzrə Bilik Mərkəzinin, ADA İnnovasiya və Start-up Mərkəzinin tələbələrə ölkədə strateji sahələri daha yaxından öyrənməyə imkan yaratdığını bildirib. Bu il universiteti bakalavr pilləsinin dörd ixtisası, magistr pilləsinin isə bir ixtisası üzrə məzunların bitirdiyini diqqətə çatdırıb. Tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ərəfəsində keçirildiyini və “100 ilin təfəkkürü, maarifi və dəyərləri” mövzusuna həsr olunduğunu deyən rektor ötən əsrin əvvəlində Azərbaycan mütəfəkkirlərinin və maarifçilərinin azad demokratik dövlət qurmaq yolunda səylər göstərdiyini bildirib, milli kadrların hazırlanması üçün 1919-cu ildə ilk universitetin təsis edildiyini, 100-ə yaxın tələbənin ali təhsil almaq üçün Avropa və Rusiya universitetlərinə göndərildiyini vurğulayıb.

“1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi təkcə onun rəmzlərini qəbul etmədi, həm də bu müstəqilliyi daimi edəcək dövlət quruculuğu siyasətini yürütməyə başladı”, - deyən Hafiz Paşayev müstəqil ölkəmizin inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini vurğulayaraq bildirib:

- Azərbaycanın ictimai-siyasi və iqtisadi intibahının memarı Heydər Əliyev elm və təhsilin inkişafı üçün hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ciddi addımlar atmışdı. O zaman ölkədə beş yeni ali təhsil müəssisəsi açıldı, ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artdı. Respublikaya rəhbərlik etdiyi illərdə Heydər Əliyevin himayəsi ilə dünyanın qabaqcıl məktəblərində minlərlə kadr yetişdi.

Bu gün Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev də təhsilin müasirləşməsinə və inkişafına böyük diqqət yetirir. Onun təşəbbüsü ilə xüsusi Dövlət Proqramı həyata keçirilib. 2007-2015-ci illərdə minlərlə gənc Dövlət Neft Fondu hesabına xaricdə təhsil alıb. Bu proqramın məzunlarından bəziləri ADA Universitetində akademik fəaliyyətə cəlb edilərək müəllim kimi çalışırlar.

Məhz bu Dövlət Proqramı hesabına ADA Universitetinin Maastrixt Menecment Məktəbi ilə birgə təklif etdiyi biznesin idarə edilməsi ixtisasında tələbələrimiz hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomunu almaqdadırlar.

Cənab Prezident, 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyasını yaradarkən Siz yeni təhsil ocağında təkcə humanitar elmləri deyil, digər istiqamətləri, xüsusilə də dəqiq elmləri inkişaf etdirməyi bizə tapşırmışdınız. Buna cavab olaraq, ilk addım 2013-cü ildə informasiya texnologiyaları və mühəndislik fakültəsinin yaradılması oldu.

Universitetin rektoru Hafiz Paşayev onu da qeyd edib ki, hər bir ali məktəbin müvəffəqiyyəti onun müəllimlərinin keyfiyyətindən asılıdır. Bu isə “Xaricdə təhsil” Dövlət Proqramını yeni formada bərpa etmək zərurətini ortaya qoyur. Belə ki, istedadlı gənclərin dünyanın ən aparıcı universitetlərində magistr və doktorantura pillələrində təhsil alıb alim və müəllim kimi Vətənə dönmələri ölkə universitetlərinin uğurlu gələcəyini təmin edə bilər.

Daha sonra rektor valideynlərə müraciət edərək deyib:

- Bilirəm ki, tələbələrimizin bugünkü uğurlarının arxasında həm də valideynlərin dəstəyi, yuxusuz gecələri, imtahan nəticələrini övladları ilə birgə gözləmək həyəcanı dururdu. Prezident İlham Əliyev bu gün burada yalnız mötəbər qonaq qismində iştirak etmir. O, Mehriban xanımla birlikdə həm də bir valideyn kimi buradadır. İcazə verin, Heydərin bugünkü akademik zirvəsi münasibətilə Sizi, cənab Prezident, Mehriban xanımı və bütün ailənizi universitetimiz adından təbrik edim.

Valideynlərin sevincinə şərik oluruq. Sizi təbrik edərək, eyni zamanda, sizə təşəkkürümü bildirmək istəyirəm ki, bizə inanıb, övladlarınızı universitetimizə etibar etmisiniz. Əminəm ki, əziz valideynlər, övladlarınız sizin və bizim ümidlərimizi həyat boyunca həmişə doğruldacaqlar. Valideynlərin sevincindən heç də az olmayan sevinc hisslərini müəllimlərimiz də keçirir.

Əziz müəllimlər, günbəgün sinif otaqlarına girib bilik və təcrübənizi tələbələrlə bölüşdüyünüzə, fədakar əməyinizə görə sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Cənab Prezident, ADA Universitetinə yarandığı gündən göstərdiyiniz etimada, Azərbaycanın istedadlı gənclərinə Vətəni tərk etmədən müasir ali təhsil almağa imkan verən məktəb qurmaqda bizə dəstək olduğunuza görə Sizə minnətdarıq. Diqqətinizə görə sağ olun.

İndi isə məzun günümüzün ən həyəcanlı hissəsinə keçirik - diplomların təqdim olunmasına. Bu mərasimi başlamaq üçün mən səhnəyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi dəvət edirəm.

Sonra diplomların təqdim edilməsi mərasimi başlayıb.

Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.

Qeyd edək ki, bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb. Bu il ilk məzunlarını buraxan ixtisaslar isə bakalavr pilləsi üzrə dövlət və ictimai münasibətlər, iqtisadiyyat, informasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, magistr pilləsində isə təhsil üzrə menecment fakültələridir.

Fəaliyyət göstərdiyi illər ərzində ADA Universiteti yüksək səviyyədə təhsil verməklə yanaşı, tələbələr arasında sıx münasibətlərin qurulması, müəllim-tələbə münasibətləri, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmək baxımından da nümunəvi fəaliyyəti ilə seçilir. Bu təhsil ocağının məzunları yüksək ixtisaslı peşəkarlar kimi yetişməklə yanaşı, çalışdıqları sahələrdə əsl vətənpərvər şəxsiyyət kimi ölkəmizin ümumi inkişafına təkan verir, Azərbaycanın tərəqqisinin davamlılığını təmin etmək üçün əllərindən gələni edirlər. Universitetin məzunları hökumət və ictimai qurumlarda, biznes və konsaltinq xidmətlərində, maliyyə və bank, neft və qaz, QHT sektorlarında və istehsal sənayesi sahələrində çalışırlar.


Müəllif: Teleqraf.com