14 Avqust 2014 10:56
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməməsi qanunvericiliyin pozulması halı kimi qarşılanacaq”

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, 2014-cü ilin 1 iyul tarixindən Azərbaycanın əmək münasibətləri sistemində yeni islahat tədbiri kimi, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi prosesinə start verilib. Ötən müddətdə xeyli sayda əmək müqaviləsi bildirişlərinin sistemdə qeydiyyatdan keçirilməsi təmin olunub. Bununla belə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd olunan bildirişlərin sistemdə qeydiyyatdan keçirilməsi prosesində fəallığın daha da artırılmasının vacibliyini, əmək müqaviləsi bildirişlərinin qeydiyyatdan keçirilməməsinin qanunvericiliyin pozulması halı kimi qiymətləndiriləcəyini diqqətə çatdırıb.

Teleqraf.com bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənlərin nəzərinə çatdırır ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli 875-IVQD nömrəli Qanun əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş, Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən isə əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənlərin vəzifələrinə aid edilmişdir.

Məcəllənin 49.1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi, bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Dəyişikliklərə əsasən, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla) əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişini elektron informasiya sistemində qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sisteminə daxil edilməsi istisna edilən əmək müqavilələri Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”na əsasən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar” təsdiq edilib. Əmək Məcəlləsinin 3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsi bildirişi əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin sistemə daxil edilən elektron sənəddir. Qeyd edilən Qaydalara əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlər və ya onların səlahiyyət verdiyi şəxslər gücləndirilmiş elektron imzaya malik olmalıdırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi “Elektron hökumət” portalında (www.e-gov.az) yerləşdirilərək 2014-cü il 1 iyul tarixindən istifadəyə verilməklə yanaşı, sistemdən istifadə olunması ilə bağlı metodiki göstərişlər və sistemdən istifadəyə dair müvafiq yardımçı materiallar Nazirliyin rəsmi internet saytında (www.mlspp.gov.az) yerləşdirilin.

Nazirlik bildirir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək, vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Bu Məcəllənin 53.1-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçinin sayı nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Göstərilənlər nəzərə alınaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində edilən müvafiq dəyişikliklərin tələbləri ilə işəgötürənlərdən onların üzərinizə qoyulan öhdəliklərin icrası tələb olunur. Bu sahədə işəgötürənlərə əməli köməklik göstərilməsi məqsədi ilə regionlar üzrə Dövlət Əmək Müfəttişliklərində “Yardımçı masaları” və işçi qrupları yaradılmışdır. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – “Çağrı mərkəzi” əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə bağlı məlumatlandırma funksiyalarını gücləndirmişdir. İşəgötürənlər əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə bağlı www.e-gov.az və www.mlspp.gov.az portallarına, habelə 142-“Çağrı mərkəzi”nə müraciət edə bilərlər.


Müəllif: