14 Avqust 2014 14:42
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin sədri yaralı Azərbaycan əsgərlərinə baş çəkib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək Ankarada müalicə olunan Azərbaycan əsgərlərinə və fələstinli yaralılara baş çəkib.Türkiyə mətbuatına istinadən verilən məlumata görə, C. Çiçək Qəzzadan gətirilmiş yaralılarla görüşdə onların vəziyyəti ilə maraqlanaraq dərdlərini bölüşdüyünü bildirib.

Yaralı Azərbaycan əsgərləri ilə görüşən və onlara şəfalar arzulayan TBMM sədri daha sonra KİV nümayəndələrinə açıqlamasında yaralıların iki insanlıq dramı nəticəsində Türkiyəyə gətirildiyini deyib: “İstər Fələstin, istərsə də Azərbaycanın Qarabağ problemi ilə bağlı mövqeyimiz bəllidir. Ermənistanın hüquq tanımayan siyasəti üzündən 1 milyon azərbaycanlı öz yurdundan-yuvasından didərgin düşüb. Böyük sıxıntılar içərisində yaşamağa davam edirlər. Dünya birliyi isə bu məsələyə biganə yanaşır. Amma demokratiyadan danışmaqdan da geri qalmırlar. Minsk Qrupu adlı bir qrup yaradılıb. Adı var, özü yoxdur. İnsanlar əzab çəkir”.


Xatırladaq ki, Ermənistanın hərbi birləşmələrinin hücumları zamanı yaralanmış Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi - Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da təyyarə ilə Türkiyəyə müalicəyə aparılıblar.

/APA/


Müəllif: