15 Avqust 2014 12:45
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində sərnişindaşımada nizam-intizamın yaradılması və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə reydlərə başlayıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, hazırda paytaxtın müxtəlif bölgələrində, metronun "Neftçilər", "Xalqlar Dostluğu", "Nizami Gəncəvi" stansiyalarının yaxınlığında, 20 Yanvar dairəsində, Rəşid Behbudov küçəsində, Azneft dairəsində və digər ərazilərdə Bakı şəhər Dövlət Yol Polisinin bölmə və şöbə əməkdaşlarından ibarət yaradılmış qrup Nəqliyyat Nazirliyinin əməkdaşları ilə birgə reydləri davam etdirir: "Çox təəssüflər olsun ki, keçirilən bu reydlər zamanı hətta avtobusu sərxoş vəziyyətdə idarə edən sürücülərə də rast gəldik. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən bir sürücü aşkarlanıb. Yenə də həmişəki kimi avtobus dayanacaqlarını qeyri-qanuni zəbt edən 100-ə yaxın taksi sürücüsünə, yolların hərəkət hissəsində ikinci cərgədə, avtobus dayanacaqlarından kənarda avtobusların dayanmasına şərait yaradan 30-a yaxın sürücüyə inzibati protokol yazılıb".

Onun sözlərinə görə, reydlər zamanı məlum olub ki, avtobuslara məxsus qeydiyyat şəhadətnamələrinin olmaması halları həddindən artıq çoxdur: "Hazırda müxtəlif səbəblərə görə 45 avtobus yol hərəkətindən kənarlaşdırılıb, müvəqqəti cərimə meydançasına aparılıb. Tədbirlər davam etdirilir. Təəssüflər olsun ki, sərnişinlər reyd keçirən əməkdaşlara maneələr törədir, yəni təzyiqlər, narazılıqlar və s. olur ki, bu da yolverilməzdr".

Qeyd edək ki, son günlər marşrut avtobuslarının iştirakı ilə baş verən yol qəzalarının sayı artıb.

/trend/


Müəllif: