28 Aprel 2014 13:22

Türkiyənin Van şəhərində 2014-cü il 24-25 aprel tarixdə - ermənilərin qondarma “soyqırımı” kimi qeyd etdikləri gündə - Türkiyə Tarix Qurumunun təşkilatçılığı ilə “Birinci dünya savaşında ermənilər” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.

Birinci dünya müharibəsi dövründə Qafqaz cəbhəsinin ən qaynar nöqtələrindən olmuş, erməni silahlıları tərəfindən işğal edilərək yerli müsəlman əhaliyə qarşı kütləvi qırğınlar törədilmiş Van şəhərində təşkil edilən simpoziumda Azərbaycan Milli Elmlər Akademiyası Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi də iştirak edib.

Alim “Birinci dünya savaşı illərində ermənilər tərəfindən İrəvan quberniyasının, Zəngəzurun və Qarabağın müsəlman əhalisinin soyqırımı. Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında” adlı məruzə ilə çıxış edib. O, 1918-ci ildə Azərbaycan ərazilərində törədilən kütləvi qırğınların 1914-cü ildən etibarən Türkiyədə gedən hərbi əməliyyatların və siyasi proseslərin bilavasitə davamı olaraq baş verdiyini tarixi faktlar və sənədlər əsasında diqqətə çatdırıb.

AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Telqraf.com-a verilən məlumata görə, məruzənin gedişində nümayiş etdirilən və 1918-ci ildə Bakı, Şamaxı, Göyçay, Cavad qəzalarında erməni vəhşilikləri əks olunan foto-sənədlər simpozium iştirakçılarında böyük təsir oyadıb.

Bu cinayətlərin cəbhə bölgələri olmayan Azərbaycan torpaqlarında törədilməsi Birinci dünya müharibəsi illərində ermənilərin türk-azərbaycanlı əhalini kütləvi surətdə məhv etməsinə və həmin ərazilərin nəzərdə tutulan “Böyük Ermənistan dövləti” üçün boşaldılmasına yönəlmiş təcavüzkar niyyətlərinin sübutu kimi qiymətləndirilib.

NİGAR


Müəllif: