20 Avqust 2014 13:52
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev avqustun 20-də DSMF-nin Ağsu rayon şöbəsinin inzibati binasında Ağsu, Ağdaş, Kürdəmir, Şamaxı və Qobustan rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

Fondun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.

Fondun məsul əməkdaşlarının, Ağsu, Ağdaş, Kürdəmir, Şamaxı və Qobustan rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 40-dək vətəndaşın müraciətlərinə baxılıb.

“Açıq qapı” şəraitində davam etdirilən görüşdə əvvəlcədən qəbula yazılanlardan əlavə olaraq gələn vətəndaşların da müraciətləri dinlənilib. Müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi isə məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub. Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və Elman Mehdiyev qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Naibə


Müəllif: