22 Avqust 2014 11:41

“KATV1” kabel televiziyası Bakı şəhərinin Yasamal rayonunda xidmət mərkəzini istifadəyə verib.

Şirkətdən Teleqraf.com-a verilən məlumata görə, yeni mərkəz “KATV1” kabel televiziyasının 9 ilik fəaliyyətinin ildönümü ilə bağlı həyata keçirilən tədbir planı çərçivəsində açılıb.

Yeni Yasamal yaşayış massivində yerləşən mərkəzdə “KATV1”-in fəaliyyəti barədə məlumat əldə etmək, kabel şəbəkəsinə və internet xidmətinə qoşulmaq üçün sifariş vermək mümkündür. Bundan başqa, ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə bağlı da yeni xidmət mərkəzinə müraciət etmək olar.

Mərkəzin açılışında “AG Telekom” (“KATV1” ticarət markasının sahibi) şirkətinin baş direktoru Samir Qurbanov şirkətin yaranma tarixindən danışaraq "KATV1" kabel televiziyasının dinamik inkişaf etdiyini, əhatə dairəsini gün-gündən genişləndiyini bildirib, şirkətin artıq regionlarda da fəaliyyət göstərdiyini qeyd edib.

Bildirilib ki, “KATV1” kabel televiziyasının rəqəmsal yayımın keyfiyyətinin yüksəldilməsi üzrə gördüyü tədbirlər Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi strategiyaya tam uyğundur. Cənubi Qafqazın aparıcı kabel televiziya operatoru olan “KATV1” davamlı olaraq öz şəbəkəsini genişləndirir və Bakı, Gəncə, Xırdalan, Mingəçevir şəhərlərində kabel texnologiyası vasitəsilə rəqəmsal yayımı təmin edir.

Bununla yanaşı “KATV1” Azərbaycanın dövlət strategiyasına uyğun olaraq internet xidmətləri şəbəkəsini də genişləndirməsi də qeyd olunub. Artıq “KATV1” abunəçiləri genişzolaqlı internetdən də istifadə edə bilərlər.

Qeyd edək ki, Yeni Yasamal filialı şirkətin sayca 16-cı xidmət mərkəzidir. Bu günə kimi, “KATV1” kabel televiziyasının Bakı Xırdalan, Gəncə və Mingəçevir şəhərlərində ümumilikdə 15 xidməti fəaliyyət göstərib.

Naibə


Müəllif:
Загрузка...