28 Aprel 2014 20:19
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Onların Azərbaycan vətəndaşı olmağa haqqı yoxdur”

Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından 94 il ötür. İşğal nəticəsində 23 ay fəaliyyət göstərmiş Cümhuriyyət devrilib, müstəqil dövlətin bütün atributları ləğv olunub və Azərbaycan ərazisi sovet imperiyasına birləşdirilib. Yalnız 1991-ci ildə Azərbaycan təkrar müstəqillik qazandıqdan sonra 27-28 aprel həqiqəti xalqa açıqlanıb və tarixdə öz həqiqi yerini alıb. O vaxtdan 28 aprel işğal, 28 may isə İstiqlal (Respublika) günü kimi qeyd olunur.

Lakin ölkəmizdə fəaliyyət göstərən Kommunist Partiyası bu günü işğal deyil, inqilab günü kimi qeyd edib. Partiya yaydığı rəsmi məlumatında bəyan edib: “AKP ölkədə sosialist inqilabının 94-cü ildönümü münasibətilə tədbir keçirib. Tədbirdə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, Sumqayıt Şəhər Komitəsinin birinci katibi Sabir Hüseynov “Azərbaycan Kommunist Partiyasının mübarizə yolu” mövzusunda məruzə edib. Məruzə ətrafında çıxışlar olub. Daha sonra AKP sədri Rauf Qurbanov başda olmaqla tədbir iştirakçıları Azərbaycanda Sosialist inqilabının banisi Nəriman Nərimanovun abidəsini ziyarət edərək heykəlin önünə tər gül dəstələri qoyub”.

Kommunistləri bu addımı tarixçi alim Nəsiman Yaqublunu hiddətləndirib. O teleqraf.com-a bildirdi ki, kommunistlərin bu günü inqilab kimi qeyd etməsi hələ də onların çoxunun tarixdə baş verən hadisələri düzgün dərk etməməyindən irəli gəlir: “İdeoloji cəhətdən yanlışlığa yol verirlər, üstəlik tarixi də öyrənmək istəmirlər. Əgər insanlar gedib 27 apreli inqilab kimi qeyd edirlərsə, onda sual vermək istəyirəm, onlar Azərbaycanın müstəqilliyini necə qiymətləndirirlər? Tariximizdəki Azərbaycan Xalq Cümhuriyyətini necə dəyərləndirirlər? Deməli, onlar üçün 28 May istiqlalının heç bir əhəmiyyəti yoxdur. Məntiqlə belə çıxır. Onlar üçün bu günün əhəmiyyəti yoxdursa, onda onların heç Azərbaycan vətəndaşı olmağa da haqqı yoxdur. Bir var hər hansı ideologiyanın daşıyıcısı olmaq, bir də var 1920-ci ildə Azərbaycanı işğal etmiş bir rejimi dəstəkləmək. Kommunist ideyası ayrı şeydir, işğal isə ayrı bir şeydir. Biz işğaldan danışırıq, həmin işğalı həyata keçirən bolşeviklər olub. Məqsəd də Rusiyanın hansısa formada burada nəzarətini bərpa etmək olub. Bu, işğaldır. İşğalı dəstəkləmək heç kəsə bağışlanası hal deyil”.

“Kommunistlər bizim Konstitusiyamızın əleyhinə gedirlər”

N.Yaqublunun sözlərinə görə, məhz 1920-ci ildə aprelin 27-də ərazi bütövlüyümüz şübhə altına alınıb və Azərbaycan işğal olunub: “1920-ci ilin aprelin 26-dan 27-nə keçən gecə XI Ordu hissələri Azərbaycan sərhədlərini pozaraq Xaçmaz-Yalama istiqamətindən ərazimizə daxil olub. Qanlı döyüşlər gedib, o dövrdə bizim əsas ordu hissələrimiz Qarabağda ermənilər qiyam qaldırdığından oraya cəlb edilmişdi. Amma burada qalan yüzlərlə digər hərbçilərimiz döyüşüb və qəhrəmancasına həlak olublar. Bəlkə kommunistlər onların da xatirəsini yad etsin. Bu mənada kommunistlərin belə hərəkəti bağışlanılmazdır. Sovet dövləti bizim üçün vətən olmayıb, bu, işğalçı rejim olub. Bu rejimdən də 1991-ci ilin oktyabr ayında qurtulmuşuq və müstəqil dövlətimizin olduğunu elan etmişik. Dövlət Konstitusiyamızda yazılıb ki, hazırki Azərbaycan dövləti 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir. Onda kommunistlər bizim Konstitusiyamızın əleyhinə gedirlər. Onlar buna görə cəzalandırılmalıdır. Ən azı bizim Konstitusiya hüquqlarımızı bilmədiklərinə və buna qarşı çıxış etdiklərinə görə ciddi şəkildə məsuliyyətə cəlb olunmalıdırlar”.

“Nərimonavdan kommunistliyi öyrənsinlər”

N.Yaqublu xatırladıb ki, Moskvada Züqanovun başçılıq etdiyi kommunistlər Lenini, burada isə Nəriman Nərimanovun abidəsini ziyarət edirlər: “Çünki buradakı kommunistlərin lideri N.Nərimanov olub. N.Nərimanov Azərbaycanın görkəmli şəxsiyyətlərindən biridir, onun xidmətlərini inkar etmirik, gözəl həkimdir, publisistdir, dramaturqdur. N.Nərimanov eyni zamanda pis siyasətçidir, yanlışlığa yol verib. Özü bolşevik rejiminin hansı əqidədə olduğunu və ona inanıb necə aldadıldığını oğlu Nəcəfə yazdığı məktubunda göstərir. Nəcəfə yazdığı tarixi məktubunda bolşevik rejiminin iyrəncliklərini, onun istismarçı mahiyyətdə olduğunu açıq göstərir. Ona görə də həmin kommunistlərə məsləhət görərdim ki, heç olmazsa gedib Nərimanovu dərindən oxusunlar və öyrənsinlər. Çünki Nərimanov boşeviklərin cinayətkarlığını görəndən sonra son vaxtlar bolşevizmdən uzaqlaşmağı öz qarşısına məqsəd qoymuşdu. Mənə elə gəlir ki, kommunistlərin Nərimanovun abidəsini ziyarət etməsi Kommunist partiyasında onun 1920-ci illərdə oynadığı önəmli rolla bağlıdır. Kommunistlərin diqqətinə çatdırmaq istəyirəm ki, bəs necə olur N.Nərimanovun özünə kommunistlərə rəhbərlik etməyə imkan vermirdilər? Çünki o, bir qədər millətçi mövqeyə yönələn kimi buradan uzaqlaşdırdılar. 1925-ci ildə də müəmmalı şəkildə ölümünə şərait yaratdılar. Kommunistlər yaddaşlarına bir qədər işıq salsınlar və heç olmazsa Nərimonavdan kommunistliyi öyrənsinlər”.

Nərgiz


Müəllif: