29 Aprel 2014 12:35
1 697

Ramananın baş həkimi: "27 min əhalisi olan qəsəbədə vərəm və onkoloji xəstələr çoxdur"

Bu günlərdə redaksiyamıza şikayətə bir qoca gəldi. Dedi ki, Bakının Ramana kəndində, 1-ci sahə deyilən yerdə yaşayır. Özü ilə bir butulka su da gətirmişdi. Şəffaf qabdakı lilli-qoxulu suyu göstərib dedi:

"Bu su bizim camaatı qırır. Bilmirik tərkibində nə var... İçilməyən suyu bizə içirir, yeyilməyən yeməyi yedirirlər. Yaxınlıqdakı fermaların toyuqlarına da bu sudan içirirlər, toyuqlar şişir, gözəgəlimli görünür, camaat da aldanıb alır, yeyib onlar da şişmanlaşır. Neftlə çirklənmiş torpaqda otlayan heyvanların südü, qatığı da xəstəlik mənbəyidir. 1-ci sahədə xəstəliklər baş alıb gedir".

Həmin kəndin təkcə su problemi olsaydı, dərd yarıydı, havası, yolu, kommunal xidmətləri də bərbaddır: "Mazutun qoxusu baş çatladır. Hətta bəzi evlər neft buruqları ilə burun-burunadır. Bəzi yerlərdə qaz, su xətləri yerin üstündə olduğundan tez-tez problem yaranır. Kəndin yolu yaman gündədir, uşaqlar məktəbə gedə bilmir, qışda palçıqdan, yayda toz-torpaqdan əhali zinhara gəlib, ona görə marşrut da işləmir. Gəlin, bizim kənddən yazın..."

Qışda palçıq dizə çıxır

Deyilən ünvana yollandıq. 204 saylı marşrutun sonuncu dayanacağında enib, 1-ci sahəni soraqladıq. Jurnalist olduğumuzu biləndə taksi sürücüsü sınıq-salxaq maşınını göstərib, "qazancımız "zapçast"a gedir, yolumuzdan yazacaqsınızsa, hara istəsəniz sürərəm" dedi. "Biz sizin çağırışınıza gəlmişik" cavabımız sürücünün dərdini tərpətdi.

Qocanın dediyi problemləri o da təsdiqlədi, çörəyi yoldan çıxdığı üçün ən çox yolsuzluqdan gileyləndi.
Kəndin girəcəyində çirkab sularla dolu mazut gölməçələri göz yaşardır. Toz-torpaqlı, kələ-kötür yola səpələnən məktəbli uşaqlarla danışdıq. Dedilər, qışda maşın olmayanda məktəbə gedə bilmirlər. Yağış yağan kimi palçıq dizə çıxır: "Ayağımıza sellofan bağlayıb dərsə gedirik, özümüzlə iki ayaqqabı götürürük. Çünki direktor deyir, sizi zığlı ayaqla necə sinfə buraxım?"

Bəzi valideynlər isə pul yığıb hər uşağa görə aya 30 manat ödəməli olur. "Ona da atam pul çatdıra bilmir" deyə uşaqlardan biri dilləndi.

"Öz evimizdə kirayənişinik..."

Sakinlər öncə danışmağa çəkindilər, sonra dərdləri açıldı. Yoldan, sudan, işıqpulu, supulunun çoxluğundan, Neft Şirkəti mühafizəçilərinin onlara qarşı kobud davranışından şikayətləndilər.
İzzət Ağayeva: "1992-ci ildən bura sakinlərə sərəncamla əkib-becərmək üçün verilib. Baxın burda, qızımgil ev tikdirir, evin üstünü örtməyə icazə vermirlər ki, bura Neft Şirkətinindir. Bəs necə olur, sağ tikir, sol tikir, bunlara icazə yoxdur?"

Bir qadın kənardan atmaca atdı: "Min manat verəndə, icazə almaq olur. Biz də eyni vəziyyətdəyik. Evi tikmişik, hasarını çəkməyə qoymurlar. Baxmırlar qadındır, yaşlıdır, uşaqdır, camaatı döyürlər. Burda vur-tut bir-iki evin sənədi var, qalanlar sənədsizdir. Öz evimizdə kirayənişin kimi yaşayırıq".

"İran yollarında qalmışıq"

İzzət Abbasova çaya dəvət elədi, bulanıq suyun çayından bir qurtum aldım. İzzət xanım sakinlərin xəstəliklərə tutulmasını suyun tərkibi ilə əlaqələndirdi. Dedi ki, əksəriyyətimiz bu gündəyik."

Su qəbzlərini göstərdi: "Bəzən elə olur, su yerinə qara palçıq gəlir. Amma bu palçıqlı suyun qiymətinə baxın: 16 manat. Bəzən aya 20-30 manat supulu ödəməli oluruq. İşıqpulu bundan da baha çıxır. Aya 60- 80 manat. Çünki qış aylarında gecə saat 10-dan sonra qaz kəsilir, ya da şam kimi verilir. Bizim kanalizasiyamız, zibilxanamız da yoxdur. Nə illah etdik, marşrut açmadılar. Hətta bu kəndə telefon xətti də çəkilmir. Neft Şirkəti icazə vermir".

Etiraz aksiyası ilə problem həll etmək hansı qaydalara sığır?

Sakinlərin sözlərinə görə, Yeni Ramana qəsəbəsində əsasən şuşalılardan ibarət olan köçkünlər üçün yeni su xətti çəkilib: "Onlar bir neçə dəfə etiraz aksiyası keçirdilər, su xəttini dəyişdilər, amma bizim adamların səsi çıxmır. Bir tərəfdən də, yalnız etirazdan sonra problemi həll eləmək hansı qayda-qanunda yazılıb? Kimsə yol kəsməlidir, özünü yandırmalıdır ki, onun problem yoluna qoyulsun?!"
Bəs görəsən, burda yaşayanların öz imkanları hesabına ruzi qazanmaq gücü varmı?

Cavabları belə oldu: "Yoxdur. Kənd sakinlərinin çoxu işsizdir. Köçkünlər üçün Şuşa şəhərciyi salınanda otlaq sahələri də yox oldu. Kəndlininki əkindi, maldarlıqdı. Öz təbii imkanı hesabına hər kəs işləyib özünü təmin edə bilər. Buna görə bizə şərait yaradılmalıdır. Yaşamaq üçün dövlətdən pul istəmirik. Dövlət bizə pul verməyə borclu deyil. Yediyimiz qida, içdiyimiz su, udduğumuz hava, üzərində gəzdiyimiz torpaq yaşayış təminatımızın tələblərini ödəməlidir. Biz dövlətdən buna görə dəstək istəyirik.

Canımız sağlam olsa, hər birimizin işləmək, özümüzü də, bu dövləti də ayaq üstə saxlamaq imkanımız olar. Amma xəstəliklər baş alıb gedirsə, hər kəs öz canının hayına qalacaq. Məgər insanın dəyəri neftdən bu qədər ucuzdur? Ekoloji cəhətdən bu buruqlar zərərlidirsə, o zaman bu neft yataqlarını niyə açırlar? Kompressor sexi evlə iç-içədir. Ya bu kənd ekoloji baxımdan yararlı bir əraziyə köçsün, ya da buruqlar bağlansın. Biz sanki ölümə məhkum edilmişik".

Qəbristanlıqda 40-50 yaşda ölənlərin sayı daha çoxdur

Sakinlər tövsiyə etdi ki, qəbristanlığa da baş çəkək: "Sayımız azalır, qəbirlər çoxalır".
Qəbirlərin nə sayı var, nə hesabı. Qəbristanlıqda 40-50 yaşda ölənlərin sayı isə daha çoxdur.
Kəndin ayağındakı 21 saylı birləşmiş şəhər xəstəxanasına da baş çəkdik. Niyə ölənlərin çoxu cavanlardı? Əhalinin xəstəliklərinin səbəbi nədir? Xəstəxananın baş həkimi Bəndad Pərvanə ilə görüşdük. Baş həkim öncə xəstəxana haqqında məlumat verdi. Dedi ki, bura əvvəllər məktəb, sonra uşaq sanatoriyası, sonra siflis xəstəliyi olan qadınlar üçün qapalı zöhrəvi xəstəxana olub. Xəstə qadınlar harasa köçürülüb, bina səhiyyə nazirinin əmri ilə yenidən təmir olunub: "Mən bura yeni təyin olunmuşam. Hazırda 30 çarpayılıq xəstəxananın 20 çarpayısı terapiya, 10-u isə nevrologiya üçün nəzərdə tutulub. Bura ancaq xroniki xəstələr gətirilir. İndi stasionarda 17 xəstə müalicə alır. Ramanın 27 mindən çox əhali var, bunların yarısı qeydiyyatsız olsa belə, yenə bizim xəstəxanaya müraciət edirlər".

"Əhalinin vəziyyəti hər şeyi deyir"

Baş həkimin sözlərinə görə, burdakı əhalinin xəstəliklərinin spesifik, ekoloji, sosioloji kökü var. Suyun tərkibindən həkim də şikayətləndi: "Mən bu sudan içmirəm. Əlimi yuyanda belə hiss olunur ki, bu su normal deyil, coddur. Suyu ya qaynadıb işlədirik, ya da mineral su alırıq. Özünüz də şahidi oldunuz ki, hər yanda neft buruqları var, havası belə olan yerdə suyun tərkibi necə olmalıdır?

Keyfiyyətsizliyi bir yana qalsın, bu kənddə suyun verilməsi məsələsi də normal deyil. Əhalinin vəziyyəti hər şeyi deyir. Onkoloji xəstəliklər, ağ ciyər, vərəm xəstələri çoxdur. Mədə-bağırsaq, ürək, bir sözlə, daxili xəstəliklərdən şikayətlər də az deyil. Əhali də özünə baxımsızdır".

Maliyyə ayrılsa, təyinatı üzrə xərclənəcəkmi?

Ramana qəsəbə icra nümayəndəsi Əlican Xəlilovla söhbət etdik. Əksər məmurlar kimi nikbin danışdı. Dedi ki, problemin əsas səbəbi ərazidə mərkəzləşmiş kanalizasiya sisteminin olmamasıdır. Bu sistemin layihəsi regionların inkişaf planı üzrə "Azərsu" tərəfindən hazırlanıb: "Biz də maraqlanmışıq, deyiblər hələ maliyyə ayrılmayıb. Birinci növbədə kanalizasiya sistemi çəkilməlidir ki, sonra yolların vəziyyəti düzəldilsin. Daha sonra isə küçə işıqları ilə yolların işıqlandırılması da nəzərdə tutulub".

Sakinlərlə söhbətimizdə isə onlar "camaatın normal yaşayışı üçün o qədər pullar ayrılır, hansı təyinatına görə xərclənir" deyə sual etdilər.

Bütün qəsəbə eyni sudan içir

İcra nümayəndəsi onu dedi ki, maliyyə ayrıldıqdan sonra Ramana qəsəbəsinə yeni su xətti də çəkiləcək: "Doğrudur, Şuşa şəhərciyinə də su xətti çəkilib. Amma suyun tərkibi dəyişməyib, eynidir. Ümumiyyətlə, bu qəsəbəyə su bir mənbədən gəlir. Tamamlama işləri başa çatdıqdan sonra su xətti Oğuz-Qəbələdən gətirilən mənbəyə qoşulmalıdır".

Neft Şirkətinə məxsus olan torpaq sahəsində tikintiyə qadağa, min manat verildikdən sonra qadağanın götürülməsi fikirlərinə gəlincə, Əlican Xəlilov əvvəlcə təsdiq, sonra isə təəssüf əlaməti ilə başını bulayıb: "Bu məsələ barədə heç nə deyə bilmərəm" dedi. Onu da əlavə etdi ki, 2010-cu ilə qədər bu ərazilər Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olub: "2010-cu ildən Hacıbala Abutalıbovun sərəncamı var ki, Ramana, Balaxanı, Sabunçu ərazisindən 383 hektar torpaq sahəsi Neft Şirkətinə qaytarılsın. Ona görə də Neft Şirkəti tikintiyə icazə vermir".

"Neftli torpaq sahəsindən əhali köçürüləcəkmi?" sualımıza isə Əlican Xəlilov çiyinlərini çəkdi.
Bələdiyyə sədri Əliseyran Babayevdən toyuq fermalarında yetişdirilən toyuqlar barədə soruşduq. Doğrudanmı, kommersantlar insanlara vurulan ziyan hesabına pul qazanırlar? Bələdiyyə sədri dedi ki, Ramana südçülük sovxozunda şəxsi toyuq fermaları fəaliyyət göstərir. Amma nə bu toyuqların, nə suyun, nə havanın keyfiyyəti barədə onlara rəsmi müraciət edən olub: "Bələdiyyənin bu işlərə qarışmağa ixtiyarı yoxdur. Gərək rəsmi müraciət etsinlər, biz də aidiyyəti qurumlara yönəldək".

Biz sosial cəhətdən əzab çəkən, xəstəliklərə məruz qalan kənd sakinlərinin taleyini önə çəkdik. Ekoloji vəziyyəti, xəstəxanası, qəbristanlığı və sakinlərin söylədikləri göstərdi ki, bu kənd öz taleyini yaşamır, ona tale biçilib.

Görəsən, bu kənddən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, "Azərsu" ASC-nin, "Azəriqaz"ın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Neft Şirkətinin, Səhiyyə Nazirliyinin və digər aidiyyəti qurumların xəbəri varmı?!

Sevil Hilalqızı


Müəllif: