29 Aprel 2014 13:00
677

Vüqar Bayramov: “Bulvardakı qiymətlər paytaxtın əksər əraziləri ilə müqayisədə 2 dəfə bahadır”

Dənizkənarı bulvarda xidmətlərin bahalığından şikayətlər tez-tez eşidilir. Bulvar mövsümünün açıq elan edilməsi, “Şeytan çarxı” adlandırılan attraksionunun fəaliyyətə başlaması və onun adına uyğun qiyməti bu şikayətləri yenidən gündəmə gətirib.

Orta aylıq əmək haqqının 10 faizi

Bu attraksion-panoramanın əksər ölkələrin milli parkında yer aldığını deyən iqtisadçı-ekspert Vüqar Bayramov ümumilikdə attraksionların kimi - sakinləri, yoxsa həmin avadanlıq sahiblərini sevindirdiyinin sual altında olduğunu bildirir:

“Problem sadə və bəlkə də qeyri-adi deyil - şeytan çarxında şeytani qiymətlər. Bu xidmətdən istifadə etmək üçün adambaşına 5 manat ödənilməsi lazım gəlir. Müqayisə etsək, 2 uşağa sahib ailə hər həftə sonu deyil, ayda cəmi 2 dəfə yalnız bu xidmətdən istifadə etsə, o zaman onlar 40 manatından keçməli olacaqlar. Bu isə o deməkdir ki, dənizkənarı bulvarda sadəcə bir xidmətdən istifadə edilməsi üçün minimum əmək haqqının 38, orta aylıq əmək haqqının isə 10 faizini xərcləmək lazımdır.

Azərbaycan qanunvericiliyində süni qiymətlər müəyyənləşən zaman malın və ya xidmətin satış qiyməti ilə onun maya dəyəri, yəni xərci arasında fərq nəzərə alınır. Süni qiymət təkcə aylarla zəhmət çəkib öz kənd təsərrüfatı məhsulunu yetişdirən fermerin bazarda onu 10 qəpik daha baha qiymətə satmaq istəməsi deyil".

Qiymətləri diqtə edən nədir?

Vüqar Bayramov deyir ki, süni qiymət problemi sadəcə attraksion-panorama ilə deyil, eyni zamanda, bulvarda təklif edilən digər xidmətlər ilə bağlıdır: “Məsələ ondadır ki, əsas xidmətlər üzrə qiymətlər süni və şişirdilmiş qiymətlər olduğundan onların aşağı salınması ilə mübarizənin aparılması və qiymətlərin tənzimlənməsinə ehtiyac var. Azərbaycan qanunvericiliyi ölkənin bütün ərazisində, o cümlədən, Dənizkənarı bulvarda süni qiymətləri qadağan edir. Bulvardakı qiymətlər müəyyənləşdirilən zaman hansı iqtisadi qanuna uyğunluqlara əsaslandığını demək çətindir. Bu qiymətlər nə bazar, nə də əhalinin ödəmə qabliyyətini diktə edir”.

Onun sözlərinə görə, Dənizkənarı bulvarda qiymətlərin süni şəkildə şişirdilməsi nəinki aztəminatlı vətəndaşların, hətta orta təbəqə nümayəndəsi olan ailələrin də bulvardan səmərəli istifadəsinə imkan yaratmır: “Bakı Dənizkənarı bulvarında qiymətlər Batumi bulvarı ilə müqayisədə 3.5, İstanbulun əsas parkı ilə müqayisədə 2 dəfə bahadır. Bir uşağın bulvardakı 5 uşaq əyləncə xidmətinin istifadə xərci ölkə üzrə minimum əmək haqqının 16 faizi qədərdir. Bulvardakı qiymətlər paytaxtın əksər əraziləri ilə müqayisədə ən azı 2 dəfə bahadır. Təbii ki, şəhərin mərkəzindəki bir neçə bahalı xidmət obyektləri, o cümlədən restoranlarla bulvardakı qiymətin müqayisəsi yolverilməzdir. Bulvar ölkənin əsas milli parkıdır və milli parkdakı xidmətlər yalnız varlılar üçün deyil, bütün vətəndaşlar üçün əlçatan olmalıdır”.

“Avropadakı qiymətlərdən də bahadır”

İqtisadçı alim bildirib ki, Bakı bulvarındakı qiymətlər nəinki qonşu ölkələr, hətta Avropanın əksər dövlətləri ilə də müqayisəyə gəlmir: “Minimum əmək haqqı 105, orta əmək haqqı 430 manat olan ölkədə 3 dəqiqəlik uşaq əyləncə xidmətlərinin 2-4 manat arasında dəyişməsinin heç bir iqtisadi izahatı yoxdur”.
Onun sözlərinə görə, bulvarda təklif edilən əsas xidmətlər maya dəyərindən bir neçə dəfə baha satılır: “Hətta şəhərin, demək olar ki, bütün ərazilərində standart qiymətə təklif edilən su və meyvə şirələri də süni qiymətlə təklif edilir. Bu ölkə qanunvericiliyinə zidd olduğu üçün bu qiymətlərə qarşı mübarizənin aparılmasına ehtiyac var. Bulvarda qiymətlərin tənzimlənməsi həyata keçirilməyincə, ölkə vətəndaşlarının əksəriyyətinin bulvardakı xidmətlərdən istifadə etməsi mümkün olmayacaq.

Milli Parkın formalaşdırılması fəlsəfəsinə uyğun olaraq, orada qiymətlərin tənzimlənməsinə və maya dəyəri ilə uzlaşmayan süni qiymətlərə qarşı mübarizə aparmaqla dənizkənarı bulvardakı xidmətlərin vətəndaşlar üçün əlçatan hala gətirilməsinə ehtiyac var".

Sevinc FƏDAİ


Müəllif: