29 Aprel 2014 18:15
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Əməkdaşlıq İnstitutu 2014-2015 illər üçün 2 illik geniş layihəyə start verib. İnstitutun prezidenti Fərrux Məmmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, layihənin başlıca məqsədi Azərbaycanda İnsan Haqları və Demokratiyanı bütün dünyaya duyurmaqdır: “Təşkilat tərəfindən Avropanın mərkəzi paytaxtlarının birində 44 ölkənin nümayəndələrinin iştirakı ilə Sammit keçiriləcək.

Bu sammitə dünyanın aparıcı simaları, siyasi xadimlər, dünyaca ən tanınmış İnsan haqları təşkilatları və Demokratiyaya Dəstək fondlarının rəhbərləri olacaqlar. İlk sammitdə dəvət olunacaq şəxslərin sayı 44 ölkədən 500 nəfər olacaq.

Bu layihənin köməkliyi ilə artıq dünya birliyi Azərbaycanda olan insan haqları durumu və demokratiyanı bundan sonra yaxından izləyə biləcəklər. Dünyanın aparıcı telekanallarına sammiti canlı yayımlamaq ixtiyarı artıq verilib”.

Fərrux Məmmədov gözlənilən sammitin yeri və zamanı haqqında suala belə cavab verdi: “Hələ ki, keçiriləcək sammitin yeri və zamanını təhlükəsizlik baxımından gizli saxlayırıq. Amma bu yaxınlarda sammitin geniş proqramını media ilə bölüşəcəyik. Konfransda olan məruzəçilər Cənubi Qafqaz üzrə insan haqları və demokratiya məsələlərində uzun müddət çalışan insanlardır.

Sammitə dəvət olunan şəxslər arasında Avropa ölkələri, Cənubi Qafqaz ölkələri: Azərbaycan və Gürcüstan, Qara dəniz hövzəsi ölkələri, ABŞ, Kanada və İslam Konfransı Təşkilatına aid olan dövlətlərin nümayəndələrinin adları artıq gözlənilən tədbirin proqramına daxil edilib. Sammitin proqramına məruzəçi qismində eyni zamanda Azərbaycandan İnsan Haqları üzrə şəxslər də dəvət olunub.

Sammitin bu il iki dəfə keçirilməsi planlaşdırılıb. Birincisi bu yaxınlarda, ikinci böyük sammitin isə sentyabr-oktyabr aylarında olacağı gözlənilir. Bu sammitin məqsədi Azərbaycanda mövcud insan haqları ilə dünyanı daha açıq şəkildə məlumatlandırmaqdır. Ona görə də təşkilatımız sözü gedən sammitdə son 1 ildə ölkədə İnsan haqları və demokratiya ilə bağlı baş verən prosesləri daha açıq nümayiş etdirəcək bir neçə video slaytın da iştirakçılara təqdim ediləcəyi nəzərdə tutulub. NATO Əməkdaşlıq İnstitutunun prezidenti olaraq, mən hesab edirəm ki, Azərbaycan öz həqiqətlərini dünyaya çatdırmaqdan və ictimaiyyətlə bölüşməkdən çəkinməməlidir”.

Bu Sammitdə qəbul olunan qətnamə və ya qərar Avropa Parlamentinə, ABS Konqresinə və Dövlət Departamentinə də göndəriləcək.


Müəllif: