14 Aprel 2014 18:16
2 088

1961-ci il aprelin 13-ünə keçən gecə saat 3-də ABŞ prezidentinin elm üzrə məsləhətçisi Cerom Uisneri qəfil telefon zəngi yuxudan oyadır. Dəstəyin digər tərəfindəki “Si-bi-es” telekompaniyasının müxbiri Cevid Kronkrayt ondan ABŞ-ın nüfuzu üçün həssas olan mövzu - Sovet kosmonavtı Yuri Qaqarinin uçuşu ilə bağlı rəy öyrənmək niyyətindədir. Yuxusuna haram qatılan Uisner əsəbi səslə bu sözləri deyərək telefonun dəstəyini tullayır: “Əgər sən axmaq bizdən nə isə eşitmək istəyirsənsə, buyur: Hamı indi yatır!”

Prezident Kennedinin məsləhətçisi artıq səhərisi gün verdiyi cavaba görə dərin peşmançılıq keçirir. Çünki, ABŞ-ın əksər qəzetləri bu başlıqla çıxmışdı: “Amerika hələ yuxuda olanda Sovetlər Yer orbitini fəth etdilər!”

***

4 il əvvəl - 1957-ci ilin 4 oktyabrında Sovet süni peyki Kosmosa göndəriləndən sonra ABŞ-da əmin idilər: indi növbə onlardadır və Kosmosa yol açan ilk insan da məhz amerikalı olacaq. İlk insanın uçuşa hazırlanması üçün xüsusi proqramın işlənməsinə başlanılmışdı. Amerikan mətbuatı bütün gücü ilə təbliğatla məşğul olaraq “M günü”ndə (planlaşdırılan uçuşun günü bu cür adlandırılırdı) məhz ABŞ vətəndaşının Kosmosa yollanacaq ilk insan olacağını yazırdı. “M günü” isə 1961-ci ilin 28 aprelinə təyin olunmuşdu. Bu müddətdə Sovet kosmonavtikasından qeyri-adi heç bir uğur gözləməyən amerikanlar yanıldı: Aprelin 12-də Sovet vətəndaşı Kosmosa qalxdı və sağ-salamat geriyə döndü.

Burada mühüm bir nüansı da qeyd etmək lazımdır: Əgər Yuri Qaqarin Yer orbitini tərk etmişdisə, ABŞ-ın proqramına görə, “Merkuri” kosmik kapsulunun orbital uçuşu yox, “Redstoun” raketi ilə stratosferin hüdudlarından yuxarıya qalxması və paraşütlər vasitəsilə Yerə qayıdışı nəzərdə tutulurdu. Yəni, amerikalıların planlaşdırdığı uçuş müasir anlamda heç də kosmik uçuş adlanmır. Bir sözlə, əgər Yuri Qaqarin onları qabaqlamasaydı belə, ABŞ astronavtı Yer orbitini tərk etməyərək geri dönəcəkdi. Yəni, istənilən halda bu, insanın Kosmosa uçuşu olmayacaqdı.

Oxşar ssenari əvvəllər SSRİ-də də nəzərdən keçirilmişdi. “Vostok” kosmik gəmisinin quraşdırılmasından əvvəl Sergey Korolyovun rəhbərlik etdiyi Xüsusi konstruktor bürosunda müzakirələr gedirdi: insanı birbaşa orbital uçuşa yollamalı, yoxsa onu raketlə stratosferə qaldırmalı və bu stratosferdə bir neçə dəqiqə qalandan sonra paraşütlə Yerə dönməlidir? İkinci variant Korolyovun səyləri nəticəsində perspektivsiz və kosmonavtikanın inkişafı üçün faydasız sayıldığından birbaşa insanı orbital uçuşa yollamaq qərarı qəbul olunur. Yəni, amerikanlar üçün maksimum sayılan proqramdan SSRİ-də imtina edərək daha inqilabi planı reallaşdırmağa başlayırlar.

***

SSRİ-nin ABŞ-ı qabaqlaması xəbəri bu ölkədə çox ağrılı qarşılanır.

ABŞ-ın vitse-prezidenti Lindon Conson öz gündəliyində yazır: “İndi səma mənə tamamilə yad kimi görünür. Başqa bir xalqın bizim böyük ölkəmizi öz texnoloji uğurları ilə ötüb keçməsinin mümkünlüyündən mən dərin şok yaşadım”. Antikommunist mövqeyi ilə seçilən senatorlardan biri olan Henri Cekson həmin günləri “Bədnamlıq və təhlükə həftəsi” adlandırır. Yaxud, NASA-nın kosmik uçuşlar şöbəsinin rəhbəri Con Yardli xatırlayır: “Yuri Qaqarin məni möhkəm qıcıqlandırdı”. ABŞ-ın aparıcı “Taym” jurnalı isə yazır: “Soyuq müharibənin teleskopundan baxdığımızda, Sovetlərin müvəffəqiyyəti yalnız kommunizmin qələbəsi və Amerika başda olmaqla azad dünyanın məğlubiyyəti kimi görünür”.

Yaxud, NBS telekanalının şərhçisi Tim Konnors “Amerikanın Kosmosun fəthindəki bu məğlubiyyəti sonuncu məğlubiyyət olmalıdır!” çağırışını edir. NASA-nın operativ qrupunun rəhbəri Karl Qilfur isə heyrətini gizlətmir: “Sovet İttifaqının da bizdəki kimi tədqiqatlarla məşğul olduğunu bilirdik, ancaq bizim kəşfiyyatımız onların uğurları barədə heç bir bilgiyə malik deyildi”.

Nyu-York vaxtı ilə gecə saat 2-də bütün informasiya agentliklərinin teletaypı bu xəbəri yayır: “SSRİ-də içərisində insan olan ilk kosmik gəmi uçuşa göndərilib. İlk kosmonavt - 27 yaşlı Sovet vətəndaşı Yuri Qaqarindir”. “Si-bi-es”-in müxbiri Sem Yeffri öz reportajını birbaşa teletayp vərəqlərindən oxuyurdu. Bir neçə dəqiqə sonra Sovet agentliyi TASS-ın Nyu-Yorkdakı şöbəsində amerikalı fotomüxbirlər peyda olur. Onlar mayor Yuri Qaqarinin fotosunu istəyirlər. Heç 1 saat keçmir ki, bütün Amerika Qaqarinin adını eşidir. Qəzetlər

təcili şəkildə onun bioqrafiyasını axtarırlar. Sanki onların arzularını yerinə yetirərək, SSRİ-nin ən məşhur diktoru Yuri Levitan TASS-ın rəsmi məlumatının ardıncaradio ilə Qaqarinin bioqrafiyasından məlumatları səsləndirir.

Hadisə barədə Ağ Evdə xəbər tuturlar, NASA rəhbərliyinə və astronavtlara bilgi səhər saat 4-də verilir. ABŞ-ın ilk astronavtı kimi uçuşa hazırlanan Alan Şepard üçün bu xəbər əsl sarsıntı olur. Sonralar o, həmin gecəni bu cür catırlayırdı:

“Gecənin bir yarısında telefon zəng çaldı. Zəng edən NASA-nın mühəndisi Çarlz Kollinqs idi:

- Komandir Şepardddır?.. Xəbəri eşitmisiz?

- Bəli, Şeparddır… Hansı xəbəri?

- Ruslar Kosmosa adam yollayıb!

- Ruslar nə edib? - qulaqlarıma inanmayaraq təkrar soruşdum.

- Onlar Yer orbitinə adam göndərib!

Telefonun dəstəyi əlimdən düşdü:

- Siz yəqin zarafat edirsiz, Çarlz?!.

- Mən heç vaxt bu cür zarafat etməzdim, komandir, -Kollinqs dilləndi. - Ruslar bunu etdilər. Onlar elə indicə orbitə adam çıxardılar!

Mən dəstəyi yerinə qoydum. Yalnız bir fikir başımda fırlanırdı: “Mən də birinci ola bilərdim!”

Alan Şepard radionu açıb dinləyir, sonra isə “Merkuri” kosmik gəmisinin komandasının digər üzvlərinə zəng edir. Hamı yenilikdən xəbərdar və bədbinlik içində idi. Kosmosda qələbəni Sovet xalqı qazanmışdı və bu faktla barışmaq çətin idi. Halbuki, son günlərə qədər hadisələrin inkişafı tamamilə fərqli sonluqda görünürdü.

Səhər NASA rəhbərliyi astronavtları tolayır: “Biz mətbuat üçün bəyanat verməliyik”. Astronavtlar bəyanatın mətninə onların adından SSRİ-ni təbrik etmək cümləsinin salınmasını da təklif edirlər, kapitan Con Qlenn səmimi olmağa çağırır: “Sovetlər bizi qabaqlayıb. Vəssalam, özümüzü aldatmamalıyıq”.

***

Prezidenta Con Kennedi üçün Yuri Qaqarinin uçuşu ikiqat zərbə idi. Bir həftədə 2 pis xəbər almışdı: ABŞ-ın maliyyələşdirdiyi və silahla təmin etdiyi əksinqilabçılar Kubanın Koçinos (“Donuzlar”) körfəzində biabırçı məğlubiyyətə düçar olmuşdular, indi isə SSRİ öz uğurları ilə Amerikanı autsayder vəziyyətinə salmışdı.

Mətbuat konfransında Con Kennedi söyləyir: “ABŞ SSRİ-nin müvəffəqiyyətləri ilə yarışa girməyəcək. Biz başqa sahələr tapacağıq ki, orada birinci olaq və bəşəriyyətə fayda verək”.

Bu, tamamilə yeni siyasət idi. 1960-cı ildə seçki kampaniyasında Con Kennedi seçicilərinə Amerikanın bütün istiqamətlərdə nüfuzunu artıracağı vədini vermişdi, o cümlədən, Kosmosda birinci olacaqlarını demişdi: “Kosmos - bizim yeni sərhədimizdir”. İndi isə gözlənilməz məğlubiyyət ondan doktrinada dəyişikliklər tələb edirdi.

Məsələ o yerə çatır ki, Vaşinqtonda bir çox ali məmurlar artıq təsdiqlənmiş Kosmik uçuşlar proqramını dayandırmağı və Kosmosa adam göndərməməyi təklif edir. Onların fikrincə, ikinci olmaq üçün vaxt, səy və pul sərf etməyə dəyməz. Artıq adını çəkdiyimiz Cerom Uisner isə baş elmi məsləhətçi kimi Kennediyə Kosmosu SSRİ-yə güzəştə getməyi və “Merkuri” proqramını dayandıran sənəd imzalamağı təklif edir. Onun fikrincə, əgər “Merkuri” proqramı uğursuz olsa, insanlar tələf olacaq və bütün məsuliyyət prezidentin üzərinə düşəcək.

Con Kennedi bu cür sənədi imzalamır. O, vitse-prezident Lindon Consonu yanına çağıraraq Milli Kosmos Komitəsinə sədr, tanınmış hüquqşünas Ceyms Uebbi isə NASA-ya yeni rəhbər təyin edir. Onların qarşısında yeni məsələ qoyulur: Kosmik tədqiqatlar sahəsində SSRİ-yə çatmaq və onu ötüb keçmək! Bu, əslində amerikanların “Ay proqramı”nın ilk addımları idi.

***

Yuri Qaqarinin uçuşunu ideoloji savaş arqumentinə çevirərək ABŞ-ın məğlubluğunu gizlətməyə çalışanlar da az deyildi və onlar yalanlar, şayiələr yaymaqla məşğuldular. Məsələn, “Assoşieyted Press”in müxbiri Deyv

Çakkerr Moskvadan xəbər verir: “SSRİ-nin ilk kosmik uçuşla bağlı məlumatı kommunistlərə xas sirrlə əhatə olunub. Moskvada çalışan bir çox müşahidəçilər bu hadisənin həqiqətən baş verdiyinə şübhə ilə yanaşırlar...”

Başqa tip yalanlar da vardı. Məsələn, həmin agentliyin radioşərhçisi Frenk Edvar “ABŞ kəşfiyyatındakı mötəbər mənbələr”ə istinadən, SSRİ-nin Kosmosa adam göndərərkən “insan itkiləri”ndən danışır və hətta “həlak olan 5 bəxtsiz kosmonavt”ın adlarını da çəkir: Pyotr Dolqov, Aleksey Belokonev, İvan Kaçura, Aleksandr Qraçov və Gennadi Mixaylov.

Bu siyahıdan paraşüt idmanı üzrə dünya rekordçusu Pyotr Dolqov Qaqarinin uçuşundan 1,5 il sonra - 1962-ci ilin 1 noyabrında stratosferdən (25458 metr yüksəklikdən!) paraşütlə tullanarkən həlak olacaqdı (Yeri gəlmişkən, ötən il bütün dünyaya stratosferdən paraşütlə tullanan Feliks Baumqarteni pioner kimi təbliğ etdilər, halbuki, bu sahədə SSRİ ABŞ-ı düz 51 il qabaqlayıb. O vaxt 2 paraşütçüdən Pyotr Dolqov həlak olub, digəri - Yevgeni Andreyev isə 2000-ci ildə vəfat edir - Red.). O ki qaldı digər 4 nəfərə, onlar texniki mütəxəssislərdir və heç vaxt Kosmosa uçmayıblar.

Bu cür yalançılara layiqli cavab ingilis alimi, “Cordrell Benk” radiorəsədxanasının direktoru Berhard Louelldən gəlir. O, TASS-a bildirir: “Bu tip skepsis - paxıllığın doğma qardaşıdır. Məlumdur ki, SSRİ bəzən heç nəyi, yaxud bəzi detalları açıqlamırlar, ancaq onlar heç vaxt heç nəyi falsifikasiya etmirlər”.

***

“Vostok”un 108 dəqiqəlik uçuşu ABŞ-ı şoka saldı və onun nüfuzuna güclü zərbə vurdu. Ancaq etiraf olunmalıdır ki, amerikanlar özlərinə tez gəldilər və kosmik proqramlarını inkişaf etdirmək üçün özlərində bacarıq və təpər tapdılar.

Elə həmin vaxtlarda Con Kennedinin bir “qanadlı kəlməsi” çox populyarlaşdı: “Biz Kosmosu Sovetlərə məktəb partasının arxasında uduzduq...”

Məmməd Süleymanov


Müəllif: