1 May 2014 10:24
5 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxud iyirmi üç yaşlı müstəqil dövlətimiz beynəlxalq münasibətlər sisteminin vacib aktoruna necə çevrildi?

XX əsr Azərbaycan klassiklərindən, dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi (1879-1920) 1908-ci ilin dekabrın 1-də "İttifaq" qəzetinin birinci sayında çap etdirdiyi "Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar" adlı şeirində ürək ağrısı ilə yazırdı: "İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalər içində". Böyük intibah şairimiz, Vətən fədaimiz sağ olsaydı, indi yəqin belə yazardı: "Var millətimin imzası imzalar içində".

Yəqin ki, bu fikri söyləyərkən kimsə bizi havadan söz götürməkdə, gəlişigözəl cümlə qurmaqda, yaxud pafosa varmaqda ittiham etməz. Çünki fikirlərimiz ən azı ciddi faktoloji əsaslara söykənir. XX əsrdə ikinci dəfə öz istiqlaliyyətini əldə edən Azərbaycan Respublikasının müasir beynəlxalq münasibətlər sistemində aktiv oyunçulardan biri olduğu bu gün bütün dünyada qəbul edilir. Etibarlı tərəfdaş olan və beynəlxalq münasibətlərə beynəlxalq hüququn prinsipləri çərçivəsində yanaşan Azərbaycan xoşməramlı, tarazlı siyasətinə görə dünya dövlətlərinin rəğbət və etimadını qazanıb. Bu rəğbət və etimad özünü 2011-ci ilin oktyabrın 24-də aydın şəkildə nümayiş etdirdi. Həmin gün BMT Baş Assambleyası çərçivəsində BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Azərbaycan BMT-nin 155 üzv dövlətinin dəstəyini qazanaraq Şərqi Avropa qrupundan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Çoxtərəfli diplomatiyamızın tərkib hissəsi kimi Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Şurası, ATƏT, Avropa Şurası, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi universal və regional beynəlxalq təşkilatların üzvü olaraq bu təşkilatlar çərçivəsində də fəal iş aparır. Etiraf etmək lazımdır ki, bir çox hallarda məhz Azərbaycanın təklifləri bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində başlıca rol oynayır. Yəqin ki, heç kim ölkəmizin son illərdə beynəlxalq tədbirlərin mühüm mərkəzlərindən birinə çevrilməsi fikrinə də şübhə ilə yanaşmaz.

Üç mühüm şərt. Hansılardır?

Politologiya sahəsində geniş tədqiqatların müəllifi, siyasi elmlər namizədi, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bizimlə söhbətində bu məsələnin hazırda dünyanın bütün ölkələrini maraqlandırdığını, hər bir ölkənin beynəlxalq aləmdə layiqli yer tutmağa çalışdığını bildirib. O, əvvəlcə beynəlxalq münasibətlər sistemində layiqli yer tutmağın nəzəri aspektlərinə, başqa sözlə desək, şərtlərinə aydınlıq gətirib. Qeyd edib ki, beynəlxalq münasibətlər sistemində layiqli yer tutmağın üç başlıca şərti var: "Artıq əsrlərlə formalaşmış müəyyən şərtlər var və həmin şərtlərə cavab verdikdə ölkə beynəlxalq münasibətlər sistemində nüfuzlu ölkələrdən biri sayıla bilər. Bunlardan birincisi müstəqil daxili və xarici siyasətdir. Özünün maraqlarını prinsipial şəkildə qorumaqdır. Bütün çətinliklərdən ilk növbədə öz ölkəsinin marağı baxımından çıxmaqdır. İkinci və mən deyərdim ki, birinci qədər vacib şərt artıq oturuşmuş beynəlxalq hüquq normalarına və sivil qaydalara riayət edilməsidir. Dövlət iqtisadi cəhətcə güclü ola bilər. Ancaq əgər həmin dövlət beynəlxalq ictimaiyyətin rəyini nəzərə almırsa, hələ də orta əsrlər təfəkkürü ilə fəaliyyət göstərirsə, o, beynəlxalq aləmdə nüfuzlu sayıla bilməz. Bu baxımdan müasir beynəlxalq münasibətlər sistemində sivil, nüfuzlu ölkə statusunu mütləq beynəlxalq hüquq normalarına, birgəyaşayış və inkişaf qaydalarına riayət edən ölkələr qazanır. Üçüncü vacib şərt dövlətin apardığı siyasət nəticəsində güclü iqtisadiyyata malik olmaqdır. Təbii sərvətlərə malik olan ölkələr düzgün siyasət yürütdükdə, əlbəttə, bu nəticəyə bir qədər tez çatırlar. Ancaq təbii sərvətləri olmayan ölkələr ilk növbədə xidmət sahələri, dünya bazarına müasir məhsul çıxaracaq istehsal sahələri yaratmaqla, həmçinin, ölkənin geosiyasi vəziyyətindən istifadə etməklə özünün iqtisadiyyatını gücləndirə bilər. Müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmağın digər şərtləri isə əlbəttə, modern təhsil və səhiyyə sistemi, insanların sosial vəziyyətinin yüksək olması, insan hüquq və azadlıqlarının qorunması və sairdir. Yəni, bu gün BMT üzvü olan 193 müstəqil dövlətdən ilk növbədə yalnız bu prinsiplərə, bu şərtlərə əməl edənlər özlərinə layiqli yer tuta biliblər".

MDB-də birinci, dünyada 39-cu...

A.Mirzəzadə deyib ki, Azərbaycan bu prinsipləri vaxtında, düzgün qavrayıb və buna uyğun olaraq özünün müstəqil dövlətçiliyini qura bilib. Müsahibimiz qeyd edib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycan müasir dövlət və beynəlxalq aləmdə öz yerini tutmaq yoluna yüz illərdən sonra - yalnız 1991-ci ildə qədəm qoyub:

"Yəni, həmin dövlətlərin yüz illər ərzində əldə etdikləri nəticəyə Azərbaycan qısa bir zamanda çatmalı, eyni zamanda həmin dövlətlərin inkişaf tempi ilə getməli idi. 1993-cü ildə milli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başlayan bu kurs Azərbaycana sözün əsl mənasında böyük uğurlar gətirə bilib. Davos Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə tədqiqatın aparıldığı 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb və öz mövqeyimizi möhkəmləndirməkdə davam edirik. Halbuki, cəmi 6 il əvvəl biz tədqiqatın aparıldığı 134 ölkə arasında 69-cu yerdəydik. Onu da qeyd edim ki, Azərbaycan iqtisadiyyatı forumun son hesabatında da rəqabət qabiliyyəti indeksinə əsasən MDB ölkələri arasında birinci yerini saxlayıb. Azərbaycan bu gün kredit alan ölkədən donor ölkəyə çevrilib. Ölkəmiz bu gün özünün açıq cəmiyyəti, demokratik ab-havası ilə dünyada nüfuzu olan ölkələrdəndir. Azərbaycanın nüfuzu özünü 2011-ci ildə onun beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində ən böyük universal təşkilat olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsində göstərdi. Ölkəmizin iki il ərzində göstərdiyi fəaliyyət, ümumiyyətlə, yürüdülən daxili və xarici siyasət bu nüfuzun qorunub saxlanılmasını şərtləndirir. Azərbaycan üzvü olduğu beynəlxalq təşkilatların səsi eşidilən, mövqeyinə hörmət edilən üzvlərindən sayılır. Həmin təşkilatların siyasi xəttinin formalaşmasında Azərbaycan da yaxından iştirak edir. Azərbaycan keçid dövrünü qısa zamanda uğurla keçən ölkələrdəndir və bu təcrübə hazırda digər ölkələr tərəfindən - hansı ki, onillərdir keçid dövründədirlər - öyrənilməkdədir. Azərbaycan bu gün regionun - Cənubi Qafqazın lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatının 82-83-faizi Azərbaycanın payına düşür. Azərbaycan nəinki regionun, mən deyərdim regionun yerləşdiyi böyük bir arealın aparıcı dövlətlərindən biridir. Bu gün beynəlxalq aləmdə Azərbaycanın mövqeyinə əhəmiyyət verilir, Azərbaycanla məsləhətləşməyə ehtiyac duyulur. Azərbaycan bu gün bir çox regional layihələrin təşəbbüskarı və uğurlu icraçısı, sivil birgəyaşayış qaydalarının həm qoruyucularından, həm də tənzimləyicilərindən biridir. Bu baxımdan Azərbaycan təcrübəsi təkcə postsovet məkanı üçün deyil, ümumilikdə bütün dünya üçün yaxşı bir nümunədir".

"Yeni dünya düzəni"nin vacib aktoru

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirli bildirib ki, müasir beynəlxalq münasibətlər sistemi sayca V beynəlxalq münasibətlər sistemidir və buna bəzən "Yeni dünya düzəni" deyilir. Onun sözlərinə görə, bu, SSRİ dağıldıqdan sonra formalaşmış beynəlxalq münasibətlər sistemidir: "Əvvəllər təkqütblü sistem mövcud idi. Yəni, ABŞ beynəlxalq münasibətlər sistemində lider rolunu oynayırdı. İndi isə beynəlxalq münasibətlər sistemi getdikcə daha çox çoxqütblü sistemə çevrilməyə başlayır. Azərbaycan bu beynəlxalq münasibətlər sisteminin təkcə subyekti və obyekti deyil, həm də onun vacib aktoruna çevrilib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında rotasiya qaydasına əsasən sədrlik etməsi bunu bir daha təsdiqləyir".
E.Nəsirli qeyd edib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolundan danışarkən bir amilə də diqqət yetirmək gərəkdir: "Dövlətlərarası münasibətlərdə əsas məsələ maraqların təminatı məsələsidir. Bu baxımdan Azərbaycanın dünya, Avropa üçün ən mühüm əhəmiyyəti, onun beynəlxalq münasibətlər sistemində rolunu müəyyənləşdirən cəhət ilk növbədə onun yerləşdiyi coğrafi məkanla, ölkəmizin geostrateji əhəmiyyəti ilə bağlıdır. Yəni, Rusiya və İranla qonşu olması, Xəzərin sahilində, Qara dənizin qonşuluğunda, Avropa ilə Asiyanın kəsişməsində, Tarixi İpək Yolunun üzərində yerləşməsi Azərbaycanın geostrateji əhəmiyyətini artıran ciddi faktorlardır. Eyni zamanda ən mühüm məsələlərdən biri də Azərbaycanın geniş enerji potensialına malik olmasıdır. Bundan əlavə, Azərbaycanın müstəqil, çevik və balanslı xarici siyasət həyata keçirməsini vurğulamaq lazımdır. Sonuncu məqam beynəlxalq münasibətlər sistemində Azərbaycanın yerini və rolunu kifayət qədər gücləndirən amilə çevirib. Məsələn, Azərbaycan 2011-ci ilin mayında dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilat olan Qoşulmamaq Hərəkatının üzvü oldu. Çoxları bunu anlaya bilmədi və düşündülər ki, bu üzvlüyə nə ehtiyac var. Onlar öz fikirlərini bununla əsaslandırırdılar ki, Azərbaycanın belə bir addım atması nəticə etibarilə bizim NATO-ya inteqrasiyamıza, ölkəmizdə xarici hərbi bazanın yerləşdirilməsinə mane olacaq. Amma üstündən cəmi 5 ay keçdikdən sonra, yəni 2011-ci ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasına keçirilən səsvermə zamanı Qoşulmamaq Hərəkatının üzvü olan bütün dövlətlər bizə dəstək verdilər. Yəni, Azərbaycanın çevik, düşünülmüş siyasəti nəticə etibarilə bizim beynəlxalq mövqelərimizi möhkəmləndirib, ölkəmizi etibarlı tərəfdaşa çevirib".

Bakı - regionun "diplomatik paytaxtı"

Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri, siyasi icmalçı Aydın Ağayev isə deyib ki, gənc, müstəqil dövlət olan Azərbaycan özünün milli maraqlarını əsas götürən siyasət həyata keçirmək üçün çox böyük imtahanlardan keçə-keçə gəlib. Onun sözlərinə görə, Azərbaycan çox ziddiyyətli, həssas, böyük güclərin marağı olduğu bir bölgədə yerləşən dövlət kimi elə siyasət formalaşdırıb həyata keçirir ki, bütün bu ziddiyyətlərə, çətinliklərə baxmayaraq ölkənin milli mənafeyi ziyan görməsin.

Müsahibimiz Azərbaycanın, xüsusilə paytaxt Bakının son illərdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin ölkənin beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu əhəmiyyətli dərəcədə artırdığını vurğulayıb: "Çevik çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və ev sahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionun "diplomatik paytaxtı"na çevrilməkdədir. Eyni zamanda qeyd etmək lazımdır ki, daxili sabitliyə, yüksək inkişaf göstəricilərinə malik olan və artıq özünü dünyada etibarlı tərəfdaş kimi təsdiq etmiş Azərbaycanla əməkdaşlığın inkişafında digər dövlətlər də maraqlıdırlar. Mən əminəm ki, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda uğurlu xarici siyasəti qarşıdakı illərdə də davam etdiriləcək".

Yazı Azərbaycan Mətbuat Şurasının "Azərbaycan beynəlxalq münasibətlər sistemində" mövzusundakı müsabiqəsinə təqdim edilir.

Səxavət Həmid


Müəllif: