1 May 2014 10:50
629

Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi hər il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdiriləcək.

Azərbaycan Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, "Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi" təsdiq edilib.

Qərara əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslərə (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə dövlət büdcəsi hesabına ay ərzində hər dəfə 1 saat 20 dəqiqə olmaqla 8 dəfə yemək hazırlanmasına kömək etmək (o cümlədən, diyetik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması, hər dəfə 30 dəqiqə olmaqla 4 dəfə zəruri ərzaq, sənaye və məişət mallarının alınması, 1 saat olmaqla 4 dəfə mənzillərin yığışdırılması və təmizlənməsi, hər dəfə 1 saat 30 dəqiqə olmaqla 4 dəfə yataq və geyim əşyalarının yuyulması, ütülənməsi, 1 dəfə mənzil pulunun və digər kommunal xərclərin ödənilməsinin təşkil edilməsi təmin olunacaq. Ay ərzində zəruri hallarda evə həkim çağırılacaq, dərman alınacaq, sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstəriləcək.

Azərbaycanda baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmamış uşaqların depressiya vəziyyətindən çıxarılması üçün dövlət tərəfindən sosial-psixoloji xidmətlər göstəriləcək.

Bu sənədə əsasən, baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmamış uşaqların depressiya vəziyyətindən çıxarılması, onun yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi üçün sosial-psixoloji xidmətlər göstəriləcək. Bununla yanaşı, uşağın emosional vəziyyətinə və davranışına nəzarət edilməsi üçün xidmətlər həyata keçiriləcək.

Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan şəxslər üçün evdə bir neçə səyyar xidmət həyata keçiriləcək. Həmin xidmətlər yemək hazırlanmasına kömək etmək, özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması, mənzillərin yığışdırılması, evə həkimin çağırılması, dərmanların alınması və s.-dir. Bu xidmətlər 3 aylıqdır.

Sağlamlıq imkanları məhdud uşaqlara hərtərəfli qabaqlayıcı-inkişafedici yardım göstəriləcək və onların valideynlərinə (qanuni nümayəndələrinə) psixoloji-pedaqoji dəstək veriləcək.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, insan alveri qurbanları, məişət zorakılığından əziyyət çəkənlər üçün də bir sıra xidmətlər göstəriləcək.

SEVİNC


Müəllif: